8 May 2017 18:13
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 ay ərzində əlilliyin təyini ilə bağlı tibb müəssisələrindən Tibbi-sosial ekspert komissiyalarına verilən göndərişlərin (F-088U) sayı, xüsusən, əsassız göndərişlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Səhiyyə Nazirliyində əlilliyin və sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi və təhlilinə həsr olunmuş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin ümumi sayına görə ilk yerləri tutan tibb müəssisələrindən – 131 min nəfər əhaliyə xidmət göstərən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından (RMX) 574, 31 min nəfərə tibbi xidmət göstərən 21 saylı Ramana Birləşmiş Şəhər Xəstəxanasından (BŞX) 411, 95 min əhaliyə xidmət göstərən Balakən RMX-dən 385 “forma 088” verilib: “Hesablamalara görə, bir ay ərzində hər 10 min nəfərə verilən “forma 088”lərin sayının ölkə üzrə orta göstəricisi təxminən 5-6-ya bərabərdir.

Əfsus ki, bəzi tibb müəssisələri orta göstəricilərdən 6-7 dəfə çox göndəriş verib. Beləliklə, məhz bu müəssisələrin hesabına ölkə üzrə orta göstərici yüksəlib.

2017-ci ilin yanvar ayında 21 saylı BŞX orta ölkə göstəricisini 7,9 dəfə, 15 saylı Şəhər Poliklinikası (ŞP) 4,5 dəfə, 22 saylı ŞP 4,1 dəfə, Ağcabədi, Saatlı və Balakən rayonları isə təxminən 3 dəfə üstələyib. Bu tibb müəssisələrinin baş həkimlərinin hər biri yanvar ayında ayrı-ayrılıqda Tibbi yardımın təşkili şöbəsinə dəvət olunub və onlara şifahi xəbərdarlıq edilib. Ağcabədi RMX poliklinika şöbəsinin müdiri isə tutduğu vəzifədən azad olunub”.

Nazirlik rəsmisi qeyd edib ki, əlilliyin müəyyən edilməsinə nəzarət gücləndirilməlidir: “Bu işdə yol verilən ciddi çatışmazlıqlar var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən əsassız hesab edilmiş göndərişlər mütəmadi olaraq tibb müəssislərinin tibbi şurasında təhlil olunsun, işində nöqsanlara yol vermiş tibb işçiləri barədə müvafiq intizam tədbirləri görülsün”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər