Ötən günlərdə Azərbaycan telekanallarından birində Göyçayın Bığır kəndində ilanların evə hücum etməsi ilə balı süjet efirə gedib. Əhmədovlar ailəsinin üzvləri evin içərisinə soxulan ilanlardan 4-ünü öldürüblər. Digər ilanları isə zərərləşdirmək mümkün olmayıb. İlanların uzunluğu təxminən 1-1,5 metrə çatır.
Hələ aprel ayının əvvəli olmasına baxmayaraq, artıq ilan hücümlarının başlanmasına AMEA Zoologiya İnstitutunun əməkdaşı Sahib Əhmədov münasibət bildirib.
Teleqraf.com-a açıqlama verən Sahib Əhmədov deyir ki, ilanlar artıq bir aydan çoxdur aktivləşib: “Bəzən qarda da peydə olurlar. Onlar soyuqqanlıdır. Tempratur çox aşağı olanda sust vəziyyətə düşürlər, amma tempratur 15-20 dərəcəyə qalxanda yuvalarından çıxırlar. Azərbaycanda təxminən 30 növ ilandan 22-si zəhərsizdir. İnsanlar ehtiyatlı olmalıdırlar. Atalar demiş, ilanın ağına da lənət, qarasına da. Hətta Bakıda, elə bizim institutun razisindən 8 növ ilan tutmuşuq: zeytun təlxə, gürzə, yatağan, su ilanı... ”
Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov son zamanlar ilan sancmaları ilə bağlı müraciətin olub-olmaması barədə suala cavab olaraq deyib ki, hələ mövsüm başlamayıb: "Amma üç gün əvvəl Bakıdan 35 yaşında kişi gürzədən zəhərlənmə diaqnuzu ilə şöbəmizə daxil olub. Hazırda vəziyyəti orta-ağırdır. Başqa müraciət edən yoxdur”.
ŞƏFİQƏ