15 May 2017 09:31
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxivimdə Rəsulzadənin yayımlanmamış məktubları var...

Teleqraf.com Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ömər Özcanla müsahibənin ikinci hissəsini təqdim edir:

Əvvəli burada:

http://teleqraf.com/news/toplum/133685.html

- Sizin diqqət göstərdiyiniz azərbaycanlı mühacirlərdən biri də Səlim Rəfiq Rəfioğludur. Bu barədə Bakıda kitabınız da yayımlanıb. Səlim bəyə marağınızın səbəbi nə oldu?
- Mənim maraqlandığım şəxsiyyətlərdən biri də Bəkir Sıdqı Çobanzadədir. Onun arxivinin bir qismi Cəfər Seydahmed Krımərdə olub. Çünki Çobanzadənin İstanbulda oxuduğu illərdə ən yaxın dostlarından biri Hamdi Ataman idi. Cəfər bəy də Hamdi bəyin bacısı ilə evlənmişdi. Bu vasitə ilə Çobanzadə onlarla çox yaxın əlaqə qurmuşdu. Cəfər bəy 1920-1921- ci illərdə Cenevrədə yaşayıb. Çobanzadə Cenevrəyə gedərək onun yanında qalıb. O zamanlar Krımın gizli fəaliyyətdə olan Milli Firqəsinə də orada daxil olduğu qaynaqlarda göstərilir. Bəkir Çobanzadə kommunistlərin dəvəti ilə universitetdə dərs demək üçün Azərbaycana gəlib. 1926-cı ildə keçirilən I Türkoloji Qurultayın hazırlanmasında önəmli rol oynayıb. Onun Azərbaycandakı fəaliyyətini çox yaxından tədqiq etdim. O, Azərbaycanda həbs edilməmişdən öncə haqqında dövrün mətbuatında ağır suçlamalar olub. Sağ olsun, bir dostum həmin materialların surətini mənə göndərdi, mən də burada nəşr etdim. Çobanzadədən yola çıxaraq digər şəxsiyyətləri öyrəndim. Səlim Rəfiqin də Çobanzadəyə qarşı yazdığı kiçik bir risaləsi var. 20-30 səhifədir. O risaləni tapdım, oradan yola çıxdım. Ədalət Tahirzadə israrla onun haqqında yazmağımı istədi, bir kitab nəşr edəbilərik dedi. Mən axtarışa başladım. Həyatı haqqında, ölüm tarixi ilə bağlı arxivlərimizdən məlumatları tapdım. Onun bir qardaşı varmış, amma heç cür tapa bilmirdim. Azərbaycanlı mühacirlərdən soruşdum, tanıyan olmadı. Məhəmməd Kəngərli, Əhməd Qaraca ölmüşdülər, bəlkə də, onlar tanıyardılar, amma digər yaşayanlar tanımadılar. Mən türkçü Mehmet Servet Berkin haqqında bir yazı yazmışdım. O da 1918-ci ildə Türk Ocaqlarının idarəçi üzvlərindən olub. Sonralar müxtəlif vəzifələrdə işləyib. Onun həyatında maraqlı bir detal var. O, Nazim Hikmətin ilk xanımı Nüzhetlə evlənib. Nüzhet xanımın Mehmet bəydən iki qızı olub. Mən araşdırma apararkən o xanımları tapa bilməmişdim. Amma məqaləni yazandan sonra təsadüfən əlaqə yarandı. Mehmet bəyin kiçik qızı ilə görüşməyə getdim. Yoldaşı Şövkət bəy bu yaxınlarda vəfat edib, vəkil idi. Birdən ağlıma gəldi, onlardan soruşdum ki, siz İslam Rəfioğlunu tanıyırsınızmı? Tanıyırıq, təbii ki, onun qızı bizim dostumuzdur, dedilər. Bu vəsilə ilə mən İslam bəyin qızı Lalə xanımla tanış oldum. Sağ olsun, mənə kitabda istifadə etdiyim fotoları verdi. Bəzi bilgiləri bu şəkildə öyrəndik, kitabı genişləndirdik, Ədalət bəy, sağ olsun, Azərbaycan türkcəsinə
uyğunlaşdıraraq nəşr etdirdi.

- Azərbaycan mühacirlərindən başqa kimin həyatı haqqında kitab yazmağı düşünürsünüz?
- Mən müxtəlif şəxslərə aid bioqrafiyaları yazıram. Amma düşünürəm ki, məsələn, Məhəmmədəmin Rəsulzadə haqqında azərbaycanlı alimlər daha yaxşı işlər görə bilər. Çünki arxivlərin bir qismi sizdədir. Amma Rəsulzadənin məktublarını yayımlamağı düşünürəm. Çünki türk dünyasının digər önəmli şəxslərinin əsərlərinin külliyyatı çap olunub. Məsələn, Ayaz İshaqinin bütün əsərləri Tatarıstanda 15 cild şəklində nəşr edilib. Əksik tərəfləri var, amma çox gözəldir. Bu külliyyatın bir cildi məktublardır. Mən Miryaqub Mirmehdiyevin ölüm ilini bu məktublardan öyrəndim. Bu məktublarda Miryaqub bəy haqqında heç bir yerdə bilinməyən başqa bilgilər də var. Mustafa Çokayoğlunun da Qazaxıstanda külliyyatı yayımlanıb, onun da bir cildi məktublardır. Eyni şey Rəsulzadə üçün edilmədi.

- Doğrudur, mən bildiyim qədər, Rəsulzadənin də çoxlu məktubları var, amma dağınıq şəkildə müxtəlif şəxslərdədir...
- Bəli, dağınıqdır. Ramiz Abutalıbov bir qismini yayımladı, amma bu da əksikdir, daha çox var. İnşallah, edəcəyəm. Məndə də Rəsulzadənin heç bir yerdə nəşr olunmayan məktubları var. Onlarla bərabər digərlərini də bir araya toplayıb yayımlamağı düşünürəm.

- Ümumiyyətlə, zəngin arxivə malik tədqiqatçılardan birisiniz. Heç kimin bilmədiyi, bizimlə bölüşə biləcəyiniz hansı maraqlı materiallar var Sizdə?
- Cəfər Seydahmed Krımərin gündəlikləri bütün türk dünyası üçün çox maraqlıdır. Əlimdəki işləri bitirdikdən sonra bunu yayımlayacağam. Cəfər bəyin arxivindən başqa da xeyli məktublar tapmışam. Mənim ən böyük əksikliyim rusca bilməməyimdir. Mən bir şeyi ertələyən adam deyiləm. İlk fürsətdəcə araşdırıb, yayımlamaq tərəfdarıyam.

- Ömər bəy, mənim də narahatlıq duyduğum bir məqam var. Mühacirət tarixini araşdıranda mühacirlərin bir- biri ilə qarşıdurmalarına rast gəlirsən. Bunlar insanı çox üzür. Məsələn, Şəfi bəy Rüstəmbəyli Rəsulzadənin əleyhinə iki kitab, Rəsulzadə “Şəfibəyçilik” kitabını yazıb. Və ya dönəmin jurnallarında bir-birilərinin əleyhinə ağır yazılar var. Bir araşdırmaçı nə etməlidir bu materiallarla qarşılaşdığında?

- Bu məsələdə hissləri bir kənara qoyub, doğruları yazmaq, tərəfsiz qalmaq lazımdır. Mən bu məsələdə tərəfsizəm, yəni insanlara qarşı eyni məsafəni saxlamışam. Əlbəttə, təqdir etdiyim şəxsiyyətlər olur, amma insanları xətaları ilə, doğruları ilə bilmək lazımdır. Rəsulzadənin müxaliflərinin bir qisminin fəaliyyəti hələ mühacirətdən öncə Azərbaycanda ikən başlamışdı. Hələ vətəndə ikən araları dəymişdi. Normaldır bunlar, insanlar müxtəlif görüşlərə sahib ola bilər, müzakirələr, mənfəət məsələləri ola bilər. Amma bunları yazarkən çox həssas davranılmalı, xəta edilməməlidir. Çünki mühacirlik çox çətindir. Bunu qəbul etmək lazımdır. Hər şeydən öncə yaşam məsələsi var. Çünki daimi bir gəlirin yoxdur, sizi dəstəkləyən insanlar yoxdur, çörək pulu qazanmalısan. Bir dərgi, kitab çıxarırsınızsa, bunun qaynağı tapılmalıdır. Bu məsələdə Ramiz Abutalıbov çox mühüm iş görüb. Onun Giorgi Mamulia ilə birgə yazdığı “Odlar Yurdu” kitabı əvvəlcə rusca, sonra Azərbaycan türkcəsində çap olundu. Orada çox mühüm qaynaqlar var.

Məsələn, Milli Mərkəzin qurulması ilə bağlı Türkiyədə bilinən tarixdən daha fərqli bir tarix ortaya çıxdı. Düzdür, bu kitabda da Şəfi Rüstəmbəyli, Mustafa Vəkilli, Əbdüləli Əmircanla bağlı məsələlərə çox girilməyib. Bunlar bir az təfərrüatı ilə yazılsaydı, daha yaxşı olardı. Amma bunların hamısının bir insanın etməsi çox çətindir. Bir yapon
tədqiqatçı var, o, Zəki Vəlidi Toğan haqqında doktorluq müdafiəsi işi yazır. İndi Yaponiyadadır. Bir il Türkiyədə yaşadı. Hər il buraya gəlir. Mənimlə görüşdü, suallarını verdi, ona dəstək oldum. Onların imkanları fərqlidir, yaxşı təqaüd aldıqlarına görə, çox iş görə bilirlər. Məsələn, o, Qazaxıstana, Rusiyaya, Almaniyaya, Fransaya, İngiltərəyə getdi, Rusiya içində Moskva, Kazan, Ufaya getdi... Yəni demək olar ki, siyasi mühacirətin fəaliyyət göstərdiyi bir çox yerə gedərək arxivlərdə çalışdı. Məsələn, Parisdə Əlimərdan bəy Topçubaşovun, Mustafa Çokayoğlunun arxivini görüb. Qərb, Şərq dillərini bilmək, maddi baxımdan dəstəklənmək lazımdır. Yəni bu işlər bir az dövlət dəstəyi ilə olmalıdır.Qazaxlar buradakı siyasi mühacirətin arxivini toplayır, satın alır, ölkələrinə aparırlar. Eynilə Azərbaycan da bu bəlgələri toplayıb, alıb, bir Mərkəzdə bir araya gətirməlidir.

- Yapon tədqiqatçı ilə bağlı dediniz, bir məsələ yadıma düşdü. 1950-1960- cı illərdə Amerikanın Sovet İttifaqını Öyrənmə İnstitutu vardı. Orada yaxşı sovetoloqlar yetişirdi, bizim və digər mühacirlər bu institutla əməkdaşlıq edirdilər. “Dərgi” adlı jurnalları vardı. İndi vəziyyət necədir? Yenə də Amerikadan, Avropadan Sovetlərə qarşı mübarizə aparmış siyasi mühacirətə maraq varmı?

- Çox var. Mən Ankaranı bilirəm. Hər il Ankaraya Yaponiyadan bu mövzuları araşdırmaq üçün 8-10 tələbə gəlir. Yaponiya kimi dövlətlər böyük dövlətlərdir. Onların dünyanın gələcəyi ilə bağlı strateji, torpaq zənginliyi ilə bağlı maraqları var. Hələ 1930-cu illərdə Rəsulzadənin müxalifi olan Heydər Bammatın Parisdə çıxardığı jurnalları yaponlar maliyyələşdirib. Yaponiya hara, Qafqaz hara düşünməyin. Fransızlar İstanbulda Anadolu Araşdırmaları İnstitutu açıblar. Özbəkistanda da bir şöbə açıblar. Yəni Qafqazı, Anadolunu, Orta Asiyanı tədqiq edirlər. Bildiyiniz kimi, şərqşünasların çoxu tarixən ölkələrinin gizli servisləri ilə çalışıblar. Onlar mövcud durumu, şəxsiyyətlərin analizini aparırlar. Kimlər onlar üçün yararlıdır, kimlərdən istifadə edə bilərlər və s. öyrənirlər. Türkiyə də Yunus Emre İnstitutu açıb. Bu da türk dilinin öyrədilməsi, türk dünyasının tanıdılması ilə bağlı bir fəaliyyətdir.

- Bəzən belə hallar da baş verir. Xaricdən imkanlı bir adam gəlir, tarixi kəndləri dolaşır, insanların əlində olan qiymətli əlyazmaları, sənədləri alıb ölkələrinə aparırlar. Kəndli üçün ona verilən 100-200 dollar da çox olduğu üçün satanlar olur...

- Bayaq danışdığım yapon tədqiqatçı bir sahafdan 100 ədəd məktub almışdı. Mustafa Çokayoğlu “Yaş Türkistan” dərgisini çap etdiyi zaman onun iki köməkçisi vardı. Əbdülvahab Oktay (tibb doktoru) və professor Tahir Cağatay. Mustafa bəyin özü Parisdə yaşayırdı o zaman, amma jurnal Almaniyada çıxırdı. Bu iki şəxs müharibə başladığı zaman Türkiyəyə gəlirlər. Əbdülvahab bəyin xanımı Saidə xanım biologiya müəllimi idi.İstanbulda yaşayıblar. Tahir bəyin xanımı Səadət Cağatay Ayaz İshaqinin qızı idi. Bunlar isə Ankarada yaşayıblar. Heç birinin uşağı olmayıb. Çox çalışqan insanlar olublar. Tahir bəy 7 cildlik “Qızıl imperializm” adlı kitab yayımlayıb. Sovet qaynaqlarını tədqiq edərək, orada Türküstanla bağlı iddiaları cavablandırıb. Türkiyədə çox önəmli xidmətlər görüb. Daha öncə dediyim kimi, Türkiyə tədqiqatçıları rus dilini bilmədikləri üçün o qaynaqları oxumaq çətin idi. Çokayoğlunun arxivinin bir qismi bunlara gəlib. Bu arxiv təəssüf ki, İstanbulda dağılıb. Əbdülvahab Oktay 1968-ci ildə ölüb. Arxiv beləcə başqa bir adama keçir, dağılır. O yapon da dağılan arxivdən yüz məktub tapıb alır. Mən o məktubların kimə yazıldığını gördüm, amma yapon bunları öz Vətəninə apardı...

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər