Avropa regionunda hər iki vərəmli xəstədən biri yetkin şəxsdir.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova deyib.
Onun sözlərinə görə, Avropa regionunda 323 min nəfər vərəmə yoluxub və 32 min insan ölüb. Vərəmə yoluxan 323 min nəfərdən 190 mini kişi (58%), 25 mini uşaq (8%), 111 mini (34%) isə qadın olub.
C.Süleymanova bildirib ki, dünyada vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfərə görə 40%-dən 36%-ə enib. Dərmanlara həssas vərəm xəstələrinin uğurlu müalicə göstəricisi 72%-dən 76%-ə, çoxsaylı dərmanlara davamlı (ÇDD) vərəmin aşkarlanma göstərici 30-dan 63%-dək, ÇDD vərəm müalicə əhatəsi 63%-dən 96%-dək, ÇDD vərəm xəsətlərin uğurlu müalicə göstəricisi 48%-dən 51%-dək yüksəlib.
2015-ci ildə dərmanlara davamlı xəstələr arasında müalicə göstəriciləri 2011-ci illə müqayisədə davamlı olaraq 49%-dən 51%-dək artıb: "Buna baxmayaraq nəticə 75%-dən aşağıdır. Dünyada 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarının sayı 8,3% azalıb. Əgər cari tendensiya davam edərsə, 2018-ci ilə qədər məqsəd kimi müəyyən edilmiş hər 100 nəfərə 2,7 faiz ölüm göstəricisinə nail olmaq olar. Dünyada yeni vərəm hallarnın sayı 4,7% azalıb. Bu tendensiya davam edərsə, yeni vərəm hallarının sayı 29,2%-dən 24%-ə enə bilər".