Teleqraf.com xəbər verir ki, Nərgiz Paşayevə bu barədə jurnalistlərə açıqlama verib.
O, belə bir mükafata layiq görüldüyü üçün AMEA prezidentinə minnətdarını bildirib: “Elmi müəllimlərindən öyrənmişəm. Bu məqamda müəllimlərimə minnətdaram. Onlar bizi öyrədiblər, indi də öyrədirlər. Sözügedən mükafatın dəyərini və məsuliyyətini anlayıram.
Dünyada aqillər hər zaman qüvvətli, cahillər isə zəif olur. Arzu edirəm ki, əməyim elmimizi daha qüvvətli etsin. Azərbaycan elmi daha geniş müstəvidə, beynəlxalq müstəvidə öz təsdiqini tapsın, Oksford kimi Universitetdə öz təzahürünü, layiqli yerini tapsın. Nizami Gəncənin adı Oksford Universitetində daimi qalsın.
Çünki Oksford Universitetinin devizi tanrı məni işıqlandırdır. Nizami Gəncəvi isə yazmışdı, mənim misralarımdan gözlərə işıq gəlir. Bu gün Nizami işığının və bizim elmimizin, mədəniyyətimizin təntənəsidir".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 28-də keçirilən ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" öz sahiblərinə təqdim olunub.
Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələrini ictimayyətə açıqlayan AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülən alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu, Komissiyanın bu il keçirilən yekun iclasında Qızıl medala layiq görülən namizədlərin seçildiyini bildirib.
Müsabiqənin nəticələrinə görə, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland Qızıl medala layiq görülüblər.
İlhamə ƏBÜLFƏT