4 May 2017 10:33
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

“700 bal toplayacağımı gözləmirdim”.

Bunu Teleqraf.com-a Dövlət İmtahan Mərkəzinin bazara günü keçirdiyi imtahanlarda maksimum nəticə göstərən abituriyent, akademik Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova deyib.

Üçüncü ixtisas qrupuna imtahan vermiş Səbinə İsmayılovanın sözlərinə görə, əvvəllər təhsil aldığı 286 nömrəli məktəbin müəllimlərinin sayəsində yüksək bal toplayıb: “Liseydə dərslər yüksək səviyyədə keçirilir. Bununla yanaşı, əvvəllər oxuduğum məktəbin müəllimləri də hazırlıq keçdilər”.

Səbinə İsmayılova böyük sevinc yaşadığını deyir: “Sualların cavablarını yoxladıq, hamısı düz idi. Amma kodlaşdırmada hər hansı səhv edəcəyimi düşünürdüm. Dünən gecə nəticələr açıqlananda 700 balı gördüm, sevincimin həddi olmadı. Düzü, 700 bal gözləmirdim. Məndən fərqli olaraq ailəm bu balı toplayacağıma əmin idi. Onlar uğuruma ikiqat sevinirlər”.

Səbinə İsmayılova qeyd edib ki, hüquqşunaslıq və ya filologiya ixtisaslarını seçəcək: “Bakı Dövlət Universiteti və ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını seçəcəm. Xaricdə oxumaq fikrim yoxdur. Məktəbdə oxuyan zaman əlaçı olmuşam. Bu il Tarix fənni üzrə keçirilən fənn olimpiyadasında 3-cü yeri qazanmışam. Liseyimiz tərəfindən də sənədlərim Təhsil Nazirliyinin qızıl medalını almaq üçün təqdim edilib”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərin adları məlum olub. Rekorda imza atan məzunlardan ikisi qız, biri oğlandır.

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Dəyanət Türk Vəqfi-Bakı Türk Liseyinin məzunu Cavad Əliyevdir.

Liseyinin məzunu olan Cavad bildirib ki, maksimum nəticə göstərməsində məktəb müəllimlərinin böyük zəhməti var:

“Əsas məktəb müəllimlərimlə hazırlaşmışam. Repititor yanına getməmişəm. Məktəbdə də əlaçı olmuşam, 9-cu sinifdə Coğrafiya fənni üzrə olimpiadada qızıl medal almışam. Düzü, sınaqlarda maksimal bal toplamamışdım, amma yüksək nəticə göstərirdim: 650-660 bal.

Deyim ki, 700 bal toplamağmda bir az şansım da gətirdi. Buna görə valideyinlərim və mən çox sevincliyəm”.

Cavad Əliyev təhsilini iqtisadiyyat üzrə davam etdirəcəyini bildirib. Lakin hələ hansı universitetdə oxuyacağını müəyyənləşdirməyib: “Oxumağa başım qarışdığı üçün o barədə fikirləşməmişəm. Düşünüb, məsləhətləşib qərar verəcəm”

Xaricdə təhsil almaq istəyinin isə əgər şans olsa dəyərləndirəcəyini bildirib.

Cavad Təhsil Nazirliyinin məzunlara verəcəyi qızıl və gümüş medala namizəd olduğunu da qeyd edib.

İlhamə ƏBÜLFƏT

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər