Əlbəttə, söhbət mayın 12-dən 22-dək Azərbaycan paytaxtında keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, yaxud qeyri-rəsmi adı ilə desək, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarından gedir. İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağını düşündükdə, Bakının necə möhtəşəm bir tədbirə ev sahibliyi etməyə hazırlaşdığı hər kəs üçün aydın olar.
Ev sahibliyi hüququ
Dörd il öncə – 2013-cü il iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirilirdi. Toplantının üçüncü günündə assambleyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının da təqdimatı oldu. Daha sonra assambleyda səsvermə baş tutdu və Azərbaycan yekdilliklə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazandı.
Yüksək səviyyəli təşkilatçılıq
2015-ci ilin aprelin 7-də IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycan ilə İslam Həmrəyliyi İdman Federasiyası arasında müqavilə imzalandı. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun imzaladığı müqaviləyə əsasən, IV İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olundu.
Təşkilati işlər sırasında isə sözsüz ki, ən mühüm olanı Prezident İlham Əliyevin 2015-ci il sentyabrın 18-də IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı sərəncam oldu. Sərəncamda təşkilat komitəsinin IV İslam Həmrəyliyi Oyunlarının layiqincə keçirilməsini təmin etmək məqsədi ilə yaradıldığı bildirilib. Bir sıra əlaqədar nazirliklərin rəhbərlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, digər yüksk çinli dövlət məmurlarının daxil edildiyi Təşkilat Komitəsinə sədrlik Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya həvalə olundu. Sözsüz ki, bu təyinatın həyata keçirilməsi təsadüfi deyildi. Mehriban Əliyeva indiyədək Bakıda bir sıra mühüm tədbirlərin keçirilməsində özünü bacarıqlı təşkilatçı kimi göstərmiş, böyük uğurlara imza atmışdı. Məhz onun rəhbərliyi ilə 2015-ci ildə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi mümkün olub. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanın təşkilatçılıq bacarığı haqqında dediklərini xatırlatmaq yerinə düşər: “Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır. Təsadüfi deyil ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevaya həvalə edilib. Bu Oyunların Təşkilat Komitəsinin sədri də odur və hazırlıq işləri yüksək səviyyədə aparılır. Əminəm ki, biz İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirəcəyik”.
Onu da bildirək ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi.
2015-ci ilin noyabrın 2-də Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası baş tutdu. Nihat Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasına Azərbaycan Respublikası adından Azad Rəhimov, Çingiz Hüseynzadə, Könül Nurullayeva və digər nümayəndələr qatıldı.
2016-cı ilin mayın 13-də “Bakı 2017” İslam Həmrəyliyi Oyunları” milli olimpiya komitələri üçün “Açıq gün” baş tutdu. IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi.
Su – İslam oyunlarının səyahət ünsürü
Nəhayət, 2017-ci il aprelin 5-də Bakıdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi.
Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Hər bir canlı üçün həyat mənbəyi, paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi.
Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. Hazırda bu proses özünün son mərhələsinə yaxınlaşmaqdadır. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 57 dövlətindən olan idmançıları oyunlarda salamlayacaqlar.
Oyunların tarixi
İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı-müəll.) 2001-ci ildə qərar qəbul edib. Qərara uyğun olaraq ilk oyunlar 2005-ci ilin aprelin 8-dən 20-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilib. Həmin il yarışlarda 55 İslam ölkəsini təmsil edən 6 min idmançı iştirak edib. 15 idman növü üzrə keçirilən oyunlarda ən çox medal qazanan ölkə ev sahibi olub. Dörd ildən bir keçirilməsi nəzərdə tutulan oyunlar ikinci dəfə 2009-cu ilin oktyabrında İranda baş tutmalı idi, ancaq İranla ərəb ölkələri arasında “Fars körfəzi” sözünün oyunlarda istifadəsi məsələsi ilə bağlı ciddi fikir ayrılığı yarandı. İran yarışların loqosunda “Fars körfəzi” yazılması iddiası ilə çıxış etdi. Məsələ ondadır ki, ərəblərin “Ərəb körfəzi”, farsların isə “Fars körfəzi” adlandırdığı bu akvatoriyanın adı son illərdə həm Tehran hakimiyyəti, həm də ərəb ölkələri üçün çox həssas məsələyə çevrilib. Oyunlar ərəfəsində də Səudiyyə Ərəbistanının təmsilçiləri medalların və mükafatların üzərindən “Fars körfəzi” ifadəsinin yığışdırılmasını tələb etmiş, əlavə olaraq bildirmişdi ki, onun yerinə ya “Ərəb körfəzi”, ya da sadəcə olaraq “Körfəz” yazılmalıdır. İranın geri addım atmaması nəticəsində ikinci İslam Həmrəyliyi Oyunları keçirilməmiş qaldı.
III İslam Həmrəyliyi Oyunları 2013-cü ilin sentyabrın 22-dən oktyabrın 1-dək İndoneziyanın Palembanq şəhərində baş tutdu. 13 idman növü üzrə 1769 idmançının mübarizə apardığı yarışmalarda ən çox medal qazanan ölkə Cəbub-Şərqi Asiyanın bu müsəlman ölkəsi oldu.
Bakıda 57 dövlətdən 6 min idmançı yarışacaq
Qeyd etdiyimiz kimi “Bakı-2017” İdman Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 57 İslam dövlətinin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Atletlərin yarışacağı idman növləri bunlardır; ağır atletika, atıcılıq, basketbol 3x3, bədii gimnastika, boks, cüdo və para cüdo, futbol, güləş, həndbol, idman gimnastikası, karate, stolüstü tennis, su polosu, suya tullanma, taekvando, tennis, uşu, üzgüçülük, voleybol, atletika/para atletika, zorxana.
İştirakçı ölkələrin siyahısı isə belədir; Əfqanıstan, Albaniya, Əlcəzair, Azərbaycan, Banqladeş, Benin, Bəhreyn, Bruney Darüssəlam, Burkina-Faso, Çad, Fil Dişi Sahili, Kamerun, Qəmər adaları, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya-Bisau, Qvineya, Qayana, İndoneziya, İran, İraq, Müstəqil İHİF idmançıları (Küveytdən olan idmançılar oyunlarda Müstəqil İslam Oyunları idmançıları kimi təmsil ediləcəklər və İHİF bayrağı altında yarışacaqlar. İdmançılar və məşqçilər İHİF adından akreditə olunacaqlar və İHİF uniformalarını geyinəcəklər. Qazanılan hər bir medal da İHİF bayrağı altında qazanılacaq – müəll.), İordaniya, Qazaxıstan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Qətər, Liviya, Livan, Mərakeş, Malayziya, Maldiv adaları, Mali, Mozambik, Mavritaniya, Nigeriya, Niger, Oman, Pakistan, Fələstin, Seneqal, Syerra-Leone, Somali, Sudan, Surinam, Suriya Ərəb Respublikası, Tacikistan, Türkmənistan, Toqo, Tunis, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Uqanda, Özbəkistan və Yəmən.
Oyunların maskotları – İncə və Cəsur
Hər bir geniş miqyaslı idman yarışının kimi “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının da maskotları var. İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər. Bu atlar İslam Həmrəyliyi Oyunlarının rəmzidir.
Avropa Oyunlarının idman obyektləri qapılarını İslam Oyunları üçün açmağa hazırlaşır
İki il öncə uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Oyunların açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda baş tutacaq. Bundan başqa Bakı Su İdmanı Mərkəzi, Su polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, Azal Arena, Dalğa Arena, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu kimi idman obyektləri oyunlar zamanı idmançıların ixtiyarına veriləcək.
Yekunda onu qeyd etmək olar ki, mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi məhz Azərbaycanda döyünəcək.
Səxavət HƏMİD