Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, deputat Mili Məclisin iclaslarında iştirak edən həmkarlarına bərabərhüquqlu münasibət göstərməli, onların fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməməlidir.
Bundan başqa, deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənar müdaxilələr etməməli, çıxışlarında kobud ifadələr istifadə etməkdən çəkinməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır.
Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasını diqqətdə saxlamalı, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir.
Bundan başqa, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Deputat hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisinin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır.
Eyni zamanda, Azərbaycanda deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar nüfuzunu alçaldan kobud təhqiramiz sözlərə yol verməməli, bu cür hərəkətlər edilməsinə çağırmamalıdır.
Qanun layihəsinin 4-cü (İnsanların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət) maddəsində qeyd olunub ki, deputat qərəzli olaraq hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməli və bu cür hərəkətlər edilməsinə çağırmamalıdır.
Layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.