Səhiyyə nazirinin “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzaladığı əmrə əsasən, yarış iştirakçıları və qonaqlara tibbi yardım göstərilməsi üçün ayrılan müəssisələrdən biri Bakı Sağlamlıq Mərkəzidir. Mərkəzdə İslam Oyunlarına tibbi yardım göstərilməsi ilə əlaqədar aparılan hazırlıq işləri son mərhələdədir.
Teleqraf.com xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində bu məqsədlə xüsusi komissiya yaradılıb.
Komissiyanın tərkibinə xəstəxananın baş həkimi və baş həkimin dörd müavini, şöbə müdirləri olmaqla 11 nəfər daxildir. Komissiyanın sədri, Mərkəzin baş həkimi, tibb elmləri namizədi Hikmət Həsənov hazırlığın gedişi barədə deyibki, Sağlamlıq Mərkəzinin 6-cı mərtəbəsi xüsusi olaraq İslam Həmrəyliyi Oyunları ilə əlaqədar müraciətlər üçün ayrılıb: "Cərrahiyyə, ümumi terapiya, nevrologiya, endokrinologiya, mamalıq və burun-qulaq-boğaz şöbələrində 9 palata hazır vəziyyətə gətirilib. Lazım gəlsə ümumi cərrahiyyə şöbəsinin tərkibinə daxil olan tarakal cərrahiyyə də iştirakçılara xidmət göstərəcək.
Bundan başqa ehtiyat üçün əlavə olaraq hər şöbədə daha 5 çarpayı ayrılması nəzərdə tutulub. Tədbir iştirakçıları və qonaqlara rentgen, ultrasəs, KT müayinələri göstərilməsi üçün hər cür şərait yaradılıb, reanimasiya otağı və laboratoriya da tibbi yardım göstərmək üçün tam hazırdır.
Tam hazırlıq vəziyyətə gətirilməyən yeganə MRT müayinəsidir. Həmin müayinələrin aparılması üçün aparat yeni alınıb, tam hazırlıq keçmiş mütəxəssis də var. Lakin yeni aparat hələ işə salınmayıb. Onun işə salınması üçün mütəxəssislərin gəlişini gözləyirik. Güman edirəm ki, yaxın bir-iki gün ərzində həmin proses başa çatdırılandan sonra Bakı Sağlamlıq Mərkəzinin IV İslam Həmrəyliyi Oyunların tam hazırlığı barədə danışmaq olar.”
Hikmət Həsənov Sağlamlıq Mərkəzində qonaqlar üçün xüsusi namaz otağı ayrıldığını deyib: “Bizə üz tutan xəstələrin və onları müşayiət edənlərin ibadət etməsi üçün namaz otağı da ayırmışıq. Həmin otağa Qurani- Kərim qoyulub, xalça döşənib, dəstəmaz almaq üçün hər cür şərait yaradılıb”.