Türkiyə ilə bağlı atılan istər fərdi, istərsə də dövlət səviyyəsində bütün mütərəqqi addımları alqışlayıram. Hesab edirəm ki, Türkiyə dövlətinin ən çətin məqamlarda Azərbaycanın yanında olması, Ermənistanla sərhədləri bağlaması, habelə Avropa Şurasının bu günlərdə Türkiyə ilə bağlı verdiyi qərarın Azərbaycanda ciddi etirazla qarşılanması yaxşı bir nümunədir. Bu, Azərbaycan və Türkiyənin tarixi birliyidir.
Bunu Teleqraf.com-a millət vəkili, professor Fəzail İbrahimli Türkçülük günü ilə bağlı fikirlərini açıqlayarkən deyib.
Professor qeyd edib ki, əslində, Türkiyə və türkçülük fərqli anlayışdır: “Azərbaycanda türk olmayan kifayət qədər xalqlar yaşayır. Bir də var türkçülük. Türkçülük sənin millətinin, ruhunun ifadəsidir. Bu sənin hansı millətdən olduğunu ifadə edir. Odur ki, Türkiyə dövlətdir, türk onun milləti, türkçülük isə millətin ifadəsidir. Azərbaycan bütövlükdə Türkiyənin yanındadır. Azərbaycanda hansısa bir sosial qrup və ya partiya bu məsələdə fərqli mövqe tutmadı. Bu, təsadüfi deyil”.
Qeyd edək ki, mayın 3-ü qeyri-rəsmi olaraq Azərbaycanda, Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində və bir sıra başqa ölkələrdə Türkçülük günü kimi qeyd edilir.
Cavad