Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, Komitə İqtisadiyyat Nazirliyi ilə birgə qəbristanlıqlar və dəfn işinin təşkili ilə bağlı məsələlərin tənzimlənməsi üçün qaydalar layihəsini hazırlayaraq müvafiq quruma təqdim edib:
“Həmin layihə hazırlanarkən bütün aidiyyəti qurumlardan rəy alınıb. Hazırda bu istiqamətdə iş gedir”.
İlahiyyatçı Elvüsal Məmmədov standart qəbristanlıqların yaradılmasına münasibət bildirib.
Onun sözlərinə görə, şəriət ölüm anlayışına başqa cür baxdığı və ölümdən sonra da həyatın davam etdiyini bildirdiyi üçün insanların xatirələrinin əbədiləşdirməsi ənənəsi dində mövcud deyil: “Ona görə də dəbdəbəli qəbir daşları, abidələr, tikililər şəriət tərəfindən qadağan edilir. Madam ki, hər kəs o dünyada diriləcək, qiyamət olacaq onda bu cür xatirələri əbədiləşdirməyə ehtiyac yoxdur. Yəni şəriət qəbrin çox sadə olmasına üstünlük verir”.
İlahiyyatçı hesab edir ki, bu barədə ayrıca qanun qəbul etməkdənsə, maarifçilik işi aparmalıdır: "Kim necə qəbir istəyirsə edə bilər. Kiməsə qəbri o cür elə, bu cür elə demək olmaz. Əvəzində telekanallarda və digər KİV-lərdə sağlam maarifləndirmə işi aparılsa, şəriətin qayda-qanunları izah olunsa, insanlar özləri anlayacaqlar ki, bu, səhv və dinə zidd ənənədir. İnsanlar anlamalıdırlar ki, dəbdəbənin ölüyə heç bir xeyri yoxdur”.
Sosioloq Asif Bayramov isə bildirib ki, qəbristanlıqlar kifayət qədər böyüyür və geniş əraziləri zəbt edir: “Bu məsələ gec-tez dövlət qarşısında duran problemlər kimi həllini tapmalıdır. Avropa praktikasından bəhrələnə bilərik. Biz məsləyə milli əxlaqımız, adət-ənənələrimiz baxımından yanaşsaq, bu, müəyyən psixoloji sədlər, sosiol müqavimətlər yaradacaq. İnsanlar var imkanlıdır deyə, 10-15 sot torpaq alır. Həmin torpağı da hasara alaraq, mərmərlətdirir. Demək olar ki, özünün ailəsinin, gələcək nəsilinin də qəbirlərini təmin edir. Sabah bir kasıb ölüsünü basdırmağa bir qarış yer tapmaqda çətinlik çəkir. Bu da sosial narazılıqlar, gərginlikləri artırır.
Dövlət buna görə də standart model təqdim etməlidir. Lakin o standartların reallaşması üçün sürətli sosial təbəqələşmə və sosial qütbləşmənin aradan qalxması lazımdır. Əks halda qəbirstanlıqların standartlaşdırılması ehtimalı azdır”
Şəfiqə Nazimqızı