“Hesablama Palatasının hesabatında nöqsan kimi qeyd olunan faktlar diqqətimi çəkdi. Burada 11,3 milyon manat, 75 min və 17 min avro məbləğində vəsaitlərin dövlət büdcəsinə qaytarılmasından söhbət gedir. Bu qədər vəsaitin mənimsənilməsi nöqsan deyil, cinayətdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.
F.Mustafa deyib ki, Azərbaycan Beynəlxalq Bankında mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, o zaman bu vəziyyətlə razılaşmaq olmaz:
“Sənəddə bu faktları sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımlar atılmalıdır”.
F.Mustafa qida təhlükəsizliyi ilə bağlı da acınacaqlı vəziyyətin hökm sürdüyünü söyləyib: “Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Həmin heyvanları kəsib lülə-kabab şəklində restoranlarda xalqa yedirirlər. Bu hansı məmurun milyonlarla vəsait qazanması müqabilində baş verir. Yaxud vətəndaş Xəzər dənizinin adi balığına da həsrət qalıb. Mal-heyvanı, qaz-nefti başa düşdük. Bu balığa ki, ot, yem verilmir. Elə qiymət qoyurlar ki?! Heç olmasa, bu ökədə yaşayan vətəndaş da o kürüdən bir qaşıq yeyə bilməlidir. Heç olmasa, bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.
Cavad