Xalq artisti Ramiz Məmmədov Südabə Zalova adlı xanım tərəfindən sırğa oğurlamaqda ittiham olunur. Belə ki, “Xəzər xəbər”də Ramiz Məmmədovun restoranın foyesində yerə əyilərək nə isə götürməsinin kamera görüntüsü yayımlanıb. Məsələyə aydınlıq gətirmək üçün Teleqraf.com-un əməkdaşı Südabə Zalovanın sırğasını qaytarmamaqda ittiham edilən Xalq artisti Ramiz Məmədovla əlaqə saxlayıb.
- Ramiz müəllim, oğurluqda ittiham edilməyiniz barədə nə deyə bilərsiniz?
- Bu, əlbəttə ki, şər-böhtandır. Hadisə iki ay əvvəl baş verib və polis hər şeyi qanuni şəkildə araşdırıb. Bu haqda “Xəzər xəbər”də süjet təqdim edilməsinə əsəbləşdim.
- Necə düşünürsünüz, Südabə xanımın sizi oğurluqda ittiham etməsində məqsəd nədir?
- Ümumiyyətlə, o, xanımı tanımıram. Adını belə bilmirəm. Mənə zəng etdi, gördüm ki, başa sala bilməyəcəm, polisə şikayət etməsini söylədim və bir daha telefon zənglərinə cavab vermədim.
- Restorandakı kamera görüntüsündən sonra xanım sizə zəng etdi?
- Restoranın foyesində əyilib yerdən nə isə götürmək nə zamandan oğurluq sayılır? Yerdən bijuteriya tapdım və onu toy sahibinə qaytardım. Şou etmək, hadisəyə don geyindirmək, Xalq artistini oğurluqda ittiham etmək ayıb deyilmi? O hansı insana yaraşır? Ailə üzvlərim deyirlər ki, xanımı məhkəməyə ver. Mən məhkəməyə verim, onlardan 50-100 min tələb etsinlər? Sonra onların vəziyyəti necə olacaq? Mən də onların səviyyəsinə düşüm? Mən bu günə qədər halal çörək yemişəm. Az öncə qeyd etdiyim kimi, yerdən bijuteriya götürmüşəm və səhəri gün toy sahibinə qaytarmışam. Məsələn, yerdən düymə, alışqan da götürə bilərdim. Burada nə qəbahət var? Ayağımın altında qaldı və bijuteriyanı götürdüm. Bununla oğurluq, cinayət etmişəm? Bu bəyəm oğurluq sayılır? Niyə xanım həmin gün, həmin saat şikayət etməyib? Toya iki saat gecikmişdim. Rejissor Məhərrəm Bədirzadə nəvəsinin toyuna dəvət etmişdi. Toyun səhəri gün xanım mənə zəng edib dedi ki, sən kamerada əyilib yerdən nə isə götürmüsən. Dedim ki, bəli, doğrudur, cibimdədir və qaytaracam. Bijuteriyanı toy sahibinə verdim və xanıma qaytarıblar. Göy üzük kimi bir əşya idi. Xanım isə deyir ki, onun sırğası qızıl idi. Dedim ki, nəyi tapmışamsa, onu da qaytardım. Verməyə və deməyə də bilərdim. Deyərdim ki, düyməm düşmüşdü, əyilib götürdüm. Bunun sübutu var? Söhbət mənim təmizliyimdən gedir, bijuteriya tapdım və qaytardım. Bu hadisəni oğurluq adıyla şou edirlər. Lazım olsaydı, polis oğurluqda ittiham edərdi. Mən xanımı tanımıram. O, mənə böhtan atır.
Rəqsanə