10 İyul 2014 18:52
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İŞİD-in silahlı dəstələri İordaniyada Amerika mütəxəssisləri tərəfindən hazırlanıb”

“İraqda baş verənlərin arxasında hakimiyyət və sərvət davası dayanır. Bunun başqa bir izahı yoxdur. Mən hesab edirəm ki, İraq Şam İslam Dövləti adlı qurumun arxasında Qərb dayanır. Çünki dünyada terror təşkilatlarının arxasında hər zaman böyük dövlətlər durub. Rusiya da, Böyük Britaniya da, Amerika da terror təşkilatlarının arxasında durub. İkincisi, sizə deyim ki, İraq Şam İslam Dövləti adlı qurumun silahlı dəstələri İordaniyada Amerika mütəxəssisləri tərəfindən Suriya hökumətini yıxmaq məqsədilə Bəşər Əsədə qarşı hazırlanırdı. Amma bu silahlı dəstələri Suriyaya deyil, İraqa göndərdilər. Gördüyünüz kimi, onlar İraqda böyük əraziləri tuta biliblər. Biz nəzərə almalıyıq ki, İraq çox zəngin dövlətdir, sərvətləri həddən artıq çoxdur, ən əsası burada keyfiyyətli neft var. Məqsəd bu sərvəti və torpağı ələ keçirməkdir. Həm də baş verənlər xalq hərəkatının müsəlmansayağı təkrarıdır”.

Teleqraf.com-un xəbərinə görə, bunu politoloq Zərdüşt Əlizadə İraqda yaşanan prosesləri, İraq Şam İslam Dövlətinin fəaliyyətini şərh edərkən deyib.

Politoloq fikrini davam etdirərək bildirib ki, çoxlarının düşündüyü kimi İraqa ABŞ tam olaraq nəzarət etmir: “ Mən hesab etmirəm ki, İraq tam olaraq Amerikanın nəzarətindədir. Hazırda İraqda hakimiyyətdə şiələrdir və onlar İranla daha yaxındırlar. Amerikaya düşmən deyillər, amma İranla çox sıx əməkdaşlıq edirlər. Həm də Amerikanın İraqı işğal etməsindən sonra İranın bölgədəki nüfuzu qat-qat artıb. Bu, danılmaz faktdır. Hesab edirəm ki, İranın nüfuzunun bu dərəcədə artması Amerikanın İraq əməliyyatının, bu ölkəni işğal etməsinin məntiqi nəticəsidir”.

Əlizadə hesab edir ki, İraq Şam İslam Dövləti adlı qurumun bu şəkildə vəhşiliklər törətməsinin iki səbəbi var: “Fikrimcə, bunun iki səbəbi var. Birincisi, Qərb istəyir ki, müsəlmanlar dünyada vəhşi kimi görünsün. İkincisi, bu silahlı qruplaşmada olan insanlar həqiqətən vəhşidirlər”.

Cavidan


Müəllif: