Teleqraf.com xəbər verir ki, bu fikirləri oftalmoloq, şair Paşa Qəlbinur oftalmoloq alim Zərifə Əliyeva haqda xatirəsini bölüşərkən qeyd edib.
Onun fikrincə, Zərifə Əliyeva o insanlardandır ki, haqqında pedaqoq, alim, həkim, həmkar, ailə ocağının qoruyucusu kimi də danışmaq olar:
“O, zamanı qabaqlamış alim idi, Bütün bu müxtəlif həyat sahələrində o, ən yüksək qiymətə layiqdir. Onun oftalmologiya elmi qarşısındakı xidmətlərini tam qiymətləndirmək mümkün deyil. Sadəcə, demək kifayətdir ki, məhz onun sayəsində Azərbaycanda möhtəşəm və qürurumuz olan Milli Oftalmologiya Mərkəzi fəaliyyət göstərir. Ümumittifaq Göz Xəstəlikləri İnstitutunda əvvəlcə aspirantura, sonra doktoranturada təhsil alanda mənə Zərifə xanımla elmi tədbirlərdə, “Vestnik oftalmoloqii” (Вестник офтальмологии) jurnalının redaksiya heyətinin iclaslarında görüşmək və onunla söhbət etmək nəsib olub. Və hər dəfə də o, mənim elmi işimin necə getməsi ilə çox diqqətlə maraqlanırdı. Bir dəfə isə məni çox sevindirib dedi ki, Heydər Əliyev də uğurlarımı izləyir. Onlar, həqiqətən də, inanılmaz dərədəcə nadir insanlar idi”.
Qeyd edək ki, dünən görkəmli alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü olub.
Kəmalə