18 May 2017 09:49
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün yayılan “Bakıda qadına qarşı 405 min dollarlıq dələduzluq edilib” başlıqlı yazıda şair-bəstəkar Tural Bayraməliyevin ünvanına ittihamlar irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, Tural Bayraməliyev bu ittihamları əsassız adlandırıb:

O, həmin xanımla uzun illər işbirliyinin olduğunu etiraf edib:

“Onu “Daş-Çınqıl Servis” MMC adlı tikinti şirkətimdə 15 faiz rəsmi ortaqlıq müqaviləsi ilə işə dəvət etmişəm və yüksək qazanc əldə edib. Böhran zamanı şirkəti satdım. Bir müddət sonra o, yenidən mənə şərikli çalışmaq məqsədi ilə müraciət etdi ki, birlikdə nə iş görə bilərik, pul qazanaq? Türkiyədə, İstanbulun mərkəzində açmağa hazırlaşdığım restoranla bağlı ona iş təklifi etdim. İki ay öncə yoldaşı ilə gəlib işin gedişatı ilə tanış oldu və xeyir-duasını verdi. Bir həftə qonağım oldu. Mən restoranı onun qatqısı olmadan da açacaqdım. Sadəcə, təklifini qırmayıb, ortaqlığa razı oldum”.

Bəstəkar qeyd edib ki, “Minnur Qida” holdinqə məxsus restoranın tikinti işləri başa çatmaq üzrədir:

“Heç bir problrem yaranmayıb və sənədlər qaydasındadır. Açılışına sayılı günlər qalıb. Həmin xanım hazırda Bakıda deyil. Ünvanıma söylədiyi əsassız fikirlərdən sonra onunla əlaqə saxladım. Dələduzluq ağır ittihamdır. Bunu nəyə əsaslanaraq dediyinin bir sübutu olmalıdır. Lakin o, mənimlə söhbətində heç bir quruma və mətbut işçisinə barəmdə informasiya ötürmədiyini açıqladı. Bütün yazıların əsassız olduğunu bildirdi. Əgər mətbuat orqanları istəsə, xanımla əlaqə saxlayıb, onun firkini də öyrənə bilər. İttihamın nüfuzuma zərər gətirməsini qətiyyən istəmirəm”.

“Bakıda qadına qarşı 405 min dollarlıq dələduzluq edilib” başlıqlı xəbərdə eyni zamanda, T.Bayraməliyevin əvvəllər Cinayət Məcəlləsinin vergi ödəməkdən yayınma maddəsi ilə məhkum olunduğu qeyd olunub. Qarşı tərəf bu iddianı da əsassız sayır:

“Heç bir vergi borcuma görə məhkumluğum olmayıb. Biznes fəaliyyətimdə bütün vergi borclarımı qəpiyinə qədər ödəmişəm. Hər hansı məhkumluqdan söhbət gedə bilməz. Dediyim hər bir sözün arxasında durmağa hazıram”.

Qeyd edək ki, adı Ş.S. kimi qeyd olunan xanım, T.Bayraməliyevin şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu alıb.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər