5 Aprel 2017 18:19
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Güney Azərbaycanın gündəmində iki məsələ var”

“Fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günündən sonra Güney Azərbaycanda ana dili məsələsi ciddi şəkildə gündəmə gəlib. Bu da 2014-cü ildə Beynəlxalq Ana Dili Günündə Əhər şəhərində 60 nəfərdən çox şəxsin həbs edilməsi ilə bağlıdır. Bundan sonra onlar müvəqqəti azadlığa buraxıldılar. İndi həmin azadlığa buraxılanların əksəriyyətini Əhər İnqilab Məhkəməsi yenidən çağırıb. Zatən o zaman müvəqqəti buraxmışdı. Bundan başqa 2014-cü ilin fevralın 21-də Tehranda da mərasim keçirilmişdi. Tehranda tutulanları isə daha sərt cəzalandırdılar. Onlardan 4 nəfərə ağır həbs cəzası verildi - 3-ü 10 il, biri isə 15 il müddətinə azadlıqdan məhrum edildi”.

Bunu Teleqraf.com-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycandakı təmsilçisi Nəbi Soytürk bildirib.

O qeyd edib ki, aprelin 12-də həbs edilənlərin əksəriyyətini Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsinə çağırıblar: “Bunun özü də suallar doğurur. Çünki Əhərdə tutulanlar Əhərdə də mühakimə olunmalıdırlar. Amma bu fəalların Əhər Ədliyyə Şöbəsində yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində mühakimə olunacaqları bildirilib. Keçmiş təcrübə də göstərir ki, Təbriz İnqilab Məhkəməsi fəallara qarşı daha sərt mövqedən çıxış edir. Bunun özü də başqa bir diqqətçəkən məsələdir. Çünki Əhər məhkəməsi qanunla mühakimə etməli olduqlarını Təbriz məhkəməsinə göndərirsə, bu, çox güman ki, fəallara daha sərt cəzaların veriləcəyinin göstəricisidir. Əhər məhkəməsi bu səbəbdən onları Təbriz məhkəməsinə göndərib. Hələlik Güney Azərbaycanda gündəmdə olan əsas məsələ bundan ibarətdir”.

Müsahibimiz bildirib ki, sözügedən fəallar bəyanat yayaraq məhkəmədə iştirak etməyəcəklərini bildiriblər: “Onlar bildirirlər ki, aprelin 12-də Təbriz İnqilab Məhkəməsinə getməyəcəklər. Çünki qanunla Əhər məhkəməsində mühakimə olunmalıdırlar. Bu məqsədlə məhkəməyə müraciət edəcəklər. Eyni zamanda fəallar bildiriblər ki, özlərini farsca deyil, Azərbaycan dilində müdafiə edəcəklər. İndi biz də gözləyirik görək, aprelin 12-də nə baş verəcək”.

N.Soytürk Güney Azərbaycanda gündəmdə olan digər bir hadisə barədə də danışıb. Qeyd edib ki, prezident seçkiləri yaxınlaşır. Prezident seçkiləri ilə eyni gündə şəhər və rayonlarda yerli hakimiyyət orqanlarına – şuralara seçkilər keçiriləcək: “Son illər İranda milli hərəkat gücləndikdən sonra Azərbaycan məsələsini zaman-zaman gündəmə gətirməyə başlayıblar. Ən azı namizədlər seçkidə səs alsınlar deyə bu məsələni nisbətən qabardırlar. Bir qism insanlar bu məsələni səmimiyyətlə qabardır. Bəziləri artıq öz namizədliklərini irəli sürməyə başlayıblar. Hansı namizədlər Azərbaycan məsələsini dilə gətirəcəklərsə, hansılar daha səmimi olacaqlarsa, millətçilər də insanları onlara səs verməyə çağıracaqlar. Hazırda Güney Azərbaycanın gündəmində olan bir məsələ Beynəlxalq Ana Dili Günü ilə bağlı tutulanların məhkəməyə çağrılmasıdırsa, digəri də şura seçkiləri ilə bağlıdır”.

Bu ilin iyun ayında İranda prezident seçkisinin keçiriləcəyini xatırladan müsahibimiz hələlik namizədlərin irəli sürülməsi prosesinin getdiyini vurğulayıb: “Aprelin 12-dən sonra prezidentliyə namizədlərin qeydə alınmasına başlanılacaq. Əlbəttə, qeydiyyat prosesi başa çatdıqdan sonra onların bəzilərinin namizədliyi təsdiqlənməyə bilər. Ona görə də hələlik bir söz söyləmək çətindir. Amma prezident Həsən Ruhani namizədliyini irəli sürəcək. O, hələlik rəsmi şəkildə namizədliyini irəli sürməyib. Hazırda hamı gözləmə mövqeyindədir. Proses hələ başlamayıb”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər