"Ermənistanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qəbulu indiyə qədərki ənənəvi üzvlük məsələri ilə müqayisədə çox uzun çəkdi. Azərbaycan hökümətinin Boqotaya ezam olunan nümayəndəsi Şahmar Mövsümövla birlikdə beynəlxalq idarə heyətinin üzvləri arasında apardığımız işin nəticəsi olaraq demək olar ki, çıxış edənlərin hamısı Ermənistanın işğal etdiyi ərazilərdə hasilatla bağlı məlumatları onların açıqlayacağı MSŞT hesabatlarına daxil etməsinin əleyhinə oldular".
Teleqraf.com xəbər verir ki, bunu hazırda Mədən sənayesində şəffaflıq təşəbbüsü (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında iştirak edən Qubad İbadoğlu öz feysbuk səhifəsində yazıb.
Q.İbadoğlunun sözlərinə görə, yekunda bununla bağlı MSŞT sədri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlama verəcəyini bildirdi: "Beləliklə də Ermənistan MSŞT-nin 52-ci üzv dövləti oldu, amma o şərtlə ki, dərc edəcəkləri MSŞT hesabatlarına işğal altında olan Qarabağ ərazisindəki hasilat məlumatlarını daxil etməyəcək".
MSŞT üzrə beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında Tacikistan, Solomon Adaları və Qırğızıstanın bu təşəbbüsdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Azərbaycanla bağlı isə uzun müzakirələrdən sonra konsensus alınmadığından müzakirələr bu gün davam etdiriləcək.