27 Mart 2017 12:37
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda BMT kitabxanası fəaliyyət göstərir və həmin kitabxana ölkənin aparıcı ali təhsil müəssisələrindən birində - Qərb Universitetində yerləşir.

Bu barədə Teleqraf.com-a universitetin mətbuat xidmətindən məlumat verilib.


Məlumatda deyilir ki, universitet kitabxana fondunu daim zənginləşdirmək istiqamətində ardıcıl işlər aparır. 2016-cı ildə qurulmuş BMT kitabxanasının beynəlxalq təşkilatlara məxsus müxtəlif nəşrlərlə zənginləşdirilməsi prosesi ötən dövr ərzində davam etdirilib.

Təhsil müəssisəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla da Qərb Universiteti ölkəmizdən sözügedən kitabxana proqramına daxil edilmiş ilk və yeganə ali təhsil ocağı olub.

Bundan başqa, BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyası, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Əhali Fondu, həmçinin Ümumdünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının birgə beynəlxalq orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin Katiblikləri öz nəşrlərinin Qərb Universitetinin kitabxanasına töhfə olunması barədə müsbət qərar qəbul ediblər və bu təşkilatlardan da ədəbiyyatlar kitabxana fonduna ardıcıl şəkildə daxil olur.

Eyni zamanda, universitet Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Depozitariya Kitabxanası Proqramına qoşulub. Sözügedən proqram çərçivəsində ildə iki dəfə ÜƏMT Katibliyi tərəfindən Qərb Universitetinə müxtəlif nəşrlər təqdim olunur.


Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası da oxucuların ixtiyarındadır. Kitabxana paralel olaraq BMT-nin Uşaq Fondu, ÜTT Ümumdünya Ticarət Təşkilatı, İqlim Dəyişiklikləri üzrə Hökümətlərarası Ekspertlər Qrupu, Asiya İnkişaf Bankı, Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı kimi qurumlarla da sıx əməkdaşlıq şəraitində işləyir, onların ədəbiyyatlarını qəbul edir.

Kitabxana fondunda 1000-ə yaxın kitab toplanıb. Kitablar müxtəlif istiqamətləri əhatə edir, onların arasında dərs vəsaitləri ilə yanaşı nadir məlumat topluları da var.

Kitabxanada Azərbaycan dilinə tərcümə olunmuş kitablarla yanaşı, bir neçə xarici dildə olan ədəbiyyatların elektron variantından da istifadə etmək mümkündür.

Kitabxana fondu elmi tədqiqat aparan magistr, doktorant və dissertantlar üçün olduqca əhəmiyyətlidir. Burada elmin müxtəlif istiqamətlərinə dair ən son yenilikləri özündə əks etdirən ədəbiyyatlar toplanıb.

Kitabxana fondu yalnız Qərb Universitetinin tələbələri üçün deyil, ölkənin istənilən təhsil müəssisəsində təhsil alan tələbə və magistrlar, eləcə də elmi tədqiqatçılar üçün açıqdır.

Xatırladaq ki, Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi Qulam İshaqzai Qərb Universitetində yaradılmış BMT Depozitariya Kitabxanasını ziyarət edib.

Fondun siyahısı ilə bu linkdə tanış olmaq olar: http://wu.edu.az//uploads/files/UN_Library_final.PDF.


Müəllif:

Oxşar xəbərlər