İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlərin keçirilməsini planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu tədbirlər çərçivəsində Azərbaycanda da bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilib. Həmin təlimlərin müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində həyata keçirilməsi nəzərdə tutur.
Təlimlərin ilk mərhələsi çərçivəsində Bakıda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Mənim sevimli dayəm” adlı tədris layihəsi həyata keçirilib.
Layihənin əsas məqsədləri dayə peşəsi üzrə işləmək istəyən qadınlara peşəkar təlimçilər tərəfindən müvafiq təlimlərin verilməsi və sertifikatlaşdırılması olmuşdur.
Qeyd edək ki, bu mövzuda təlimlər Bakıda ilk dəfə olaraq keçirilir. Fevral-mart ayları ərzində davam edən 24 saatlıq təlim sessiyası ərzində iştirakçılar “Dayənin etik davranış qaydaları və iş öhdəlikləri”, “Uşaq hüquqları və uşaqların təhlükəsizliyi”, “Uşağa qulluq – yaşa görə uşaqların qidalanması, geyimi , gigiyenası”, “İlk tibbi yardım bacarıqları”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlara yanaşma qaydaları”, “Dayələrin hüquq və vəzifələri, ailə-dayə münasibətlərinin hüquqi tənzimlənməsi” kimi müxtəlif mövzularda təlim və müzakirərələrdə iştirak etmişlər. Təlimlər Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin ayırdığı həkim və psixoloqlar tərədindən keçirilib.
Yaxın gələcəkdə qadınlar üçün peşəkar aşbazlıq, xalçaçılıq və s. ixtisaslar üzrə təlimlərin də təşkili planlaşdırılır.
Cavad