"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar ventilyatorların yeni iş qrafiki tətbiq edilib.
Qeyd edək ki, ötən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir. Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC təsis olunduqdan sonra yeraltı nəqliyyatda mikroiqlim şəraitinin öyrənilməsi sahənin yenidən qurulmasının əsas tərkib hissələrindən biri olub. Bu müddət ərzində ventilyasiya sisteminin işinin optimallaşdırılması ilə bağlı bir sıra əsaslı yeniliklər öz əksini tapıb.
Aparılan monitorinqlər nəticəsində çatışmazlıqların əsas mənbələri aşkar edilərək, onların aradan qaldırılması üzərində tədbirlər planının tətbiqinə başlanıb. Tədbirlər planına uyğun olaraq stansiyalarda və tunellərdə orta temperatur, rütubət, havanın tərkibindəki tozluluq normalar çərçivəsinə gətirilib. Ötən ilin yay mövsümünün nəticələri də öyrənilərək yeniliklərin tətbiqi üzərində iş daha da dərinləşdirilib. Cari ilin yay mövsümünə hazırlıq dövründə ventilyatorların daha səmərəli iş rejimində işlədilməsinin potensialından istifadə olunması üçün bu ildə tərtib edilmiş qrafik bir qədər də təkmilləşdirilib.
Yeni yay qrafiki ilə bağlı görülən işlər sırasında stansiyalarda təbii hava axınının intensivliyinə xüsusi diqqət ayrılıb. Təbii hava axını yenidən öyrənilib və uyğun ventilyasiya rejimi tətbiq edilib, bu da stansiyalarda mikroiqlim şəraitinin, o cümlədən ventilyasiya sisteminin daha da yaxşılaşdırılmasına xidmət edir.
Metropolitendə münasib hava şəraitinin yaradılması, həm də stansiya və tunellərin təmizliyindən də asılıdır. Bunun üçün tunellərin yuyulma üsullarında dəyişikliklər edilib.
Onu da əlavə edək ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində stansiya və tunellərdə havanın mikroiqlim parametrləri ilə bağlı bir daha monitorinq keçirilib. Buna əsasən yarışların keçiriləcəyi və şəhər mərkəzinə yaxın stansiyalarda sərnişin axınının daha sıx və gur olması nəzərə alınaraq, stansiyaların iqlim şəratinin normativlər çərçivəsində saxlanılması xüsusi nəzarət altına götürülüb və ventilyatorların işi normaya uyğunlaşdırılıb.
Şəfiqə Nazimqızı