Valyutadəyişmə məntəqələrinin ləğvi həm turistlər, həm də vətəndaşlar arasında narahatlığa səbəb olmuşdu, müəyyən çətinliklər yaratmışdı. Əlbəttə, çox müsbət haldır ki, bu gün qanuna dəyişiklik parlamentə təqdim olunur və yenidən valyutadəyişmə məntəqələrinin açılmasına şərait yaradır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Parlamentin bu gün keçirilən plenar iclasında “Valyuta tənzimi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı
bildirib.
Q.Həsənquliyevin sözlərinə görə, burada təqdirəlayiq hal vətəndaşlara bu qanundan yararlanmaq imkanlarının tanınması ilə bağlıdır:
“Ancaq qanunda lisenziyanın alınması üçün müraciət bəndi var. Burada fiziki şəxslərə lisenziya verilməsi məsələsindən söhbət gedir. Fiziki şəxsdən dövlət qeydiyyatına alınmaq üçün şəhadətnamənin sürəti əvvəlcədən tələb olunur. Bəlkə buna lisenziya verilməyəcək? O zaman nə üçün bu adam vergi ödəyicisi kimi qeydiyyata durmalıdır? Mən çox istərdim ki, bu məsələyə aydınlıq gətirilsin".
Deputat bildirib ki, digər təklifi qanunun 13-1.2.3 bəndi ilə bağlıdır: "Burada deyilir ki, ərizədə qeyd olunan obyektlərin hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədin natarioat qaydada təsdiq olunmuş sürəti tələb olunur. Əgər bir adam lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi istifadə edə biləcəyi obyekti yoxdursa, o zaman nə üçün gedib kiminləsə müqavilə bağlamalı, pul ödəməlidir? Hesab edirəm ki, bunun əvvəlcədən tələb olunması da doğru deyil. Ən azından lisenziyanın verilməsi ya iki mərhələdə həyata keçirilməlidir, ya da bunun tələb kimi qoyulması doğru deyil”.
Cavad