2 May 2017 09:27
12 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinsi problemi olan kişilər isə illər uzunu o problemlə yaşayır, amma həkimə müraciət etmirlər.

Teleqraf.com-un suallarını seksopatoloq-androloq Orxan Ağabəyov cavabladırıb.

- Həkim, insanlar nə üçün seksopatoloqa müraciət etməlidirlər?
- Bunun səbəbi sadədir. Hər bir insanın müxtəlif orqanları və sistemi var. Cinsiyyət sistemi də onlardan biridir. Digər orqanlarda problem oduğu kimi, cinsiyyət sistemində də problem olur. Onların həlli üçün həkimə müraciət olunmalıdır. Amma Azərbaycan reallığında belə müraciətlər şikayətlərə uyğun deyil. Məsələn, insanın ürəyi ağrısa, həkimə üz tutacaq, cinsi problemi olan kişilər isə illər uzunu o problemlə yaşayırlar, amma həkimə müraciət etmirlər.

- Sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
- Daha çox 22-40 yaş arası şəxslər müraciət edir. Azərbaycanda cinsi həyat xarici ölkələrdən bir az gec başlayır. Əksər kişilərimiz düşünür ki, 40 yaşda sonra cinsi münasibətə ehtiyac yoxdur, problem varsa, bununla yaşayacam. Xarici ölkələrdə belə deyil. Onlarda ailə həyatı 35 yaşdan sonra başlayır.
Bu gün oxuyuram ki, aktyor Al Paçino 77 yaşını 38 yaşlı məşuqəsi ilə qeyd edir. Yəni 77 yaşında belə onun üçün cinsi münasibət əhəmiyyətlidir. Çünki onlar üçün yaş məhdudiyyəti yoxdur. Bizim kişilər isə özləri üçün yaş məhdudiyyəti qoyurlar. Kişilər daha çox cinsi zəiflik, erkən boşalma, cinsi infeksiyalar, sonsuzluq, toy gecəsi, prostat xəstəliklər və digər problemlərlə müraciət edirlər.

-Bu da bir reallıqdır ki, Azərbaycada bir çox kişilər evlilik üçün özünü hazır hiss etmir. Bir növ uğursuz evlilik olur...
- Bəli. Təəssüf ki, subay əhalinin böyük hissəsi ailə həyatına hazır deyil. Toy gecəsi də mühim problemlərdən biridir. Uğursuz cinsi debüt ən müxtəlif psixoloji və seksoloji problemlərin səbəbidir. Bunun üçün də ölkədə viroqamiya (bakir nikah) geniş yayılıb. Bu zaman nikaha daxil olan qadın və kişi uzun müddət cinsi yaxınlıq edə bilmir. Azərbaycanda gəlinin bakirəliyi çox vacibdir. Bunun nəticəsində hətta xüsusi insanlar - yengə də təyin edirlər. Həmin yengə toy gecəsindən sonra da hər şeyin qaydasında olduğunu təsdiq etməlidirlər.
Bir çox kişilərin toy gecəsində müxtəlif problemləri, qorxuları meydana çıxır. Bu da ereksiyanın itirilməsinə səbəb olur və tutarsızlıq, gələcəkdə isə uğursuzluğa uğramaq, rüsvay olmaq, öz kişilik mənsubiyyətini təsdiq etməmək qorxusu kimi meydana çıxır. Birinci toy gecəsində uğursuzluğun səbəbləri var. İntim şəraitin olmaması, qarşıda duran hesabat, cinsi yaxınlığın yubadılması zamanı yaranan problemlər bu səbəblərə aiddir.

Toya hazırlaşan cütlüklər toy gecəsinə əsaslı şəkildə hazır olmalıdırlar. Əhəmiyyəti az olmayan detalları nəzərə almaq lazımdır. İntim görüşün keçəcəyi otağın qapısını bağlamaq, işıqlandırmasınına diqqət yetirmək pis olmaz. Həddən artıq gur işıq qadını artıq dərəcədə utandırır, tam qaranlıq isə kişini öz həyat yoldaşının çılpaq bədənini görməkdən məhrum edir. Cinsi münasibət zamanı kişi qarşı tərəfə təzyiq göstərməməlidir. Eyni zamanda qadın da qorxudan başını itirməməlidir.

Ailədən uzaq qalan kişilərdə...

- Orxan bəy, intiharların çox zaman gizli pərdəarxası olur. Sizcə, intihar hadisələrində - ailəli olan və ya gənc insanlar arasında - seksual patologiyalarin rolu olurmu? Sizcə, belə patologiyalar insanlara hansı daxili əzab yaşada bilir?
- Fikrimcə, yox... Bu mövzu hər bir kişi üçün əhəmiyyətli olsa da, intihara qədər gətirib çıxarmaz. Xəstələr olub ki, özünü öldürmək istədiyini deyib. Amma bu elə mövzu deyil ki, intihara gətirib çıxarsın. Bizim sahələrdə intihara yox, boşanmaya gətirib çıxaran səbəblər ola bilər. Boşananlar deyirlər: Xasiyyətimiz uyğun gəlmədi, anası evliliyimizə mane oldu, evimiz olmadı - bunları önə gətirilən, bəyan olunan səbəblərdir...
Birgəyaşayışda seksual sferanın çox böyük əhəmiyyəti var. Bu səbəb Azərbaycan reallığında dilə gətirilməsə də, boşanmaların böyük səbəbi cinsi problemlə bağlıdır. Sonsuzluq da boşanmalara təsir edir. Nikahın ilk 2-3 ilində uşaq yoxdursa, xasiyyət problemləri niyə görəsə artır... Uşaq varsa, problemlər azalır.

- Statistikaya görə, hər on ər-arvaddan biri sonsuz olur. Kişilərdə sonsuzluğun səbəbi nədir?
- "Sonsuz nikah" deyilən bir anlayış var. Bu, müxtəlif kontrasepsiyadan istifadə etmədən cinsi həyatın 12 ayı ərzində hamiləliyin baş tutmadığı nikahdır. Qeyd etmək lazımdır ki, qadın xəstəlikləri dünyaya uşaq gətirə bilməyən, yalnız 40 faiz ailələrdə sonsuzluğun səbəbi olur. 45 hallarda isə günahkar kişi olur. Qalan 15 faiz isə kişi və qadın orqanizmlərin uyğunsuzluq hallarına düşür (immunoloji adlandırılan sonsuzluq forması və digər daha nadir hallar). Kişi sonsuzluğunun əsas səbəbləri sidik- cinsiyyət orqanalarının iltihabı xəstəlikləri (uretrit, prostatit və sair), cinsi yolla ötürülən xəstəikləri (süzənək, xlamidizol və sair), cinsi- seksual pozulmalar, xaya torbası orqanlarının travması, cərrahi müdaxilələr, şəxsi münasibətlərdə münaqiəli vəziyyətlər və s. Kişi sonsuzluğunun müalicəsi hər iki həyat yoldaşından hövsələ və aydın məqsədlərin olmasını tələb edən mürəkkəb və uzun müddətli prosesdir. Müalicə sxemi xəstəliyin formasından, mərhələsindən, ilk səbəblərindən, eləcə də xəstənin müxtəlif preparatlara fərdi dözümlüyündən asılıdır. Yalnız həkim müşahidəsi altında kompleks və düzgün seçilmiş müalicə gözlənilən nəticəyə gətirib, çıxara bilir.

- Bəzən deyirlər, gənc yaşlarda qadınlarla birlikdə işləyən kişilərdə cinsi zəiflik olur. Hansı sahədə çalışan kişilərdə cinsi zəiflik ehtimalı böyükdür?
- Deməzdim ki, xüsusi bir sahə var, orda cinsi zəiflik daha çox rast gəlinsin. Sadəcə dənizçilər, neftçilər ailədən, cinsi partnyordan kənar olurlar. Bu şəxslərin əksəriyyətində cinsi problem olur. Bu da çox neqativ faktordur. Çünki cinsi həyat müntəzəm olmalıdır. Ümumiyyətlə isə cinsi problemlər o kişilərdə olur ki, daim gərgin işdə işləyirlər, əsəb və stress pozğunluğu nəticəsində cinsi zəiflik yarana bilir. İş prosesi kişiləri rejimdən kənar qidalanmağa vadar edir.

Qidaların yeyilməsinə də diqqət yetrilməldir. "Fəst fud"ların tərkibində maddələr var ki, kişilərin cinsiyyət sistemində mənfi dəyişikliklərə gətirib çıxarır. Gündəlik olaraq daha çox qazlı su, şirniyyat qəbul edən kişilərdə də eyni formada cinsi zəiflik baş verir. Normal qidalanmaq üçün ilk növbədə meyvə yeyilməldir, meyvə şirələri, meyvə quruları, təbii bal, normal yağsız ət, dəniz məhsullarından istifadə edilməldir. Hər şeyin həddi olmalıdır.
Məsələn, həftədə 2 parç pivə içmək böyük problem yaratmaz. Amma həddi aşırsa, neqativ təsir edəcək. Bizim cəmiyyətdə insanlar çalışır ki, hər şeyin maksimum etsinlər. Bunun üçün bu cür proseslər neqativ təsir edir.

Pornonu tamam məhdudlaşdirmaq düz deyil

- Həkim, dünyada, o cümlədən Azərbaycanda kişilərin qadınlaşması, qadın olmaq arzusu kütləviləşə bilərmi? Belə qadınlaşmanı nə ilə, hansı amillə izah etmək olar?
- Bu, cinsi oriyentasiya problemidir. Bu problemlə bizim sahə məşğul olmur. Dünya tibbi homeseksualığı xəstəlik kimi qəbul etmir. Bu mövzuda hansısa proqnoz vermək düz deyil. Oriyentasiya problemlərinin səbəbləri bilinmədiyi üçün dünya tibbi belə hələ də onu araşdırır.

- Hazırda əsas cinsi pozğunluqlar, patologiyalar, xəstəliklər hansılardı?
- Cinsi zəiflik ümumi termindir. Onun da dərəcələri var. Kimsə ümumiyyətlə cinsi əlaqədə ola bilmir, yaxud əvvəl olub, amma indi cinsi münasibətdə olmur. Buna uyğun olaraq fərqli müraciətlərlə qarşılaşırıq. Hazırda həm kişilərdə, həm qadınlarda cinsi partnyorların sayı artdığına görə cinsi infeksiyaların da sayı həddən artıq çoxalıb. Əvvəllər 1-2 partnyor vardısa, indi onun sayı artıb. İndi nikahdan əvvəl İİV, hepatit yoxlanır. Əlbəttə, bu xəstəliklərin müalicəsinin çətinliyi təsdiqlənib. Amma müəyyən infeksiyalar da var ki, dəhşətli təhlükə deyil, amma cinsiyyət sisteminə ziyan verir.

Ölkəmizdə infeksiyalara münasibət qrip kimidir. Yaxınlaşırlar tanıdıqları aptekə, deyirlər ki, məndə axıntı var, hansı dərmanı məsləhət görürsüz? Onlar da dərman deyir. Tutdusa, sağalır, ya da əksinə olur. Vəziyyət daha da ağırlaşır. Bu yolverilməzdir. Həkim analiz etmədən heç bir söz deyə bilməz. Onlarda o infeksiya sağalmasa, təbii ki, başqa bir adamla cinsi münasibətdə olacaq və o insana da bu xəstəliyi keçirəcək.

Virusların müalicəsi yoxdur. Tam sağalmır. Biz müalicə edirik ki, virus aktiv vəziyyətdə olmasın, keçmə ehtimalı azalsın. Xəstəliyin hər kəskinləşmə dövründə həkimə müraciət edilməldir. Amma bizim insanlar 1-2 müraciətdən sonra həkimə getmirlər. Belələri daşıyıcı olduqları üçün virusun yayılma tendensiyası çoxdur.

- Porno-videolara baxmaq gənclərə necə təsir edir? Xarici ölkələrdə cinsi tərbiyə deyilən bir anlayış var. Niyə Azərbaycanda gənclərə bu tərbiyə aşılanmır?

- Bir çox ölkələrdə qadın məsləhətxanaları var. Ana qızının ilk menustrasiyası vaxtı onu həmin xəstəxanalara aparır. Nəticədə qızlar davamlı olaraq ginekoloqa müraciət edir, müayinədən keçirlər. Amma kişi məsləhətxanaları yoxdur. Azərbaycan reallığında valideynlərin oğlan uşaqları ilə aralarında pərdə var. Yeniyetməlik dövründə oğlan uşaqları valideynlərə müraciət etmirlər. Onun üçün oğlan uşaqlarının cinsi əlaqənin necə olması, prezervativlərdən istifadə barədə məlumatları olmur. Adi prezervativlərin istifadəsi etmək belə Azərbaycanda qadağan olmuş bir mövzudur. Bu da mentalitetdən irəli gəlir. Cavan oğlan bu informasiyaları kor-koranə dostlarından, internetdən öyrənir.

Adı bir şey deyim. Bu yaxınlarda 33 yaşlı bir xəstə gəlib ki, mənim xayalarım torbasında deyil, daha yuxarı hissədərir. O adama deyəndə ki, artıq sənin uşağın ola bilməz, bunu qəbul etmir. Bunu xaricdə hansısa həkimə danışsam, mənə deyər ki, bu fantaziya məhsuludur.

Porno məsələsi isə çox ölkələrdə qabardılmır, amma çox vacib mövzudur. Azərbaycanda porno 1990-ci illdərdən yayılıb. Həmin illərdə pornoya baxmaq üçün bir videokaset lazım olurdusa, hazırda bir düyməyə toxunmaqla pornoya baxmaq olur. Kişilər üçün vizual qadın görüntüsü adiləşir. Onlar monitora baxaraq elə görüntülərlə ehtiraslanır ki, real seks zamanı o görüntülər olmayacaq. Kişidə qeyri-adekvat sekusal kreativ yaranır. Yəni, real olmayan hərəkətlərə ehtiraslanır və onu qarşı tərəfə tətbiq edən zaman problem yaranır.

Daha sonra həmin şəxsdə cinsi zəiflik olur. Pornonu tamamilə məhdudlaşdırmaq düzgün deyil. Hər şey həddində yaxşıdır. Hədd varsa, heç bir problem olmayacaq. Cinsi yetişkənlik dövrü kişidə 17 yaşdır, amma Azərbaycan reallığında bu dövr 25 yaşda başlıyır.

- Azərbaycanda prezervativlərin alıcısı daha çox kimlərdir?

- Prezervativ seksual müdafiənin ən optimal üsuludur. O, sağlamlığa ziyan vurmur, arzuolunmaz hamiləlikdən və yoluxan müxtəlif xəstəliklərdən maksiumum müdafiə edir. Azərbaycanda prezervativlərin 90 fazini kişilər alır. Bunun üçün keyfiyyətli, pis vəziyyətdə qoymayan prezervativlərin seçimində məsuliyyəti kişilər daşıyır. Yalnız tanınmış istehsalçıların prezervativlərini almaq və əmin olmaq lazımdır ki, onların istifadə vaxtı keçməyib.

Onları bir dəfə istifadə etmək vacibdir. Heç bir konstrasepsiya metodu hamiləlik və cinsi yolla ötürülən xəstəliklərdən 100 faiz zəmanət vermir. Hazırda yalnız prezervativlərdən düzgün istifadə etməklə bu riskləri əhəmiyyətli dərəcədə azaltmaq olar.

- Orxan bəy, bir neçə il əvvəl misirli alim deyirdi ki, islamda qadının seks ehtiyacı gündəmə gətirilməlidir. Doğurdanmı belə edilməlidir?

- Qadın, kişi eyni hüquqa malik insanlardır. Kişinin ehtirasa necə ehtiyacı varsa, qadın da elədir. Bəzi müsəlman ölkələrdə, Azərbaycan da daxil olmaqla bu mövzu qapadılır. Sivil ölkələrdə qadının istəyi nəzərə alınmalı, əsas götürülməlidir. Cəmiyyət isə bu cür hesab etmir. Bu problemin nə zaman düzələcəyi isə bilinmir.

Sadiq Əhmədli


Müəllif:

Oxşar xəbərlər