11 May 2017 18:38
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində yerli iş adamları ilə qeyri-neft məhsullarının istehsalı və ixracın stimullaşdırılması mövzusunda görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İctimai Şuranın təşkil etdiyi görüşdə Tovuz Gömrük İdarəsinin ərazisində - Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında fəaliyyət göstərən sahibkarlarla yanaşı, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

Xatırladaq ki, İctimai Şura DGK sədrinin “Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması” haqqında sərəncamına əsasən təsis olunub.

Tədbirdə çıxış edən Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolundan, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib. İdarə rəisi Dövlət Gömrük Komitəsi tərəfindən son illər biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və biznes subyektlərinə dəstəyin genişləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Tovuz Gömrük İdarəsi rəisinin müavini Çingiz Əsədov son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində gömrük orqanlarının da bütün səyləri səfərbər etdiyini bildirib, idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi nəticəsində ölkəmizin ixrac potensialının artdığını diqqətə çatdırıb.

Sonra Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək qeyri-neft sektorunun inkişafında regionların və yerlərdə çalışan iş adamlarının rolundan, eləcə də ölkə rəhbərliyinin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Şəmkirdə görülən işlərdən danışıb.

Öz növbəsində, “Şəmkir Aqropark”ın direktoru Qüdrət Seyfullayev aqroparkın yaradılmasını ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılacağına səbəb olacağını bildirib.

Daha sonra sahibkarlar gördükləri işlər barədə məlumat verərək xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının dəstəklənməsi üçün əlaqəli dövlət qurumlarının qarşılıqlı fəaliyyətini dəyərləndirib, o cümlədən, gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə tətbiq olunan yeniliklərin biznes subyektlərinə faydasından bəhs ediblər.


Müəllif:

Oxşar xəbərlər