Əmanətçilərin sözlərinə görə, bir-bir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq baş idarəsinə çağırılaraq, hədə-qorxu və təzyiqlərlə üzləşiblər. MTN-in vəzifəli şəxsləri bankda batan pullardan əlavə əmanətçiləri həbs etməklə hədələyib, yenidən onların külli miqdarda pullarını alıblar.
2015-ci ildə MTN ləğv olunandan sonra əmanətçilər prokurorluğa şikayət ediblər və MTN-in vəzifəli şəxsləri tərəfindən külli miqdarda vəsaitlərinin ələ keçirildiyini bildiriblər.
Bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində araşdırma aparılıb. Şikayətçilərin dedikləri təsdiqini tapıb.
Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərov məsuliyyətə cəlb olunub. Hazırda onun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılır.
Teleqraf.com xəbər verir ki, Vüsal Ələkbərovun cinayət işində adı keçən zərərçəkmişlər – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Musənnif Salahov və Akif Qurbanov hesab edirlər ki, onlara qarşı mütəşəkkil dəstə tərkibində cinayət törədilib. Onlar digər dəstə üzvlərinin də istintaqa cəlb edilməsini istəyirlər.
Zərərçəkmişlər bununla bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş prokuror Zakir Qaralova, Prezident Admisrtasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, ədliyyə naziri, məhkəmə hüquq-şurasının sədri Fikrət Məmmədova və dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət ediblər.
Müraciətdə qeyd edilir ki, “Texnikabank” ASC-nin keçmiş əmanətçiləri kimi ləğv edilmiş MTN-in rəsmiləri tərəfindən həm vətəndaş, həm də əmanətçi kimi hüquqları pozulub: “Başımıza gətirilən müsiblətlər, qarşılaşdığımız haqsızlıq, məruz qaldığımız hədə-qorxularla varidatimızın ələ keçirilməsi və bizlərə qarşı yönəldilən mənəvi terror barədə ətraflı məlumat çatdırırıq. Bildirmək istəyirik ki, tərəqqi yolunda inamla irəliyən Azərbaycanımızın hazırkı real inkişafını gözü götürməyən MTN rəhbəri Eldar Mahmudovun, Akif Çovdarovun və onların əlaltıları, qanunazidd əməllərinə görə həbs edilən və hazırda Bakı istintaq təcridxanasında saxlanılan Vüsal Ələkbərovun, habelə MTN-in Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin bizlərə, həmçinin onlarla namuslu insanlara qarşı yönəltdikləri qanundankənar təqibləri, zorakılıqları və hədə-qorxu ilə talançılaqları, rüşvətxorluqları yalnız dövlətimizi sarsıtmağa, bilərəkdən sosial gərginlik yaratmağa, zəhmətsiz haram yolla varlanmağa hesablanmışdı”.
Şikayətçilər bildiriblər ki, başlarına gətirilənin baş qəhrəmanlarından biri də “Texnikabank” ASC-nin müşahidə şurasının sədri, ləğv edilmiş MTN rəhbəri Eldar Mahmudovun sağ əli hesab edilən Etibar Əliyevdir: “Əgər Etibar Əliyev xəlvəti yolla MTN rəsmiləri ilə əməkdaşlıq etməsəydi, onlarla əlbir-dilbir olmasaydı və MTN-ə gizli yolla informasiyalar ötürməsəydi, Vüsal Ələkbərov və ya Mövlam Şıxəliyev hardan bilmiş olardılar ki, biz əmanətçilər banka nə qədər vəsait yatızdırmışıq?
Bizim hər birimizi bu gün bir sual çox dərindən düşünməyə vadar edir ki, görəsən, qanuni yolla banka əmanət etibar etmək nə vaxtdan bəri dələduzluq sayılır və bunun MTN-ə nə aidiyyəti var? Banka əmanət yatızdırmaq həqiqət cinayət hesab edilirsə, bəs onda Etibar Əliyev hansı zərurətə görə yalnız biz 8 nəfərin siyahısını MTN-ə göndərib? Bizdən savayı “Terxnikabank”da digər əmanətçiləri mövcud deyildimi?
Birmənalı olaraq bu sualları özümüz cavablandırırıq. Ləğv edilmiş MTN-i yalnız iri məbləğdə olan əmanətlər maraqlandırmış. Bəlli olduğu kimi dövlətin təhlükəsizliyini qorumalı olan MTN öz ana işindən savayı bütün iyrənc işlərlə, hətta adam oğurluğu ilə də məşğul olub. İllər öncə Hacı Məmmədovun cinayətkar əməllərini ifşa edib, sonra onun funksiyasını məhz Mövlam Şıxəliyev və Vüsal Ələkbərov icra etməyə başlayıblar.
Qeyd etməyi zəruri sayırıq ki, əsl dələduzluq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hədə-qorxu ilə özgənin malını, pulunu ələ keçirməkdir. Günahımız nə idi ki, Vüsal Ələkbərov və Mövlam Şıxəliyev bizlərə işgəncə verməklə və hədə-qorxu tətbiq etməklə, həm son qəpiyə qədər pullarımızı aldılar, həm də bankdakı əmanətlərimizi batırdılar?!”
Şikayətçilər əlavə ediblər ki, baş vermiş hadisədən dərhal sonra “Texnikabank”ın digər əmanətçiləri banka olan inamlarını itiriblər, buna görə də bankdan əmanətlərini geri almağa başlayıblar: “Həmin dövrdə bu hərəkət digər banklarda da müşahidə edildi. Beləliklə, 8 nəfər - hər birimiz keçirdiyimiz əsəb gərginliyinə və psixoloji sarsıntılara görə bir neçə ciddi xəstəlik tapdıq. Onu da əlavə etmək zərurəti yaranır ki, neçə aylardır başımıza gətirilən faciənin təfərrüatları barədə ali hakimiyyət və hüquq-mühafizə oraqnlarına göndərdiyimiz müraciətlərə heç bir reaksiya verilmir”.
Şikayətçilər müraciətlərində həmçinin Vüsal Ələkbərovun və Mövlam Şıxəliyevin hədə-qorxu və zorakılıqla onlardan aldıqları külli mqidarda rüşvət barədə məlumat veriblər. Bildirilib ki, hədə-qorxu yolu ilə Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min, Bahəddin Sultanovdan 370 min ABŞ dolları, Musənnif Salahovdan 600 min, Akif Qurbanovdan 2 milyon manat alıblar.
“Təqdim etdiyimiz təsnifatdan göründüyü kimi ləğv edilmiş MTN-nin baş istintaq idarəsinin 2-ci şöbəsinin keçmiş rəisi, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Vüsal Ələkbərov və MTN-nin baş istintaq idarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev kimlərinsə dəstəyi ilə hələlik istintaqdan yayınan, toxunulmazlığına xüsusi status vəd edilən Mövlam Şıxəliyev neçə illər insanlara hədə-qorxu tətbiq etməklə rüşvətxorluqla məşğul olub. Onlar respublikada sahibkarlığın kökünü kəsməyə səy göstəriblər, bilərəkdən xalq arasında sosial narazılıq yaratmağa çalışıblar.
Adıçəkilən MTN əməkdaşları bu əyri, haram yolla milyardlarla sərvət, sərmayə toplayıblar, o qədər varlanıblar ki, onlar artıq insanlara həqarətlə baxmağa başlayıblar. Etibarlı mənbələrdən sızan dəqiq, düzgün informasilaradan bəlli olub ki, Vüsal Ələkbərovun, istintaqdan yayınan Mövlan Şıxəliyevin və Etibar Əliyevin Avropanın inkişaf etmiş ölkələrində də çoxlu sayda gəlirli sahələri var”, - deyə zərərçəkmişlər qeyd ediblər.
Zərərçəkmişlər müraciətlərində belə xahiş ediblər: “Hörmətli Mehriban xanım, respublikanın vətəndaşları kimi ünvanınıza göndərdiyimiz beşinci müraciətimizə xüsusi nəzarət göstərməyinizi, bizə dəymiş maddi ziyanın adıları çəkilən Vüsal Ələkbərov və Mövlam Şıxəliyev tərəfindən ödənilməsinə, eləcə də istintaqdan yayınan general Mövlam Şıxəliyev və Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsinə qəti göstəriş verməyinizi ailəmiz və doğmalarımız adından xahiş edirik”.
Hacı Zeynalov