24 Mart 2017 18:39
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə minlərlə yerli və xarici turist Novruz bayramını Qəbələdə qeyd edib. Bütün hotellərdə yerlər dolu olduğu üçün gələn qonaqlar kirayə götürülən müasir kənd evlərində də gecələməli olublar. Rayonda musiqili-əyləncəli bayram tədbirlərinin təşkili turistləri daha çox cəlb edib.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov deyib.

O bildirib ki, Qəbələ rayonu gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, paytaxta yaxın olduğuna və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici hesab edilir: "Ölkəmizdə Novruz bayramı ilə əlaqədar doqquzgünlük tətil fürsətindən istifadə edən turistlər istirahət üçün Qəbələyə üz tutublar. Kanatla dağ gəzintisi, atla meşələrdə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşib.

Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” hotellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb.

Anar Məhərrəmov bildirib ki, Qəbələ rayonunda hotel və restoran xidmətlərinə görə qiymətlər ötən illə müqayisədə xeyli aşağı salınıb ki, bu da müştərilərin ürəyincədir. Keçən il rayondakı “Karvan” hotelində ikinəfərlik ən ucuz nömrə 50 manat idisə, bu ildən həmin otaqlar müştərilərə 40-35 manata təklif edilir. Beşulduzlu otellərdə də qiymətlərə 10-15 faiz endirim edilib. Təbiət qoynunda dincəlməyə üstünlük verən turistlər Qəbələdə əsasən Nohur gölü və “Yeddi Gözəl” şəlaləsini çox sevdiklərini deyirlər.

Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahət etməyə üstünlük verirlər. Bir gün üçün ötən il 40 manat, bu il isə 30-20 manat ödəməklə kirayə götürülən kənd evlərində dördnəfərlik bir ailə rahat şəkildə qalıb istirahət edə bilir. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur.

Turistlər rayonda istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.

Bayram günləri ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar həyata keçiriblər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri hotellərdə yerləşiblər. Sonra turizm şirkətinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi Gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış ediblər.

Turistlər gündə 3 dəfə yeməklə təmin olunub və mənzərəli yerlərdə xatirə şəkli çəkdirmək imkanı əldə ediblər.

Mərkəzin direktoru Anar Məhərrəmov qeyd edib ki, bayram tətili günlərində rayona 11 minə yaxın turist gəlib ki, bu da ötənilkindən 3 dəfə çoxdur. Qəbələyə gələn turistlərin 4500-dən çoxu xarici vətəndaşlardır. Xarici turistlərin əksəriyyəti Turkiyə, İran, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Gürcüstan, Rusiya və Ukraynadan olub. Yerli turistlər isə Bakı, Gəncə və digər şəhərlərdən gəliblər.

Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi (Azərtac).


Müəllif:

Oxşar xəbərlər