10 Mart 2017 16:44
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onu tələbəlik illərindən tanıyırdım. Səmimi, dostluğa-yoldaşlığa sadiq, qayğıkeş, istedadlı və mərd. Artıq haqq dünyasında olan Fariz Vəliyev yaddaşımda məhz belə qalıb. Deməzdim ki, o vaxtdan sonra tez-tez görüşürdük. Bir zamanlar ümumiyyətlə yollarımız kəsişmədi. Amma elə adamlar var ki, özlərinin müsbət auraları ilə onları görməyimizdən bizi hansı müddətin ayırmasına baxmayaraq hər zaman arzulanandırlar, hər zaman parlaqdırlar. Onlarla yalnız bircə təmas yetərlidir ki, xatirələr canlansın, keçmiş kino lenti kimi gözlərinin önünə gəlsin. Fariz də məhz belə dostlardan idi və belə dostların sayı azaldıqca ömür ağacından hər yarpağın necə ahəstə şəkildə yerə düşdüyünü hiss edirsən”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşova məxsusdur.

Ə.Amaşov qeyd edib ki, Fariz Vəliyev iti zəkasını, hadisə və proseslərə yanaşma tərzini yazılarında bacarıqla əks etdirib: “Mövqe” və “Futbol+qol” qəzetlərində çalışdığı illərdə müxtəlif mövzularda söhbətlərimiz olub. Bu söhbətlər zamanı hiss etmişəm ki, tələbəlik illərindən tanıdığım adam inanılmaz dərəcədə kamilləşib, püxtələşib. Bu xüsusiyyətlərinə görə hər zaman qəbul edilib. Ümumən istedadı, səmimiyyəti, işgüzarlığı və qayğıkeşliyi ilə işlədiyi bütün yerlərdə kollektivin hörmətini qazanıb. O, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Fariz Vəliyevin yoxluğu mənim üçün böyük üzüntü və sarsıntıdır. Əminəm ki, onu tanıyanların hər biri bu acı hissi yaşayır. Təəssüf ki, bu hissi yaşamaqdan başqa əlacımız da yoxdur. Farizin doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!”

Qeyd edək ki, “Mövqe” qəzetinin şöbə müdiri, jurnalist F.Vəliyev 1955-ci ildə Gədəbəy rayonunda anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra Əfqanıstanda hərbi tərcüməçi işləyib. Qarabağ müharibəsi başlayanda o da bir çox Vətən oğulları kimi cəbhəyə yollanıb. F.Vəliyev martın 4-də yaşadığı evdə dünyasını dəyişib. O, uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər