15 May 2017 08:53
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə Dünya Etnospor Konfederasiyası tərəfindən 11 maydan etibarən keçirilən festivalın sonuncu günüdür. Dünən festivalın keçirildiyi əraziyə gedərək Anadoludan Türküstana, Krımdan Azərbaycana qədər türk xalqlarının qədim mədəniyyəti, adət-ənənəsi ilə bir daha tanış olduq, idman yarışlarını izlədik.

İyirmiyə yaxın üzv ölkənin yer aldığı Dünya Etnospor Konfederasiyası tərəfindən hazırlanan bu festival ənənəvi idman növlərinin tanıdılması, inkişafı və olimpiadalara hazırlanmasını məqsədilə təşkil edilir.

Konfederasiyanın tərkibinə müxtəlif güləş növləri, at yarışları, ovçuluq və s. daxildir. Eləcə də, uşaqların fiziki və zehni inkişafına səbəb olan mangala, misket, halat, kabak, menekşe, çember, topaç kimi qədim türk oyunları da konfederasiya tərəfindən dəstəklənir. Konfederasiyanın təşkil etdiyi ilk festivalın açılışı ötən ilin 26 avqustunda baş tutmuşdu. İkinci Etnospor (əslində, Türkspor) Kültür Festivalı isə "Ox yaydan çıxdı" şüarı ilə 11 mayda açıldı. Gün ərzində 11 idman növü üzrə 843 idmançı mübarizə apardı.

***
Yenikapı meydanında təşkil edilən festivalda adıçəkilən idman oyunları ilə yanaşı həm Türkiyənin özünün bölgələrinin, həm də Türk dünyasının müxtəlif yerlərinin kültürü, məişəti qurulan çadırlarla tanıdılırdı.

İlk baş çəkdiyimiz çadır Qazaxıstanın oldu.

"Qazax türkləri təhsil və araşdırma" Təşkilatının rəhbəri Şaban Serkan Dinçtürk bizi çap etdikləri kitablarla tanış etdi, ölkəsinin mədəniyyətinə aid nümunələri göstərdi. Mühacirətlə bağlı araşdırmalarıma Türküstan da daxil olduğuna görə, bu coğrafi ərazidəki modernləşmə sürəci mənim üçün maraqlı idi. Buna görə də Doktor İbrahim Kalkanın "Qazaxıstanda siyasi modernləşmənin kökləri" adlı kitabını aldım.

Daha sonra Qırğızıstan və Krım Türklərinin çadırlarına baş çəkdik. Qırğız çadırında müxtəlif börklər, at yəhərləri sərgilənirdi. Krım çadırının içində Krımın böyük bayrağı və Mustafa Cəmiloğlunun şəkli asılmışdı. "Krım Türkləri Kültür və Yardımlaşma" Təşkilatı Krım tarixinə və İsmayıl bəy Qaspıralıya aid kitablar, bölgənin tanıdılması məqsədilə müxtəlif portretlər təqdim edir, kültürlərinə aid nümunələri göstərirdilər.

Sonra bu festivalda ölkəmizi təmsil edən "Qarapapaq tərəkəmə türkləri" Təşkilatının qurduğu çadıra getdik. Bizi qarşılayan təşkilatın rəhbəri Engin Aybirdi və təşkilatın digər üzvləri iki gün ərzində mindən çox insanın bu çadırı ziyarət etdiyini bildirdi. Azərbaycan tarixi ilə bağlı kitablar və kültürü tanıdan şirniyyatlar təqdim edən çadırda həm də milli geyimlər sərgilənirdi. Çadırda Azərbaycan və Türkiyənin bayraqları asılmış, çadırın içi isə bölgəyə xas xalçalarla döşənmişdi.

Təşkilatın üzvü Cemal Kaçar vaxtilə bu çadırların həm insanları boğucu isti havadan qorduğunu, çadır qurularkən xüsusi vasitələrlə hər hansı bir zəhərli həşəratın, sürünənin gəlməsinin qarşısının alındığını bildirdi.

İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elplə birlikdə bu çadırda xatirə fotoları çəkdirdik. Çadırlarda Türkmən Elinin, Suriya türkmənlərinin, Noqay türklərinin, Bolqarıstan türklərinin də çadırları qurulmuşdu. Bolqarıstan türklərinin çadırında Feysbukdan tanıdığım "Bolqarıstan türkləri kültür və xidmət" Təşkilatının rəhbəri Rafet Ulutürklə qarşılaşdım. Rafet bəy Bolqarıstandakı türklərin durumundan bəhs etdi, bu ölkəyə Sovet dönəmində Azərbaycandan alimlərin, müəllimlərin göndərildiyini dedi. Əlavə etdi ki, Bolqarıstan türklərinin dirçəlməsində Azərbaycana minnətdardırlar. Elə buna görə də çadırda həm də Azərbaycan bayrağı vardı. Törən meydanında Türkiyənin Dənizli, Kahramanmaraş, Diyarbekir və digər bölgələrinin də çadırları qurulmuşdu, burada insanlara müxtəlif təamlar təklif edilirdi. Həmçinin ərazidə qədim türk sənətkarlığı ilə bağlı sahələr qurulmuşdu. Dəmirçixana, kilimxana və s. vardı.

Qeyd edək ki, Dünya Etnospor Konfederasiyasının rəhbəri Türkiyənin prezidenti R.T.Ərdoğanın oğlu Bilal Ərdoğandır.

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər