14 Aprel 2017 17:26
5 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən əsrin üçdə birini Sumqayıtda yaşayasan, amma bu şəhərdə alman əsirlərinin dəfn olunduğu məzarlıqdan məlumatın olmaya...

Doğrusu, alman əsirlərinin Sumqayıtda tikintidə işləməsi və hələ də öz mövcudluğunu qoruyub saxlayan yaşayış evləri barədə az-çox xəbərimiz vardı. Hətta deyərdik ki, alman əsirlərin saldığı o məhlələr Sumqayıta bir başqa ab-hava, aura bəxş edir.

Evlər arasındakı son mənzil...

Bu gün səhər üz tutduq həmin məzarlığa. Dünya əslində çox kiçikdir, o ki qalmışdı Sumqayıt kimi bir şəhər. Soraqlaya-soraqlaya gedib “Kotec” massivində yaşayış evləri ilə əhatəli daş hasara alınmış məzarlığı tapdıq.

Onu da diqqətinizə çatdıraq ki, Şəhər İcra hakimiyyəti tərəfindən məzarlıqda abadlıq işlərinin aparılması xəbəri olmasaydı, bəlkə bu yer redaktorumuzun da yadına düşməzdi. Nə isə, hər işdə bir xeyir var...

Məzarlığa ayaq basdığımız andan qəribəlik hiss etdik. Yox, bu, adəti qəbiristanlıq xofu deyildi. Sözün əsil mənasında xiyaban ruhu duyulurdu. Üz-üzə, göz-gözə duracağımız qəbir daşları, cansız daş insanlar yox idi ətrafda.

Dünyasını dəyişmiş insanların yerini xatırladan, üzərinə ad belə yazılmayan kiçik xatirə daşları vardı sadəcə.

Hələ o ağac...

Məzarlıqdakı xaçla üz-üzə duran o ağac ətrafa fərqli enerji saçırdı. Qəribə mənzərə idi. 311 əsir məzarını dövrəsinə alan üç haçalı söyüd sanki onların ruhunu öz varlığına sığdırıb, canlı abidəyə çevrilib.

Ünsiyyət üçün nitq əsas olsa da, danılmaz bir həqiqət də var - hislərin, duyğuların anlatdığı gerçəklik. O söyüd 311 əsirin dilinə, gözünə, ürəyinə çevrilərək yaşadıqlarını, duyduqlarını anlatmağa hələ də davam edirlər.

40 yaşı tamam olan qardaşlıq...

Aidiyyəti qurumlar hər il olduğu kimi bu il də şəhərdəki kompleks təmir-bərpa işləri ilə əlaqədar məzarlığa da sözün əsil mənasında əl gəzdirirlər. İcra hakimiyyətinin əraziyə və işlərə cavabdeh səlahiyyətli nümayəndələrinə yaxınlaşıb məlumat almağı da unutmadan işə başlayırıq.

Məlum olur ki, bu il Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərinin qardaşlaşmasının 40 illiyi olacaq. Bu münasibətlə məzarlıqda uyuyan 311 əsirin adlarının əks olunacağı böyük xatirə lövhəsi qurulur.

Səfirlik nümayəndələri və qonaqlar ənənəvi olaraq bu il də may ayının birinci həftəsi şəhər icra hakimiyyəti ilə birlikdə məzarlığı ziyarət edərək tədbir təşkil edəcəklər.

Qeyd edək ki, 40 illiklə əlaqədar bu il xüsusi olaraq bir sıra tədbirlərin təşkil olunacağı gözlənilir.

"Yox, nə badə daşları dəyişəsiz..."

Söhbət etdiyimiz icra nümayəndəsinin bir sözü məni çox sarsıtdı: “Almanlar sinə daşlarının mərmərlə əvəzlənməsinə etiraz ediblər”.


Axı, abadlıq, təmir deyərkən ağlımıza gələn ilk şey köhnəni kənara atıb, yerinə təzəsini qoymaqdır. Sən demə, Almaniyanın ölkəmizdəki səfirliyinə məzarlıqdakı təmirlə bağlı məlumat veriləndə bildirilib ki, məzarların üstündəki xatirə daşlarını mərmərlə əvəzləmək istəyirlər. Almanlar yox deyib, bizimkilər də mat qalıblar...

Qeyd edək ki, təmirə maddi vəsaiti Sumqayıt Şəhər İcra Hakimiyyəti ödəyir...

Elçin MURAD
Samir İSAYEV


Müəllif:

Oxşar xəbərlər