Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi və Nardaran Bilik Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri Aysel Əkbərzadə və Cəmilə Kərimova Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda maarifləndirici söhbətlər aparıblar.
Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə erkən nigahların həm sosial, həm mənəvi, həm də insan sağlamlığı baxımından ziyanlı təsirlərinə dair geniş müzakirə açılıb.
İSİM-in əməkdaşı bildirib ki, yeniyetmə yaşında ailə quran insan həyatın ritmini pozmuş olur. Orta məktəbi bitirmək, ali məktəbə qəbul olmaq, mütəxəssis kimi yeişmək, bilik və bacarıqları cəmiyyətin inkişafı istiqamətində yönəltmək şüurlu canlının strateji hədəfi olmalıdır. Erkən nigahlar bu hədəfə çatmaqda ən böyük maneədir.
Uşaq evliliyinin ağır fəsadlar törətdiyinə müxtəlif həyati misallarla aydınlıq gətirən A.Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında ətraflı məlumat verib. O, bildirib ki erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına gətirib çıxarır. Dünya görüşü 18 yaşından sonra formalaşmağa başlayr. İnsanda bu yaşa qədər ailə haqqında təsəvvürlər ya olmur, ya yanlış ştrixlərlə əhatələnir. Belədə ailənin idarə olunmasında ciddi səhvlər yaşanır. Son dövrlər artan intihar hadisələri, qadınlara qarşı şiddət hallarının böyük əksəriyyəti məhz müqəddəs ailə prinsiplərinin dağılmasının nəticəsidir.
İSİM-in mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışıb. Onun sözlərinə görə, son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb. C.Kərimova qeyd edib ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Mütəxəssis yeniyetmə orqanizminin davamlı inkişafda olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğulayıb.
Bundan başqa, natiq erkən ailə quran yeniyetmələrin təhsil almasının da böyük sual altında qaldığına diqqət yönəldib: “Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır. Çünki onlar özləri də hələ uşaqdırlar”.
Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verilib.
İnteraktiv formada keçirilən tədbirin sonunda mövzu ilə əlaqədar slayd nümayiş olunub, iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.
Nardaran Bilik Evində keçirilən tədbir Bilik Fondu və İSİM arasında 22 iyun 2016-cı il tarixində imzalanmış Əməkdaşlıq Sazişinə əsasən keçirilib.