Malayziyanın inzibati paytaxtı Putracaya şəhərinin İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin növbəti Gənclik paytaxtı elan edilməsi ilə bağlı mərasim keçirilib. Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu, Malayziya Gənclər və İdman Nazirliyi və Putracaya şəhəri meriyasının təşkilatçılığı ilə keçirilən təntənəli mərasimə Malayziyanın dövlət və hökumət qurumları, İƏT ölkələri diplomatik nümayəndələri və 500-dən artıq gənclər təmsilçisi qatılıb.
Tədbirdə ev sahibi ölkə kimi Malayziyanın Gənclər və İdman naziri Xayri Camaluddin çıxış edərək, İƏT Gənclər Forumunun son illərdə beynəlxalq səviyyədə ardıcıl olaraq qazandığı uğurlardan, keçən ildən etibarən İƏT Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilməyə başlamış “İƏT Gənclər Paytaxtı” layihəsinin əhəmiyyətindən danışıb, bu layihənin üzv-ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsində böyük rol oynayacağını qeyd edib.
İƏT Gənclər Forumunun sədri Elşad İsgəndərov Malayziya hökuməti və gəncliyini Paytaxt adının qazanması münasibətilə təbrik edib, Forum fəaliyyətlərinin, o cümlədən, Gənclik Paytaxtı proqramının əsas məqsədinin İƏT gəncliyinin üzləşdiyi qlobal çağırışlara hazırlamaq olduğunu qeyd edib. Müsəlman dünyasının hal-hazırda üzləşdiyi problemlərdən bəhs edərkən, o, getdikcə artan islamafobiya, İslam ölkələrinin inkişafdan geridə qalması, radikalizm və məzhəblərarası münaqişələr kimi böhranlı problemləri xüsusi vurğulayıb.
“İƏT Gənclər Paytaxtı” layihəsi çərçivəsində bu il İslam ölkələrində üç paytaxt şəhərində həyata keçiriləcək 20-dən artıq proqramın məhz bu problemlərin həllini əsas tutacağını bildirən E. İsgəndərov bu sahədə qabaqcıl ölkələrlə müqayisə olunacaq keyfiyyətin də əldə olunmasının vacibliyini önə çəkib.
E. İsgəndərov deyib ki, əgər Avropada ildə bir şəhər Gənclər Paytaxtı seçilir və gənclərə yönəlik proqramlar həyata keçirilirsə, bu il müsəlman ölkələri arasında 3 şəhər Gənclər paytaxtı seçilib və bu sahədə Avropadan irəlidəyik.
Təntənəli açılış mərasimi Malayziya gənclərinin təşkil etdiyi incəsənət proqramı ilə davam etdirilib. Sonrakı 2 gün ərzində isə İƏT ölkələrindən olan gənc iş adamlarının iştirakı ilə “Halal Food and Fashion” beynəlxalq sərgisi keçiriləcək.
Qeyd etmək lazımdır ki, 2016-cı ildə İstanbul şəhəri İƏT Gənclər Paytaxtı elan olunmuşdu. 2017-ci ildə isə Şiraz (Iran), Putracaya (Malayziya) və Fəs (Mərakeş) şəhərlərinin İƏT Gənclər Paytaxtı seçilib.
Cavad