Teleqraf.com xəbər verir ki, dünən Prezident Ərdoğanı qarşılamağa gedən çoxsaylı türklərlə terror təşkilatı PKK-nın tərəfdarları arasında qarşıdurma olub. Hadisələr dramatik məcra aldığından Türkiyənin ABŞ-dakı səfiri Sərdar Qılınc binadan çıxaraq polislə danışıqlar aparıb. Bundan sonra polis səfirliyin inzibati binası və qonaq iqamətgahına aparan yolları bağlayıb.
Qeyd edək ki, toqquşmaya səbəb PKK tərəfdarlarının Prezident Ərdoğanın səfirliyə daxil olması zamanı bəzi şüarlar səsləndirməsi olub. Nəticədə türklərlə PKK tərəfdarları yumruq davasına çıxıb, bir türk başından yaralanıb. Xəstəxanaya aparılan Kamal Dərəçinin şikayətinə baxılmayıb. Bu da hadisələri bir qədər də qızışdırıb. Bundan sonra prezidentin mühafizəçiləri də səfirlikdən bayıra çıxıb. Mühafizəçilərin hadisə yerinə gəlməsindən sonra PKK tərəfdarları qaçıb.
“Amerikanın Səsi” radiosu bildirib ki, Prezident Ərdoğan iqamətgaha gəlməzdən əvvəl bir qrup şəxs “Dəmirtaşa azadlıq” şüarı, eləcə də Prezident Ərdoğanın əleyhinə fikirlər səsləndiriblər. Əllərində türk bayrağı olan bir qrup şəxs isə iqamətgaha doğru gəlib. Bu zaman iki qrup arasında dava düşüb.
Sonradan səfir Sərdar Qılınc Vaşinqton polisi ilə əlaqə saxlayıb, əraziyə əlavə polis qüvvələri cəlb olunub. Polis aranı sakitləşdirdikdən sonra Ərdoğanı dəstəkləyən yüzlərlə türk iqamətgah qarşısında bir araya gəlib.
Cavad