Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. Onun sözlərinə görə, iki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl soyqırım və təcavüz siyasəti aparılır. Ermənilərin ölkəmizə qarşı mənəvi, ideoloji tərəfdən basqınları bu günədək davam edir: “Məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdi. Bu fərman uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqladı, xalqın yaddaşını təzələdi, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytardı. Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırılmasının əsasını qoymuş oldu”.
Komitə sədri çıxışında 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.
Mübariz Qurbanlı qeyd edib ki, 31 Mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yetişməkdə olan nəslə çatdırılmalıdır. Komitə sədri Dövlət Komitəsinin əməkdaşlarına həyata keçirilən maarifləndirmə tədbirlərində tarixi faktların əhalimizə, xüsusilə gənclərə çatdırılmasına xüsusi önəm vermələrini tövsiyə edib.
Nərgiz