25 Aprel 2017 00:13
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balıqlar oksigen çatışmazlığı nəticəsində tələf olublar

Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi balıqçılıq təsərrüfatında balıqların kütləvi tələfatı baş verib. Bununla əlaqədar Ağcabədi Rayon Baytarlıq İdarəsi rayonun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi balıqçılıq təsərrüfatında balıqların kütləvi tələfatı ilə bağlı həmin təsərrüfatın ərazisinə baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı süni göldə 3 növdən ibarət (çəki (sazan), belamor və talıstov) olan balıqların kütləvi tələf olması müəyyən edilib. Həmçinin, təsərrüfat Dövlət Baytarlıq Nəzarəti Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.

Bir hektardan çox ərazini əhatə edən süni göldə tələf olan balıqların ölüm səbəblərini müəyyən etmək üçün onlardan nümunələr götürülərək Bərdə zona Baytarlıq Laboratoriyasına və Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Tələf olan balıqlar süni göldən toplanaraq Ağcabədi Rayon Baytarlıq İdarəsi əməkdaşlarının nəzarəti altında zərərsizləşdirilib.

Laboratoriyalarda aparılan müayinələr zamanı götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Ehtimal edilir ki, balıqların saxlandığı süni gölə təzə su verilmədiyindən və göldə su dövriyyəsi pozulduğundan balıqlar oksigen çatışmazlığı nəticəsində tələf olublar. Balıqların kütləvi tələfatı yalnız Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi təsərrüfatda qeydə alınıb. Rayonun digər təsərrüfatlarda balıqların kütləvi tələfatı qeydə alınmayıb və rayonda epizootik vəziyyət sabitdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər