Aprel döyüşləri erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil.
Bu fikri Azərtac-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
Yaqub Mahmudov bildirib ki, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. Ötən il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək.
Deputat qeyd edib ki, valideynlər aprel döyüşlərində şəhid olmuş övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən “Vətən sağ olsun!” dedilər. Şəhidlər öz qanları ilə Azərbaycan xalqını birləşdirdilər. Bu, çox qürurvericidir. Bu qələbədə Azərbaycan elminin də öz rolu var. Biz Azərbaycan tarixçiləri Prezident İlham Əliyevin əsgərləriyik.
Y.Mahmudov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının, dövlətinin, ordusunun gücünü göstərən böyük qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Düşməndən azad edilmiş torpaqlarımızda quruculuq işlərinə başlanılıb. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması prosesinə start verilib. Bu, böyük qələbənin çox uğurlu başlanğıcıdır. Bütün xalqımız Prezidentimizin ətrafında sıx birləşib.