25 Aprel 2017 14:40
3 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntihar etmək istəyən 38 yaşlı Sabunçu qəsəbə sakini Şaiq İsgəndərovun xilası ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bu barədə Şaiq İsgəndərovu xilas eləmiş Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Ələsgər Hüseynov Teleqraf.com-a danışıb.

Ələsgər Hüseynov hadisənin aprel ayının 14-dən 15-ə keçən gecə baş verdiyini deyib: “Özünə qəsd edən Şaiq İsgəndərov qolları kəsilmiş vəziyyətdə şəklini çəkib, “Bu da son” sözlərini yazıb və vatsap vasitəsi ilə Rusiyada yaşayan dostuna göndərib. Dostu da bu şəkili soail şəbəkədə paylaşıb, bildirib ki, mən Rusiyadayam, Bakıda onun yaşadığı yeri bilən varsa, ona kömək etsin.
Vətəndaşlar Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin feysbukda status yazaraq intihar etmək istədiyini bildiriblər.

Biz həmin vaxt əməliyyat qrupunda idik və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat daxil oldu. Əlavə heç bir məlumat yox idi. Biz və əməkdaşlarımız hadisəni araşdırmaq üçün əməliyyata çıxdıq. Son məlumat o idi ki, ünvan Sabunçu raqəsəbəsi “Xəstəyanı” küçəsindədir.

Küçənin adını xəstəxananın yanında olan bina kimi anlamışdıq. Sonda mən nazirliyinin “102” Mərkəzinə zəng vuran vətəndaşla əlaqə yaratdım. Telefonda bildirdi ki, məlumatı o da sosial şəbəkədə görüb. Daha sonra intihar etmək istəyənin Rusiyadan məlumat verən dostunu sosial şəbəkədə axtardıq və əlaqə yaratdıq. Məlumat verdi ki, ünvan “Xəstəyanı” küçəsi, ev 16-dır. Yaxınlaşdıq həmin əraziyə. Küçənin hamısının üzərinə “Xəstəyanı küçəsi, ev 16” yazılmışdı, bilmədik hansı evə girək”.

Ələsgər Hüseynov bildirib ki, Şaiqin tanışlarından bir nəfəri tapıb və telefon nömrəsini əldə edib: “Özü ilə danışdım. Dedim, mən küçədəyəm, heç olmasa mənə qapının rəngini birtəhər pıçılda. Xırıltı ilə dedi ki, qırmızı qapı. Sonradan məlum oldu ki, qapı qırmızı yox, boz rəngdədi. Gecə saat 05:00 radələrində məcbur olub, vətəndaşların hamısını narahat etdik.

Hətta vətəndaşlar da dedilər ki, qardaş, internetdə paylaşılan şəkilin arxası ilə heç vaxt belə düşən olmayıb. Bəlkə kimsə zarafat edir. Dedim birdən zarafat olmasa, necə olacaq?

Sonda gördüm üzbəüz iki qapı var. Qapını döydüm, vətəndaşa sosial şəbəkədə üzünün yarısı düşən Şaiqin şəkilini göstərdim. Bildirdi ki, tanımır, əməliyyatı yekunlaşdıranda üzbəüz qapını döydüm. 35 yaşlı bir şəxs qapını açdı. Şaiqi soruşanda bildirdi ki, qardaşıdır, evdə birlikdə yaşayırlar. Dedi, Şaiq öz otağında yatır. İcazə alıb, otağına baxdıq ki, iki qollarını kəsib, huşunu itirib. Yetərincə qan itirsə də, təcili tibbi yardım maşını gələnə kimi qollarını bağladıq.

Çiyinlərindən də qolların sıxdıq ki, daha da qan itirməsin. Daha sonra onu 3 saylı şəhər klinik xəstəxanasına gətirdik”.

Ələsgər Hüseynov qeyd edib ki, Şaiq İsgəndərov heç kimlə problemi olmayan insandır: “Şaiqin 13 yaşı olanda qardaşı Qarabağ Müharibəsində şəhid olub. Aprel döyüşlərindən sonra hər gün qardaşının ölümünü xatırlayıb və bu ona təsir edib. 2 ay bundan əvvəl ailəsindən də ayrılıb. Amma dediyinə görə, intihara səbəb ailəsi olmayıb. İndi vəziyyəti yaxşıdır. Hər gün əlaqə saxlayıram. Etdiyi hərəkətə görə peşmandır, söz verib ki, buir daha belə bir şey etməyəcək”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər