31 Mart 2017 13:11
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Anar müəllim, gələn il 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün yüz illiyi tamam olur. Azərbaycan tarixçiləri müstəqillikdən üzü bəri bu faciə haqqında yetəri qədər tədqiqat işi aparıblarmı?
– Kifayət qədər əsərlər, monoqrafiyalar yazılıb, doktorluq dissertasiyaları müdafiə olunub, arxiv sənədləri dövriyyəyə cəlb olunub. Xeyli arxiv sənədləri kənardan gətirilib. Ən əsası isə 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə – yəni Azərbaycan XI rus ordusu tərəfindən işğal edilənə qədər mövcud olmuş, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət materialları nəşr olunub.

Yəni, bu, çox böyük uğurdur. Əslində, 1918-20-ci illərdə nə baş verdiyi hamıya məlumdur. Amma bunun qəbul olunmaması siyasətdir. Tarix odur ki, 1918-ci ilin martın sonlarında Bakıda, aprel-may aylarında Qubada, Şamaxıda, Qərbi Azərbaycanda, Güney Azərbaycanda on minlərlə azərbaycanlı qətlə yetirilib. Bu, tarixdir, bu faktdır. Bununla bağlı bir daha qeyd etmək istəyirəm ki, kifayət qədər əsərlər yazılıb. Amma tarixdə heç bir hadisədə nöqtə qoyulmur. Yəni, təbii ki, bundan sonra da yazılacaq və hələ də ayrı-ayrı arxiv sənədləri var. 70 il ərzində sovet dönəmində istifadəsi yasaq olan sənədlərdən bu gün çox rahatlıqla istifadə olunur. Həmin sənədlərdə soyqırımla bağlı yazılanlar hər bir Azərbaycan oxucusuna çatdırıla bilir. Bununla bağlı heç bir maneə yoxdur.

– Soyqırımı faktının yalnız Türkiyə və Azərbaycanda xatırlanmaması, yüz illiyi ərəfəsində dünyanın bir sıra ölkələrində, xüsusən iri dövlətlərdə tanınması üçün hansı işlər görülüb və hansı işlər görülməlidir?
– Əslində, Birinci dünya müharibəsində təkcə müharibə yox, müharibə ilə bağlı hansı faciələr, hansı soyqırımlar varsa, onlar dünyanın böyük dövlətlərinə məlumdur. Çünki həmin sənədlərin ən dəqiqi, ən etibarlısı onların arxivində yatır. Amma təbii ki, bu gün dünyada baş verən hadisələrə münasibət haqq-ədalət üzərində qurulmayıb, maraqlar üzərində qurulub. Həmin maraqlardan biri “erməni soyqırımı” ilə bağlıdır. Hamı bilir ki, 1915-ci ilin aprelin 24-də heç nə olmayıb. Amma maraqları təmin etmək üçün bu gün “erməni soyqırımı”nı qəbul etmək tələb olunur. Təbii ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı təkcə iki dövlətin deyil, digər dövlətlərin də tanıması, xatırlaması üçün Azərbaycan dövlətinin kifayət qədər planları var. Bundan biz tarixçilər də xəbərdarıq. Əlimizdən nə gəlirsə, onu da etməliyik. Həm də bu təkcə tarixçilərin, yaxud dövlət başçısının üzərinə düşən yük deyil. Bu, bütün Azərbaycan xalqının üzərinə düşən məsuliyyətdir. Çünki 1918-ci ildə qırılan, soyqırımına məruz qalan insanların bizim üzərimizdə çox böyük haqqı var. Bu haqq nədən ibarətdir? Biz 80-ci illərin sonlarında da tarixi torpaqlarımızı saxlaya bilmədik. Bu gün onun 20 faizi işğal altındadır. Demək, bu torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şəhidlərin ruhunun şad edilməsidir. Ona görə də bütün Azərbaycan xalqı vahid güc şəklində bu istiqamətdə fəaliyyət göstərməli və istəyinə çatmalıdır. Təbii ki, Azərbaycanlıların Soyqırımının 100 illiyinin qeyd olunması ilə bağlı da müəyyən istiqamətlərdə planlar var. Hər bir ali məktəbin, hər bir müəssisənin, o cümlədən Azərbaycan tarixçilərinin görəcəyi işlər məlumdur və bu istiqamətdə işlər davam etdirilir. Ancaq təbii ki, bütün işləri bir ilə, yaxud 5 ilə başa çatdırmaq qurtarmaq olmur. 70 il ərzində yasaq edilmiş tarix bu gün yenidən yazılırsa, əlbəttə, ona kifayət qədər vaxt lazımdır. Eyni zamanda soyqırımının dünyada tanınması istiqamətində işlər gedir. Amma buna da zaman, vaxt lazımdır.

– Dünyanın hansı aparıcı dövlətlərinin arxivlərində 31 mart soyqırımı ilə bağlı obyektiv mənbələr var və onlar tam olaraq ictimaiyyətə çatdırılıbmı?
– Arxiv mənbələri ilə bağlı bir məqamı qeyd etmək istəyirəm. Arxiv mənbələri hər zaman obyektivdir. Amma o mənbəyə münasibətin necə olması əsasdır. Təbii ki, bütün mənbələr bizim xeyrimizə deyil. Bizim xeyrimizə olmayanlar da var. Amma mənbələrin böyük əksəriyyəti azərbaycanlılara qarşı soyqırımının həyata keçirildiyini təsdiq edir. Uzağa getmək lazım deyil. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət materialları qədər etibarlı materiallar heç yerdə ola bilməz. Yəni, bu sənədlər bu gün, dünən yazılmayıb. Bu sənədlər az qala yüz il əvvəl yazılan sənədlərdir. Həm də Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə baxın. Orada rus da, azərbaycanlı da, alman da var. Yəni, o vaxt Azərbaycanda kimlər bu komissiyanın üzvü olublarsa, həmin sənədlərin altına imza atıblar. Onların çox əziyyəti hesabına 36 cildlik sənədlər hazırlanıb. Eyni zamanda o zaman Bakıda, Azərbaycanın ayrı-ayrı bölgələrində olan qeyri-azərbaycanlılar sonradan xaricə gedərkən xatirələrini yazıb, yaxud sənədlər aparıblar. Həmin sənədlərin də müəyyən hissələri Azərbaycana gətirilib və gətirilir. Bu istiqamətdə də işlər gedir.

Bundan əlavə, xarici tarixçilər, məsələn mərhum Avstriya tarixçisi Erix Fayql bu istiqamətdə böyük işlər görmüşdü. Amerika tarixçisi Castin Makkarti ilə Azərbaycan tarixçilərinin çox gözəl münasibətləri var. Türkiyə tarixçilərini isə demirəm. Ona görə ki, onlarla bağlı olan işlər daha çoxdur. Firuz Kazımzadə azərbaycanlı olsa da, Amerikada doğulmuş, orada yaşayan tarixçidir, xeyli yaşı var. İki il bundan əvvəl Azərbaycana gəlmişdi. Mən onun çoxlu sənədlər gətirdiyini gördüm. Bütün bunlar xaricdə 1918-ci il soyqırımları ilə bağlı mənbələrin çoxluğunu göstərir. Bir ay öncə – fevralın 15-də itirdiyimiz Amerika tarixçisi Tadeuş Sventoxovskinin bu sahə ilə bağlı tədqiqatları, dövriyyəyə cəlb etdikləri arxiv sənədləri həqiqətən unikal və Azərbaycan tarixi üçün önəmli sənədlərdir. Bu istiqamətdə də işlər gedir. Amma hər birimizin onu da başa düşdüyünə əminəm ki, dünyada nə qədər bizi istəyən, doğru yazmaq, ədalətli olmaq istəyən tarixçiləri öz yanımıza çəkmək bizim borcumuzdur. Çünki onlar böyük gücdür və biz o güclərədn istifadə etməliyik.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər