Teleqraf.com xəbər verir ki, bu fikirləri ailələrin dağılmasında saytların rolu ilə bağlı danışarkən Modern.az saytının baş redaktoru Elşad Eyvazlı deyib. Sayt rəhbəri mətbuatın mənfi rolunu danmadığını bildirib:
“Düzdür, bəzi saytlar var ki, ağıllarına gələni yazırlar. Amma bunu bütün saytlara şamil etmək olmaz. Əgər boşanan ailə varsa, boşanacaqlarsa, media nə qədər yazsa da, boşanma pis şeydir, onlar yenə də boşanacaq. Məsələnin başqa tərəfi var. Təbii ki, maarifləndirməkdə, ictimai rəydə medianın rolu hər zaman böyük olub. Təəssüf, bizdəki media daha çox peşəkarlardan deyil, təsadüfi adamlardan ibarətdir. Bu da ciddi problemlər yaradır. “Boşanmaların artmasına media oqranları güclü təsir edir”, – deyən ekspertdən soruşmaq lazımdır ki, nə zaman təşəbbüs göstərdilər, bir toplantı keçirək media əməkdaşları ilə, müzakirə edək, görək, ümumiyyətlə, ailə dəyərləri nədir? Ailə dəyərləri deyəndə nələr nəzərdə tutulur? Ümumiyyətlə, belə bir tendensiya var – hansı sahədə bir problem yaranırsa, atırlar medianın üstünə. Bəli, mediada yalan məlumat yayanlar, rekertlik edənlərin olduğunu biz də bilirik. Onlar da qanunvericiliklə tənzimlənməlidir”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə suala sualla cavab verib:
"Əxlaqsızlıq nə deməkdir? Boşanmaların səbəbi heç bir halda mücərrəd əxlaqsızlıq deyil. Boşanmaların səbəbi odur ki, iki insan bir ailə formatında yaşamaq üçün uyğun profillərə malik deyillər. Onların ümumi hədəfləri, həyata ümumi baxışları, ümumi ideyaları yoxdur. Əxlaqın və ya əxlaqsızlığın bura nə dəxli var? Əxlaqsızlıq deyəndə nə nəzərdə tutulur? Ərin, ya arvadın üçüncü bir şəxs ilə intim münasibəti? Demək ki, adamın buna ya psixoloji, ya da fizioloji ehtiyacı var və ehtiyacını ödəmək istəyib. Seks - əxlaqsızlıq deyil. Bunu anlamaq lazımdır. Seks - psixoloji və ya fizioloji ehtiyacdır. İnsan o ehtiyacını ödəməlidir. Əgər öz ailəsi çərçivəsində ödəyə bilmirsə, bunu əxlaqsızlıq kimi qələmə vermək yox, ciddi təhlil eləmək lazımdır. Xarici mediada nizamsız seksual əlaqələri ifadə etmək üçün "promiskuitet" terminindən istifadə edilir. Heç bir halda "əxlaqsızlıq" adlandırılmır. Əxlaqsızlıq – başqasına böhtan atmaqdır, yalan danışmaqdır, insanların haqqını kəsmək, oğurluq etmək və sair bu cür əməllərdir... İnsanın şəxsi münasibətlərini necə həll etməsi heç bir halda əxlaqsızlıq sayıla bilməz. Onun həyatıdır, onun dünyasıdır, özü bilər. Mən bu məsələdə ümumiyyətlə, heç kimi ittiham etməyin tərəfdarı deyiləm. Biz kimik axı, kimisə də ittiham edək? Yəni boşanmalar – ictimai-iqtisadi-sosial kökləri olan problemdir. Onun səbəbini hansısa saytlarda olan başlıqlarda axtarmaq düzgün yanaşma deyil”.
Report.az-ın baş redaktoru bu məsələdə Murad Əliyev də mətbuatın müəyyən rol oynadığını qeyd edib:
“Düzdür, media bir az təbliğat xarakteri daşıyır. Boşanmalar sırf media ilə yox, sosial şəbəkələrlə, Feysbukun, Votsapın inkişaf etməsi ilə bağlı ola bilər. Amma sırf medianı günahlandırmaq düzgün deyil. Yəni boşanlamara səbəb nə olur? Bir və ya digər şəxsin kənar şəxslərlə tanışlıqları zamanı olur. Bu da sosial şəbəkələrdə baş verir. Amma kifayət qədər ciddi saytlar, media qrumları var ki, onların heç birində insanı boşanmaya təhrik edəcək başlıqlar olmur. Hansı saytlar ki, ağızlarına gələni yazırlar, onları ciddi qəbul etmirəm”.
Publika.az saytının baş redaktoru Elçin Əlibəyli TV-ləri xüsusi olaraq qinayıb:
“Əslində boşanmaların, ailə münasibətlərinin dağılmasında səbəkarlardan biri də mediadır. Amma bu, sayt başlıqları deyil. Sayt başlıqları heç vaxt əxlaqsızlığı təbliğ etmir. Sovet dövründə də ailə dağılırdı. Məsələnin kökündə o durur ki, sovet vaxtı orta məktəblərdə ailə dərsliyi deyilən dərs keçirilirdi. Hələ orta məktəbdən uşaqları ailəyə hazırlayırdılar. Amma indi başımız o qədər testə qarışıb ki, bir də ayılıb görürük evlənmək yaşımızdır. Heç nəyi götür-qoy etmədən evlənirik. Sonra da başa düşürük ki, başqa adamlarıq. Amma sayt başlığının və ya orda gedən bir xəbərin ailə dağıdacağına inanmaq gülməlidir. Burda daha güclü təsirə malik olan televiziyadır və televiziyada yayımlanan seriallardır. Çünki onlar gündəlik izlənilir, ailə üzvünə çevrilir. Artıq insan özünü qəhrəmana oxşatmağa başlayır. Mən də daxil olmaqla, bir çox TV tədqiqatçıları hələ 15-20 il əvvəl həyəcan siqnalı verirdik ki, Latın Amerikasında istehsal olunan filmlər qadağan olunmalıdır. Nail olduq da. Amma təəssüf, yerli istehsal seriallarımız da ailə insitutunun möhkəmlənməsinə xidmət etmir. Serial özü özlüyündə ortaya bir ailə modeli qoymalıdır. Bu modelin qoyulmaması ideoloji boşluğun olmasıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və digər qurumlar, ailə dəyərlərini aşılayan bədii filmlərin, cizgi filmlərinin ekranlaşdırılmasını təmin etməlidir. Amma dövlət qurumları bunları etmir. Buna görə də gəlib sayt başlıqlarında günah axtarmaq ən sonuncu işdir. Əgər ailədə ər arvadını baltalıyıbsa, necə yazaq? Yazaq ki, kəsici alət ilə ona xəsarət yetirməyə cəhd edib? Bu, düzgün deyil. Biz həmin ekspertə sual verək ki, saytlar kommersiya qurumudur və İP üçün çalışırlar, elə başlıqlar verirlər. Tamam. Bəs Dövlət Televiziyası və ya dövlət saytları? Onlar ki dövlət büdcəsindən maliyyələşir. Amma yaxşı nümunələri təbliğ etmir. Niyə bir çoxuşaqlı ailəni göstərmir? Demir ki, bax, bu cür etmək lazımdır. Azərbaycan Televiziyasına dövlət büdcəsindən ildə 50 milyondan çox pul ayrılır. O pula neçə ailə insitutun təbliğ edən film, serial çəkmək olar. Amma hanı? Futbol yarışmasından başqa heç nə yayımlamır. Çünki futbolda pul var”.
Qeyd edək ki, ailə məsələləri üzrə ekspert Təvəkkül Əliyev dünən Axar.az saytına müsahibəsində boşanmalar haqda danışarkən medianı ciddi ittiham edib.
Şəfiqə Nazimqızı