12 Aprel 2017 15:10
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə sosial şəbəkələrdə 147 nömrəli marşrutla bağlı yayılan görüntülər cəmiyyətdə rezonans doğurdu. Adətən, retro hind filmlərində gördüyümüz səhnələri xatırladan videoda bir o qalmışdı ki, sərnişinlər avtobusun üstünə də çıxsınlar. Əlqərəz, sözügedən marşrutda sürücünün sərnişinlərin həyatını riskə atması faktı medianın da gündəminə çevrildi. Həmin görüntülər tez bir zamanda “Ölüm avtobusu” adıyla tirajlandı.

Bu gün faktla bağlı Abşeron rayon Digah qəsəbəsinə yola düşdük. Bildirək ki, 147 nömrəli marşrut Məhəmmədi və Digah qəsəbəsi sakinlərinin şəhərə gediş-gəlişi üçün yeganə ictimai nəqliyyat vasitəsidir.


Marşrutun ilk dayanacağına çatar-çatmaz müəyyən qədər sərnişinin toplaşdığının şahidi olduq. Fotokameramızı işə salıb dayanacaqdan bir neçə kadr çəkmişdik ki, narahatlığa səbəb olduğumuzu hiss etdik. Avtobus gözləyən şəxslərə yaxınlaşıb özümüzü təqdim edərək gəlişimizin məramını izah etdik. Eyni zamanda marşrutla bağlı narahatlıqlarının olub-olmadığını soruşduq. Bu zaman adətən alışdığımız reaksiya ilə qarşılaşdıq. Problem var, videosu çəkilib sosial şəbəkədə yayımlanıb, amma danışanda ya anonim qalmaq istəyirlər, ya da "nəbadə şəklimi, video görüntümü çəkərsən ha" xəbərdarlığı alırsan. Dayancaqda toplaşanların hamısı məsələdən xəbərsiz olduqlarını, bura qonaq gəldiklərini dilə gətirdilər. Bizimki nə şans idisə, bu qədər qonağı bir arada tapmışdıq.

Nə isə, bir-iki nəfər anonim olmaq şərti ilə yüngülvari giley-güzar etməklə kifayətləndi. Bu əsnada bir gəncin bizə yaxınlaşması, kim olduğumuzu, hardan gəldiyimizi xəbər alması könlümüzü şadlandırdı. Sonra maşınımızın nömrəsini kiməsə telefonda deməsi və bir azca gərgin davranışından sonra biz də onun kim olduğunu soruşduq. Məlum oldu ki, 147 nömrəli marşrutun dispetçeri Ədalət Hüseynovdur. Səmimi söhbətimiz oldu, dayanacaqdakı qonaqlardan fərqli olaraq, o, danışmağa olduqca həvəsli idi.

Rəhbərlikdən icazə aldıqdan sonra isə hər sualımızı cavablandırmağa hazır olduğunu bildirdi. Məlum videogörüntü ilə bağlı gəldiyimizi qəsəbə sakinlərindən və marşrut nümayəndələrindən münasibət öyrənmək istədiyimizi bildirdik.

Elə bizə də lazım olan bu deyildimi?!

Ədalət adlı dispetçerlə söhbətdə məlum oldu ki, əvvəllər xətdə 5 avtobus fəaliyyət göstərib. Bununla bərabər qəsəbəyə yeni asfalt qatının çəkilməsi də marşrut xəttində gecikmələrə və narazılığa səbəb olub.

“Bu yaxınlarda yolun təmiri bitib və marşrut xəttinə 3 əlavə avtobus da buraxılıb. İndi 8 avtobusla, 12 dəqiqə intervalla işləyirik. Pik saatlarda tıxaclara görə 5-6 dəqiqə gecikmə olması normaldı. Təxminən 3 aydır ki, avtobuslara kameralar da quraşdırılıb. Qarajda 2-3 gündən bir kameralara baxış keçirilir. Qapıdan sallanma, gecikmə hallarına nəzarət olunur. O videodakı sürücü də artıq cəzalandırılıb” – deyə suallarımızı cavablandıran marşrut nümayəndəsinə növbəti sualımızı ünvanlayırıq.


- Axı, sakinlər indi də davamlı gecikmələrdən şikayətlənirlər. Bunu necə anlayaq?

- (Gülür) Sərnişinlərin çoxu avtobusdan düşüb avtobusa minmək istəyirlər. Dediyim kimi, hazırda 8 avtobusla 12 dəqiqə intervalımız var. Pik saatları, bəzi yollardakı təmir işlərinin davam etməsini nəzərə almasaq, başqa gecikmə halları yaşanmır.

Həmsöhbətimiz, hətta diqqətimizi bir başqa problemə də yönəltdi. Dayanacaqda qışın yağışında, küləyində, yayın istisində daldalanacaq bir yer yoxdur. 5-6 il öncə quraşdırılmış dayanacaq isə bilinən və bilinməyən səbəblərdən yararsız hala salınıb – şüşələri sındırılıb, oturacağı oğurlanıb.


Maşınımıza minib qəsəbədən çıxarkən, dayanacaqda gözləyən iki nəfəri görüb dayandıq. Yaxınlaşıb bir də onlardan münasibət öyrəndik. Yenə anonim qalmağı və şəkil çəkilməsinə icazə verməyən qəsəbə sakini sözə başlar başlamaz od püsgürdü. Dispetçerlə söhbət etdiyimizi, onunsa problemlərin aradan qalxdığını bildirdiyini dedik. “Özü üçün deyir. Bax 15 dəqiqədir dayanmışam burada, avtobus gəlmir. Həmişə işə gecikirəm” – deyə narazılıq etdi.

Sonda qeyd edək ki, qəsəbənin yolları həqiqətən fotolardan da gördüyünüz kimi, yeni çəkilib. Ümid edək ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirdiyimiz kimi, insanlarımız da iradlarının və şikayətlərinin altında öz adlarını və şəkillərini görməkdən xoflanmayacaqlar. Unutmayaq ki, ictimai problemləri aradan qaldırmağın ən yaxşı yolu elə ictimai qınağın formalaşmasıdı. Məmur da, sahibkar da yazılı qanunlardan, məhkəmə davalarından çox ictimai qınaqdan ehtiyat etməli, ona görə davranmalıdır. Belə olduqda nə problem yaşayarıq, nə də yaşadarıq.

Elçin MURAD
Samir İSAYEV


Müəllif:

Oxşar xəbərlər