Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkədə məişət zorakılğı ilə üzləşən kişilər barədə statistika açıqlayıb.
Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, Azərbaycanda 2016-cı ildə 897 məişət zorakılığı ilə bağlı cinayət faktı qeydə alınıb. Nəticədə 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb. Məişət zorakılığına məruz qalanlardan 102-si kişidir.
Azərbaycanda kişilərin məişət zorakılğı ilə üzləşməsi faktı təəccüblə qarşılanıb. Cəmiyyətin mental xüsusiyyətləri, güclü cinsin üstünlükləri və bu tip informasiyaların gizlədilməsi ehtimalı yeni suallar yaradıb.
Taliyə İbrahimova Teleqraf.com-a açıqlamasında məsələnin bu baxımdan şişirdilməsinə tərəfdar olmadığını deyib: "Zənnimcə, məişət zorakılğı kontekstində hansı cinsin zərər çəkməsi elə də əhəmiyyətli məqam deyil. Bütün hallarda məişət zorakılığının qarşısı alınmalıdır.
Təəsssüf ki, məişət zorakılığından əziyyət çəkənlər dövlət qurumlarına gec müraciət edirlər. Qarşı tərəf ağır zorakılıq hallarına keçəndən sonra polisə müraciət olunur. Lakin həmin ailələri qorumaq və birgəyaşayışını təmin etmək mümkün olmur”.
Taliyə İbrahimova bildirib ki, Komitənin məqsədi qeyd olunan sahədə profilaktik işləri gücləndirməkdir: “Qeydiyyata alınan ailələrlə mütləq profilaktik iş aparılmalıdır. Hər kəs bilməlidir ki, ailədə qarşısındakının hüququnu pozarsa, zorakılıq əməli törədərsə onu nələr gözləyir... Ölkəmizdə bununla bağlı yetərli qanunvericilik bazası var. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Həmin qanunda profilaktik tədbirlərin görülməsinə xüsusi önəm verilir.
Buna səbəb olan faktorlara qarşı lazımi tədbirlər görülməlidir. Zorakılığı törədən şəxslər qeydiyyata alınmalı və onlarla profilaktik işlər aparılmalıdır. Bunu yerli icra hakimiyyəti orqanları aparmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, icra hakimiyyəti orqanları zorakılıqla bağlı muraciət edən ailələrə “mühafizə order”ləri verir: “Orderlərin məqsədi odur ki, şikayətçini narahat edən hallar qarşı tərəfdən bir daha təkrarlanmasın. Əksi baş verərsə, həmin qaydanı pozmuş insan məsuliyyətə cəlb olunur”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, birliyin sığınacağına məişət zorakılığına məruz qalan kişilər müraciət etməyib: “Amma eyni vəziyyətlə bağlı qadınlar müraciət edəndə, biz qarşı tərəfi də dinləməyə çalışırıq. Bəzi hallarda qadınların kişilərə fiziki yox, psixoloji zorakılıq tətbiq etməsi müşahidə edilir. Kişi övladlarının ehtiyacını ödəyə bilməyəndə, ailə münasibətlərində məsuliyyətli olmadıqda, bütün yük qadının üzərinə düşəndə qadın tərəfindən “deyinmə”, “aşağılama” kimi psixoloji təzyiq özünü göstərir.
Fiziki zorakılıq deyiriksə, məsələn, arvadın əri öldürməsi faktı olub. Qadın affekt vəziyyətində kişini öldürə bilər ki, bu da uzunmüddətli zorakılığın nəticəsində törədilir. Bu istiqamətdə tədqiqat aparılmalıdır. Hadisə dəyərləndirilməlidir ki, əvvəllər polisə müraciət olub, qadına hansısa xəsatətlər yetirilib, ya yox...
Əlbəttə, qadının kişini öldürməsinə bəraət qazandırmaq olmaz. Fiziki zorakılıq faktı özünü narkotik və ya spirtli içki aludəçisi olan ailələrdə də göstərə bilər ki, belə mühitdə qadının kişiyə zorakılığı mümkündür.
Ümumilikdə qadının kişiyə qarşı fiziki zorakılığı ənənəvi deyil”.
Mehriban Zeynalova əlavə edib ki, Dövlət Miqrasiya Xidmətinin tərkibində kişi sığınacağı var: “Amma həmin sığınacaq daha çox miqrantlar və insan alveri qurbanları üçün nəzərdə tutulub. Yəni məişət zorakılığı qurbanlarına xidmət göstərmirlər. Fikrimcə, kişi sığınacaqlarına ehtiyac var”.
ŞƏFİQƏ