Mətbuat Şurası müxalifət qüvvələrinin formalaşdırdıqları Milli Şuranın bu gün – aprelin 8-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Mətbuat Şurasından Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, bu iş Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən həyata keçirilib. Qrup aksiyanı işıqlandıran jurnalistlərlə bağlı hər hansı insident qeydə almayıb. Eyni zamanda prosesdə iştirak edən jurnalistlərdən də müraciət daxil olmayıb.
Monitorinq qrupu həmçinin mitinqdə jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraiti də nəzərdən keçirib. Mövcud istiqamətdə də hər hansı nöqsan nəzərə çarpmayıb.
Jurnalistlər əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Bununla belə bu zəruri tələbə əməl etməyən kütləvi informasiya vasitələri təmsilçiləri də müşahidə edilib. Mətbuat Şurası bildirir ki ki, kütləvi aksiyaları işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmamaları yarana biləcək insidentlər zamanı onların hüquqlarının qorunmasını məhdudlaşdırır.