12 Aprel 2017 12:06
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Binəqədi rayonu Sulutəpə qəsəbəsində 6-cı sinif şagirdi Səccad Əyyubzadə qəfil dünyasını dəyişib. Məlum olub ki, uşaq epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Səccadın müəllimi Teleqraf.com-a hazırda şagirdlər arasında epilepsiya xəstəliyinin artdığını bildirib. Daim uşaqlarla təmasda olan şəxsin bu sözləri cəmiyyət üçün SOS siqnalı sayıla bilər.

Epilepsiyanın əlamətləri nədir?

Səhiyyə Nazirliyinin uşaq nevropatoloqu Rövşən Həsənov deyir ki, epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli tutmalar şəklində meydana çıxır: “Beyinin xroniki xəstəliyi sayılır. Bu xəstəlik “qıcolma” kimi də məlumdur. Uşaqlarda epilepsiya xəstəliyi 80 faiz hallarda irsi xüsusiyyət daşıyır. İrsi xüsusiyyəti sübut etmək üçün xüsusi üsul - molekulyar-genetik müayinə metodları tətbiq olunmalıdır.

Hazırda belə müayinə metodları Azərbaycanda problemli olduğu üçün bəzən epilepsiyanın səbəbini tapmaq olmur. Ona görə diaqnoz ancaq valideynlərin məlumatı əsasında qoyulur. Yəni ailədə belə xəstə varsa, valideynlər qohumdursa, ola bilər, xəstəlik irsən keçsin”.

Rövşən Həsənov deyir ki, dünya əhalisinin 5 faizinə qədərində epileptik sindromlar var: “Dünya üzrə təxminən 50 milyon epilepsiyalı xəstə qeydə alınıb. Adətən, xəstəlik 75 faiz 18 yaşa qədər təzahür edir. Azərbaycan üzrə ayrı-ayrı rayonlarda bu xəstəliyin statistikası var, amma ümumi ölkə üzrə qeydiyyat yoxdur”.

60 minə yaxın epilepsiyalı xəstə

Səhiyyə Nazirliyindən verilən açılamaya görə, müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir: “İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir. Hazırda Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.

Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən, kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə xəstəliyin əsasında genetik faktorlar durur. Lakin təxminən 50 faiz hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır”.

Nazirlikdən bildirilib ki, epilepsiya çoxillik müalicə tələb edir: “Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə “köhnə” və “yeni” epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur.

İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzgün dərman seçimi və gündəlik AEP-nin qəbul olunması şərtilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir”.

“Epileptik tutmalar hər an baş verə bilər”

Nevropatoloq Lalə Həsənova deyir ki, epilepsiya bir qrup beyin hüceyrələrində qəfildən başlayan, anormal sinir boşalmaları səbəbilə yaranan klinik xəstəlikdir: “Epileptik tutmalar hər an baş verə bilər. Bəzən insan yemək yediyi yerdə qəfil qaşıq əlindən düşür. İnsanlar bunun xəstəlik əlaməti olduğunu anlamırlar. Amma tutma qəfil də baş verə bilər. Bunlar epilepsiyanın əlamətləridir.

Təbii ki, həmin əlamətlər müşahidə edildikdə nevroloqa müraciət olunmalıdır. Biz xəstələrin yaxınlarından epilepsiya tutması baş verən an onun video-çəkilişə almalarını xahiş edirik. Çünki həmin video-çəklişlə tutmanın hansı növ olduğunu daha dəqiq təyin edə bilərik”.

Nevropatoloq deyir ki, epilepsiyanın müxtəlif növləri var: “İdiopatik növlərdə epilepsiyanın səbəbi aşkarlanmır. Simptomatik növlərdə xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir. Tutmalar zamanı xəstənin yanında sakitliyi qoruya bilən və yardım göstərən insanların olması çox vacibdir. Bəzən tutma müalicə olunduqda xəstədə neçə illər xəstəlik müşahidə olunmur. Bu xəstəlik sağala da bilər.

Adətən, uşaqlarda tempuratur fonunda yaranan tutma halları baş verir. Həmin zaman müalicəyə ehtiyac olmur. Sadəcə çalışmaq lazımdır ki, uşaqlarda tempurturun qalxmasına imkan verməsinlər”.

“Epilepsiya həyatı birbaşa məhv etməsə də...”

Professor Adil Qeybulla deyir ki, epilepsiya xəstəliyi olan adamları virus xəstəliklərindən qorumaq lazımdır: “Bu xəstəlik beyinin virusdan zədələnməsi, travmalardan sonra müşahidə oluna bilər. Bu cür xəstələri qripdən, virus infeksiyalarından qorumaq lazımdır. Epilepsiya tutmaları tez-tez olursa, onları müşahidə artında tutmaq lazımdır. Tək yola çıxmamalıdrlar. Belə xəstələr yolu keçəndə yıxıla və digər travma ala bilərlər. Bəzi hallarda isə bu xəstəlik müvəqqəti olur. Epilepsiya həyatı birbaşa məhv etməsə də, insan həyatı üçün problemlər yarada, hətta ölümə də gətirə bilər”.

Tibb üzrə ekspert deyir ki, epilepsiyası olan insan mütləq Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmalıdır: “Uşaq xəstəxanada bu xəstəliklə bağlı qeydiyyata alınıbsa, orda daimi nəzarətdə olmalıdır. Mütəmadi nevropotoloq müayinəsindən keçməli, lazımı müayinələr aparılmalıdır. Bəzən valideynlər də bu xəstəlikdən əziyyət çəkən uşaqlarına biganə yanaşırlar. Uşaqlar müəyyən dərman qəbul edir, vəziyyətləri stabilləşir və xəstəlik yaddan çıxır. Xəstəliklərin yayılmaması üçün nəzarətdə saxlanmalıdır. Valideyn epilepsiya xəstəliyi olan uşağına diqqət göstərməlidir ki, bu proses davamlı olmasın”.

Epileptik tutma zamanı nə etməli?

İlk öncə sakit qala bilmək və özünü itirməmək xəstəyə göstəriləcək ən önəmli yardımdır.

Xüsusilə böyuk tutmalar zamanı xəstənin ağzından gələn köpük və tüpürcəyin xəstənin boğazına gedib nəfəs yolunu tutmaması üçün rahat nəfəs ala biləcəyi bir şəkildə uzatmaq lazımdır.

Tutma zamanı xəstənin özünü yaralamaması və başının harasa dəyməməsi üçün o, mümkün qədər yumşaq yerə yatırılsa yaxşı olar.

Çənədə kilidlənmə olduğu zamanlarda qaşıq, taxta kimi hər hansi bir cisim və ya əllə xəstənin ağzının açıq saxlamağa və ya açmağa cəhd edilməsi doğru davranış deyil. Unutmayın, qorxduğunuz dil qatlanmasından xəstə heç vaxt ölməz. Amma belə müdaxilələr zamanı həm özünüz yaralana bilərsiniz, həm də xəstənin dişinin qırılmasına, çənə sümüyünün və ağız boşluğunun zədə almasına səbəb ola bilərsiniz. Eyni zamanda xəstə nəfəs almaqda da çətinlik çəkə bilər.

Tutmanın tez qurtarması üçün xəstənin üzərinə su atmaq, nəsə qoxlatmaq, şillə vurmaq da düzgün davranış deyil. Bu tutmalar beyin mənşəli olduğu üçün sizin hər hansı, belə müdaxilənizlə deyil, beyindəki anormal fəaliyyətlər bitincə tutmalar da sönəcək.

Əksər tutmalar 1-3 dəqiqə içində keçib gedir. Ancaq 5 dəqiqədən çox davam edərsə, xəstə mümkün qədər tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.

Qeyd edək ki, bu xəstəlik haqqında yalnış təsəvvürlər və xəstəliyə qarşı neqativ münasibətə görə xəstələr təhsil almaqda, işə düzəlməkdə, nikaha daxil olmaqda, həmçinin ailədə və yaxın ətrafdakılar tərəfindən diskriminasiya ilə üzləşirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər