28 Mart 2017 15:15
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Abşeron rayonunun Digah qəsəbəsindən şəhər istiqamətinə ancaq bir marşrut – 147 saylı avtobus işləyir”.

Teleqraf.com xəbər verir ki, bu sözlər Abşeron rayonunun Digah qəsəbəsinin sakinlərindən birinin Musavat.com-a göndərdiyi məktubdandır.

Qəsəbə sakini məktubunda şəhərə gələn avtobusların sayının az olmasının böyük təhlükəyə səbəb olacağını qeyd edib: “Avtobuslar xəttə çox az sayda buraxıldığı üçün sərnişinlər hər gün əziyyət çəkir. Səhərlər bu avtobusda getmək əsl cəhənnəmdir. Sərnişin sıxlığı nəticəsində avtobusda yaranan basabasdan əlavə, xəttə buraxılan marşrutların köhnə olması, bəlkə də istismar müddətini ötməsi, üstəlik sürücülərinin qeyri-peşəkarlığı sərnişinlərin həyatı üçün böyük təhlükə yaradır”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, artıq məsələ Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb: “147 saylı marşrutla bərabər bir sıra Bakıətrafı hərəkət xətləri var ki, onlarda bu problem təəssüf ki, qalmaqda davam edir. Səbəb nəqliyyat vasitələrinin çatışmazlığı və ya mövcud vasitələrinin texniki vəziyyətinin yarasız olmasıdır.

Hazırda Bakı Nəqliyyat Agentliyi bu istiqamətlə daşıyıcılar ilə iş aparır. Biz başa düşürük ki, daşıyıcıların yeni nəqliyyat vasitəsi almağa imkanları çatmır, amma istifadələrində olan nəqliyyat vasitələrini əsaslı təmir edə bilərlər.

Digər bir məqam nəqliyyat vasitəsinin sayının az olmasıdır. Bu məsələ ilə də bağlı iş aparılacaq ki, əlavə nəqliyyat vasitəsi xəttə buraxılsın”.

Mais Ağayev qeyd edib ki, Bakıətraflı kənd və qəsəbələrdən şəhər istiqamətinə gələn avtobuslar müəyyən saatlarda sərnişin axını olur: “147 saylı marşrut daxil olmaqla, Bakıətraflı kənd və qəsəbələrdən şəhər istiqamətinə gələn avtobuslar ancaq günün pik saatında sərnişin axınında uyğunsuzluq olur. Digər saatlarda vəziyyət normaldır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər