Bakıda mal və qoyun əti müxtəlif yerlərdə müxtəlif qiymətlərə təklif olunur.
“Azadlıq prospekti” metrosu yaxınlığındakı ət dükanının vitrininə vurulmuş qiymət diqqətimizi cəlb etdi. Ətin qiyməti 8 manat 50 qəpikdi. Satıcı ilə dialoqumuzu təqdim edirik:
-Salam, ət neçəyədir?
-Vitirində gördüyünüz kimi 8 manat 50 qəpiyədir. Təmiz dana ətidir.
-Çox yerdə ətin kilosu 10-11 manatadı. Sizdə niyə belə ucuzdur?..
-Çünki öz fermamızdan gətirik.
-Fermanız harada yerləşir?
-Beyləqanda. Oradan heyvanları səhər gətiririk Ramanaya, kəsib mağazalarımıza paylayırıq.
-Məhsullarınız laboratoriyadan keçir?
-Bəli. Bütün qanun-qaydalara əməl edirik. Baxın, bu da sertifkatımız və icazə sənədimiz...
Qeyd edək ki, hazırda ət bazarında qiymətlər 7-12 manat arasında dəyişir. Ucuz ətin şorbası olmaz deyiblər. Bu mənada paytaxtın müxtəlif nöqtələrində satılan ətin qiymətində 4-5 manatlıq fərq alıcılarda keyfiyyətlə bağlı şübhələr yaradır.
Məsələyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin münasibətini öyrəndik. O, bildirdi ki, hansı obyektdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qeydiyyatı varsa, orada bütün müayinə və tədbirlər aparılıb: “Ola bilər, yaşlı heyvandı deyə qiyməti ucuzdu. Amma baytarlıqdan kağızı varsa, həmin ət sağlam heyvana məxsusdur. O ki qaldı ətin qiymətinə, biz qiymətlərə nəzarət etmirik”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ətin qiymətlərindəki fərqi azad bazar iqtisadiyyatı ilə əlaqələndirdi: “İstənilən adamın öz malını, məhsulunu istədiyi qiymətə satmaq ixtiyarı var. Əlbəttə, qiymətlərdə kəskin fərq olanda alıcılarda şübhə yarada bilər. Amma o demək deyil ki, ucuz mal keyfiyyətsizdir. Biz istəyirik ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsınlar. Misal üçün, 10 gün bundan əvvəl 3-cü mikrorayondakı bazarda televiziya ilə reyd keçirdik. Satışda 4 manata ət vardı. Məlum oldu ki, bu, heyvanların başının ətidir. Yəni belə də ola bilər.
Hər halda qiymət istehlakçıya informasiya verən amillərdən biridir. İstehlakçılardan bizə hər gün 3-4 telefon zəngi gəlir. Təəssüf ki, dövlət orqanları bəzən problemə ciddi yanaşmırlar. Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın İnkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev müsahibələrinin birində deyib ki, eşşək əti zərərli deyil. Bu münasibət anormal haldır. Sanki eşşək, at ətini əhaliyə yedirtmək istəyirlər. Azərbaycan üçün bu cür ətlər ənənəvi deyil. Mütləq satışına qadağa qoyulmalıdır”.
ŞƏFİQƏ