8 May 2017 14:43
4 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Hacı Şahinlə müsahibəni təqdim edir.

– Şahin bəy, sizin yerliləriniz - göyçaylılar əsasən, sünni məzhəbinə mənsubdurlar...

– Bəli. Amma bizim kəndimiz Qarayazı şiə məzhəbindəndir.

– Dini təhsiliniz...

– Xaricdə oxumamışam. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitimişəm. Ərəb-fars dillərini öyrənmişəm. Mədrəsələrdə keçilən dərsləri fərdi şəkildə mütaliə edib mənimsəmişəm.

– Maraqlıdır, məzhəblər insan xarakterində fərqli cizgilər yaradırmı? Bəzən onlar bir-birindən qız alıb-verəndə, ailə həyatı quranda tərəddüd edirlər.

– Məzhəblərin varlığını təbii qəbul edirəm. Onlar insanların dinə fərqli yanaşmasından doğur. Azərbaycanda tarixən ayrı-ayrı məzhəbə mənsub insanların ailə qurmasında problem olmayıb. Ümumiyyətlə, sünni-şiə məsələsini qəlizləşdirməməyi tövsiyə edirəm. Fərqləri tam normal və dözümlü şəkildə qəbul etməliyik. Bütün dinlərin daxilində fərqli cərəyanlar var.

– Cərəyan demişkən, vəhhabi kimi tanınan inşalar barədə nə deyərsiz?

– Radikal insanlar istənilən əqidədə ola bilər. Amma bəzi cərəyanlar var ki, mahiyyət etibarilə özü radikaldır. Onların digərlərindən əsas fərqi inkarçılıq və təkfirçilikdir. Özləri kimi düşünməyənləri kafir hesab edirlər. Vəhhabilər tövhidi əsas tuturlar, ziyarətgahlara getməyi pisləyirlər. Deyirlər, ziyarətgah Allaha şərik qoşmaqdır, şirkdir. Şirk isə başqa bir varlığa Allah kimi tapınmaqdır.

Bir insan övliya vasitəsilə Allahdan nəsə istəyirsə, bu təvazökarlıqdır. Sanki insan özündən mənəviyyatca üstün bir şəxsin qapısına gedir və onun Allah yanındakı hörmətinə görə, onun vasitəsilə Allahdan özünə yardım, kömək diləyir.

Təbii, vəhhabilərin hamısını ittiham edə bilmərəm. Amma radikal düşüncəli insanlar bu cərəyana aiddir.

– Quranda tez-tez "biz" ifadəsi işlənir. “Biz” deyildikdə kimlər nəzərdə tutulub? Axı, Allah təkdir və ayələri o nazil edib.

– Allah “biz” deyəndə mələkləri nəzərdə tutub. Yəni Allahın əmrləri mələklər tərəfindən icra olunur. Həm də “biz” ifadəsini işlətməklə Allah insanlara təvazökarlıq dərsi öyrədir. Yəni, daha az “mən” işlədilsin.

– “Qədr gecəsi” nə deməkdir? Doğurdanmı, Quran bir gecədə nazil olub?

– Qədr gecəsində Quran bütöv şəkildə peyğəmbərimizin qəlbinə dolub, Quran həqiqəti enib. Bu, peyğəmbərlə Allah arasındakı mənəvi haldır. Biz onu izah edə bilmərik. Amma Quran hiss-hissə, iyirmi üç il ərzində nazil olub və iyirmi üç ilə toplanıb.

– İyirmi üç rəqəmində ilahi sirr varmı?

– Bəlkə də var, amma mən bilmirəm. Ümumiyyətlə, rəqəmlərin sirri haqqında məlumatım yoxdur.

– Deyirlər ki, Qurandakı rəqəmlərdə işarələr var... Hətta bu işarələr vasitəsilə gələcək haqqında proqnozlar da verirlər.

– Peyğəmbərimizə Quran qırx yaşında nazil olub, altmış üç yaşına qədər isə ayələr gəlib. Amma iyirmi üç və ya digər rəqəmlərin xüsusi məna daşıdığı barədə, yenə deyirəm, danışa bilmərəm. Rəqəmlərin sirri haqqında əsasən, hürufilikdə söz açılır.

– İnsan öləndən sonra yas mərasimləri olur. Üç, yeddi, cümə günləri, qırx... Bu barədə dinimiz nəsə deyirmi?

– Bunlar şərti rəqəmlərdir. Yəni adət-ənənədən yaranıb. Ölmüş insanın yaxınlarına qırx gün ərzində baş çəkib təsəlli vermək üçün, belə demək mümkünsə, bəhanələrdir. Ölü basdırılandan sonra yas mağarının qurulması, müəyyən günlərdə mərasim təşkil olunması dinimizdə vacib əməl deyil.

– Şahin bəy, tutalım, iki sevgilidir, ikisi də dünyasını dəyişir. Vəsiyyət edirlər ki, bizi bir qəbirdə basdırın. Onları bir qəbirdə dəfn etmək dini baxımdan məqbuldurmu?

– Məqbul deyil. Ancaq cəsədlər tam çürüdükdən sonra sümükləri eyni qəbirdə basdırıla bilər.

– Ümumiyyətlə, vəsiyyətə əməl etmək vacibdirmi?

– Dinimizdə vəsiyyətə əməl vacib buyurulur. Amma o halda ki, vəsiyyət edilən şey haram olmasın, günah sayılmasın.

– Xalq yazıçısı İsa Hüseynovun vəsiyyəti vardı ki, məni dəfn edəndə Ruhani havası çalınsın. Din buna icazə verirmi?

– Əgər vəfat edən şəxs dini qaydalara uyğun şəkildə dəfn olunursa, Ruhani havasının çalınmasının qəbahət hesab etmirəm. Təki dini ayələrin icrasına maneçilik törətməsin.

– Ateist dostlarınız varmı?

– Ateist dostum yoxdur, amma tanışlarım, ünsiyyətdə olduğum insanlar arasında ateist mövqedə olanlar da var. Sadəcə, ünsiyyətdə olmuşam, tədbirlərdə görüşmüşük. İnanca görə insanlara aqressiv davranmağın qəti əleyhinəyəm. Ola bilər, insanlar müəyyən səbəblərdən dindən uzaq düşsün. Zaman keçdikcə fikrini dəyişə də bilər. Bu normaldır.

– İlahiyyatçı Elşad Mirinin fikirləri cəmiyyətdə birmənalı qarşılanmır. Siz necə, onun din haqqında düşüncələrini qəbul edirsinizmi?

– Onun bir çox fikirləri ilə razı deyiləm. Təbii, mən də dində ciddi islahatların tərəfdarıyam. Amma bir şərtlə ki, təməl qanunların taleyi sual altında qalmamalıdır. Dində sabit, dəyişməyən və dəyişkən hissələr var.

– Şahin bəy, dediyiniz kimi, fikirlər, düşüncələr zaman-zaman dəyişir. Ola bilərmi nə vaxtsa siz də ateist olasınız?

– Heç kəs heç nədən sığortalanmayıb. Alın yazısı deyilən bir şey yoxdur və mən ümumiyyətlə alın yazısına inanmıram. Din seçim ixtiyarını istisna etmir. Bizim qeyri-səmimi inancımız sonda dindən uzaqlaşmaqla nəticələnə bilər. Yenə deyirəm, hər şey ola bilər, mən də ateist ola bilərəm.

– Vətən uğrunda canından keçənləri şəhid hesab etməyənlər var. Guya ancaq din uğrunda ölənlərə şəhid deyilir.

– Radikal dindarlar milli nə varsa, hamısını məhv etməyə və ümmətçiliyə çalışırlar. Müsəlman torpağı təcavüzə məruz qalıbsa, onu qorumaq uğrunda ölən insanlar şəhiddir. Şəhidlik heç də din yolunda öldürülmək deyil. Şəhidlik Allah yolunda ölməkdir. Hətta insan öz ailəsini belə qoruyarkən ölürsə və Allah rızası üçün bunu edirsə, yenə də şəhid hesab olunur.

– Allah yolunda ölmək necə olur?

– Yəni niyyət Allahın rızasını almaqdır. Əgər biri gedib cəbhədə fərdi maraq üçün canından keçirsə, bu, Allah yolunda ölmək deyil. Ancaq bunu Allahı razı salmaq, Allahın rızasını qazanmaq üçün edirsə, deməli, Allah yolunda ölür. Çoxları bu məqamı səhv salır. İstənilən bir işi Allah rızası üçün görmək ibadətdir.

Çinarə Böyükçöl


Müəllif:

Oxşar xəbərlər