5 Aprel 2017 14:55
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çalışmaq lazımdır ki, bu manyaklıq adiləşməsin, ailələşməsin”

Gəncədə Həsən Səfərov adlı şəxsin 3 uşağını və ailəsini ataraq, 2 uşaq anası olan qardaşı qızı Günel Səfərovanı qaçırması gündəmin əsas müzakirə mövzusudur. Məsələ ilə bağlı müxtəlif yanaşmalar var.

Şair Aqşin Yenisey bu cür hadisələrin tarixi, dini, əxlaqi və hüquqi tərəflərinin müzakirəsinin tərəfdarıdır.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, qardaş-bacı, əmioğlu-əmiqızı evliliyi dini kökdən gəlir: “Adəm və Həvvanın oğulları Habil və Qabil özlərindən sonra doğulan əkiz bacılarına nişanlanmışdılar. Sonra bu nikah tarixi əhəmiyyət daşıdı, yəhudilər qan qarışmasın deyə kişiləri sünnət edir (yəhudi qadın yad kişini tanısın deyə) və yaxın qohumlarla evlənirdilər. O zamanlarda bu məsələnin milli-ictimai əhəmiyyəti vardı. Amma indi bir mollanın bu cür evliliyə nikah kəsməsi və bunu dini səbəblərlə əlaqələndirməsi, bir cahilliyə başqa bir cahiliyin qahmar çıxması, gerizəkalılığın önünü açmasıdır”.

Aqşin Yeniseyin fikrincə, din və dindar məhz bu məqamlarda cəmiyyəti düz yola yönəltməlidir: “Peyğəmbər də çoxarvadlı olub, indi onu əsas götürüb kiminsə hərəmxana saxlamasına haqq qazandırmaq nə dərəcədə doğru əməldir? Qaldı ki, bu cür hadisələrə, belə anormallıqlar dünyanın hər yerində olur və olacaq. İnkişaf etmiş Qərb ölkələrində də bəzən qızı ilə yatan atalar, bacısı ilə gizli eşq yaşayan qardaşlar, arvadını başqa kişilərlə görüşdürən ərləri ifşa edirlər, ancaq orada bu hadisələrə daha çox tibbi yöndən yanaşırlar, psixoloji problem kimi baxırlar. Məncə, bizdə də əminin qardaş qızını alması əxlaqi, dini yox, psixoloji problemdir. Çalışmaq lazımdır ki, bu manyaklıq adiləşməsin, ailələşməsin. Adiləşsə, ailələşsə, din onlara arxa çıxacaq, çünki bunun üçün dinin əlində ilahi baza var. Xəstəlik dinə çevriləndə isə cəmiyyətin nə hala düşdüyünü görürük”.

Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Həsən Səfərovun həyat yoldaşı Həmidə Səfərovanın iddiasına görə, onunla dini nikaha da daxil olub.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər