Novruz bayramı ərəfəsində, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə olaraq təbii qazın verilib.
SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov çıxışında məcburi köçkünlərin sosial problemlərin həll edilməsinin dövlətin sosial siyasətinin prioritetlərindən olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını qeyd edib, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrasından danışıb, bildirib ki, münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlərin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması görülən işlərin səmərəliliyini yüksəldir.
Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində son illər qazanılmış nailiyyətlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını şəxsən nəzarətdə saxladığını söyləyən R. Abdullayev ölkə ərazisinin 92%-dən çoxunun qazlaşdırıldığını söyləyib, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.