Tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi" adlı araşdırma yazısını təqdim edirik:
...Xruşşov Ukraynada, Arutyunov (Mikoyanın qudası-A.M.) Ermənistanda və o cümlədən, bütün SSRİ məkanındakı rəhbərlər bu göstərişləri həyata keçirmirdilərmi? Niyə onda bu rəhbərlərə qarşı Ermənistanda, Özbəkistanda, Qazaxıstanda, Ukraynada məhkəmə prosesi qurulmurdu? Bəs niyə Azərbaycan rəhbəri müqəssirlərin ən böyüyü sayılaraq ən ağır cəzaya məhkum edilir? Bax, burda, bu məhkəmənin məğzi üzə çıxır. Məhkəməyə milli rəng verməmək üçün rus və erməniləri də ittiham olunan şəxslər siyahısına daxil etdilər. İstintaq zamanı X.Qriqoryan, R.Markaryan, T.Borşov və S.Yemelyanovdan M.C.Bağırovun əleyhinə qondarma ifadələr alınırdı. Onlarda belə arxayınçılıq formalaşdırılırdı ki, siz ifadələrinizi M.C.Bağırova qarşı yönəltməklə məsuliyyətdən yaxa qurtaracaqsınız. Bax, elə buna görə də onlar M.C.Bağırovu ləkələmək üçün sanki, biri-biriləri ilə yarışa girmişdilər.
Məhz ona görə də M.C.Bağırov məhkəmədə “məni asmaq azdır, məni güllələmək azdır, məni şaqqalamaq, dörd yerə bölüb tikə-tikə doğramaq lazımdır ki, mən inanmışam!” demişdi. Bu müraciətlə M.C.Bağırov öz etirazını sistemin özünə bildirirdi və sonra o, bəyan edirdi ki, xalqımın qarşısında vicdanım təmizdir!
Bir həqiqəti nəzərdən qaçırmaq lazım deyil ki, 30-cu illərdə və 40-cı illərin II yarısına qədər Azərbaycanda güc strukturlarının rəhbərliyinin təyinatı birbaşa Moskvada həll olunurdu. Hətta M.C.Bağırov bu ermənilər ilə işləmək istəməsə də onlarla işləməyə məcbur idi. Bu hal 40-cı illərin ortalarına qədər davam etdi. Artıq Beriyanın Kremldəki mövqeyi möhkəmləndikdən sonra M.C.Bağırov yerli kadrları güc strukturlarında yerləşdirməyə başladı. O cümlədən, A.Atakişiyev və M.T.Yaqubov da daxili işlər naziri oldu. Niyə məhz M.T.Yaqubov yox, Atakişiyev həbs olundu? Axı Yaqubov da M.C.Bağırovun kadrı idi! Ona görə ki, M.T.Yaqubov M.C.Bağırova qarşı yönəldilmiş Xruşşov-Mikoyan ssenarisində mühüm personajlardan biri idi. Bunları sənədlərlə kitabda göstərmişdim. Elə buna görə də Atakişiyevin ittiham olunan şəxslər arasında yeri çoxdan hazırlanmışdı. Stalinin ölümündən sonra, Daxili işlər nazirliyi ilə dövlət təhlükəsizlik nazirliyi birləşdikdən sonra Yemelyanov daxili işlər naziri olur. Beriya Bağırova Yemelyanovu yerli kadrlarla əvəz etməyi məsləhət görürdü. Məhkəmənin niyə məhz bu heyət üzərində qurulmağı da Kremldə əyləşmiş imperiya agentlərinin istəklərindən irəli gəlirdi. Çox güman ki, bu qərarların baş məsləhətçisi Mikoyan və Molotov idi. Oxucunun gözünə ilk sataşan hal bu Heyətin tam bərabər bölgüsüdür. İki azərbaycanlı, iki rus, iki erməni. M.C.Bağırovla bərabər, üzərində məhkəmə qurulan bu şəxslərin hər biri müəyyən dövrlərdə Azərbaycanda güc strukturlarında rəhbər vəzifələrdə işləmişdilər. Sual oluna bilər, bütün ermənilərin havadarı nə yaxşı bu ermənilərin M.C.Bağırovla bərabər güllələnməsinə göz yummalı oldu? Bu suala yalnız erməni dünyagörüşünün məntiqi ilə cavab vermək olar. Mikoyanın qalxanının altında SSRİ məkanındakı erməni «balinalarının» qarşısında Markaryan və Qriqoryan «kilkə» kimi görünürdü. Ona görə də bu «balinaları» qorumaq üçün «kilkələrin» qurban verilməsi müqayisəyə gəlmirdi. Burada erməni yazıçısı Aleksandr Şirvanzadənin bir fikri yadıma düşür. O, qeyd edirdi:
«Ermənilərin milli dünyagörüşündə belə bir xarakterik keyfiyyət vardır: Onlar ümumi erməni işi üçün hətta zaman-zaman öz içərilərindən cəllad baltası altına qurbanlıqlar da göndərirlər».
8-12 may 2003-cü ildə «Yeni Zaman» qəzetinin 32-ci sayında «M.C.Bağırovun dindirilməsi» məqaləsi dərc olunmuşdu. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, artıq bu zamanda da M.C.Bağırov haqqında məsuliyyətsiz yazılar dərc edilir. Məqalə başdan-başa uydurmalarla doludur. Məqalədə yazılır ki, 1946-cı ildə «Tudə» partiyasının rəhbərləri ilə M.C.Bağırov görüşür və onların vətənpərvər olmaqları barədə istintaq zamanı müstəntiqə ifadə verir.
Bu fikir tam yalandır! Ona görə ki, hələ 1944-cü ildə Mir Cəfər Bağırov Stalinə göndərdiyi məktubda «Tudə» partiyasının rəhbərinin erməni olduğunu göstərərək və bu partiyanın Azərbaycan xalqını arxasınca apara bilməyəcəyini yazır (bu məktubu barədə Adıgözəl Məmmədov müəllifi olduğu “M.C.Bağırov. Tam məxfi” kitabımda geniş bəhs edib).
Yaxud, məqalədə yazılır ki, Bakı-Batumi neft kəməri layihəsi M.C.Bağırovun təşəbbüsü ilə ləğv edilmişdir. Görünür, məqalənin müəllifi bu barədə hardansa eşidib və bu faktı istintaq materialları kimi oxuculara təqdim edir. Həqiqətdə isə reallıq başqa cür olmuşdur. Belə ki, N.K.Baybakovun 1995-ci ilin 23 fevralında «Trud» qəzetindəki məqaləsində yazılır: «Müharibə illərində prespektivli layihələr haqqınla deyil, döyüş meydanında sovet silahlı qüvvələrinin fasiləsiz yanacaqla təmin olunması barədə daha çox düşünürdük. Ona görə ki, Həştərxandan göndərilən neft ehtiyacları ödəmirdi. Stalinqrad ətrafında ağır vuruşlar gedirdi. Biz faşist təyyarələrinin atəşləri altında Kuybışevdən Saratova neft kəməri çəkirdik. İşə başladıqda bizi bir sual düşündürürdü: boruları hardan əldən etmək?
Bu vaxt biz Bakı-Batumi neft kəmərinin borularını demontaj edərək bu borular vasitəsilə Saratovdan da Kuybışevə neft kəmərini çəkə bildik».
Yaxud, müəllif məqalədə qeyd edir ki, M.C.Bağırov 1931-ci ildə Stalin tərəfindən Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsinə təyin edilir və sonra yazır ki, Bağırov çar ordusunun zabiti olubmuş. Mən (müəllif), həmin məqaləni yazana xatırladıram ki, M.C.Bağırov 1933-cü ildən AK (b)P MK-nın I katibi seçilir və o, heç vaxt çar ordusunun zabiti olmamışdır. Yaxşı olar ki, məqalənin müəllifi kitabda M.C.Bağırov haqqındakı tərcümeyi-halı diqqətlə oxusun.
Məqalədə guya müstəntiqlər tərəfindən M.C.Bağırovun ünvanına söylədikləri söyüşlərin müəllif tərəfindən hərtərəfli verilməsi məni (A.M.) çox hiddətləndirdi. Axı sual olunur ki, harda görünüb ki, istənilən müttəhim müstəntiq tərəfindən söyülsün və söyüşlər olduğu kimi istintaq protokoluna yazılsın. Ona görə də bütün mətbuat işçilərindən xahişim odur ki, bu cür məsələlərə diqqətlə yanaşsınlar və heç kimin də M.C.Bağırovu təhqir etməyə hüquqi cəhətdən əsası yoxdur.
Bu günə qədər bu məhkəmə prosesi barədə çox danışılıb və orada olan ittihamlarada ziddiyyətli münasibətlər olub. Ancaq yenə də bu məhkəmədə M.C.Bağırova qarşı səslənən, bəzi ittihamlara münasibət bildirmək istəyirəm. Belə ki, «M.C.Bağırovun məhkəməsi» kitabında, səh. 33 – 37, 37 – 40-da qeyd edilir:
«Biz artıq göstərmişik ki, 1917-ci ildə Qubada Əlibəy Zizinskinin Bağırovdan başqa köməkçisi iri mülkədar ailəsindən olan əksinqilabçı, müsavat parlamentinin üzvü Qazı Əhməd bəy Məhəmmədbəyov idi.
Azərbaycan sovetləşəndən sonra Məhəmmədbəyov heç bir repressiyaya uğramayıb, Mahaçqala şəhərində yaşayıb, hüquq məsləhətçisi işləyirmiş. Bağırov bundan xəbərdar olmaya bilməzdi. Çünki 1936-cı ilin fevralında Məhəmmədbəyov Triniçin işi üzrə şahid sifətilə dindirilirmiş. O vaxt öz ifadələrində Məhəmmədbəyov göstərirdi ki, Bağırovla birlikdə o, qəza komissarı Əlibəy Zizinskinin müavini vəzifəsində çalışırmış. Ancaq Bağırov Zizinskinin birinci müavini olduğundan o, Əhməd Əfəndinin (Triniçin) 1918-19-cu illərdə Qubadakı fəaliyyəti barədə daha ətraflı məlumat verə bilər. Bağırov Məhəmmədbəyovun bu ifadələrindən xəbərsiz ola bilməzdi.
Əlində həmin şəxsləri cinayətkar kimi xarakterizə edən kifayət qədər material olmasına baxmayaraq, Bağırov uzun illər boyu qolçomaq Camal Mirzəyevə, onun oğulları Cəmil və Şamilə himayədarlıq etmişdir.
Bağırovun antisovet ünsürləri qorumasına və onlara himayədarlıq etməsinə daha bir nümunə keçmiş müsavat pristavı və siyasi quldur, çar zamanı xidmət etmiş Qiyas bəy Cahangir bəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çıxardı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi.
O illərdə Azərbaycan BSİ işçiləri arasında Şıxlinski daima Bağırovla yaxınlığını qeyd edirdi.
1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı, orada türk kəşfiyyatı ilə əlaqə yaradıb, SSRİ ərazisinə silahlı basqınlar etdi.
İstintaq zamanı Bağırov təsdiq etdi ki, Şıxlinskini o üzə çıxarıb. Ancaq ona himayədarlıq etmək və müdafiə etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 avqustunda dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu təkzib etdi:
«Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski sovet hökumətinə heç bir yardım göstərməyib və heç bir xeyirli iş görməyib.
Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.
Təqribən 1930-cu ildə yerli hökumət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı».
Bu ifadələri istintaq zamanı müttəhim Borşev də təsdiq etdi:
«Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu yaxşı tanıyır. O vaxtlar Şıxlinski bununla fəxr edirdi.
İndi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siyasi İdarəsinin rəhbər işçiləri arasında dəfələrlə Bağırovla yaxın münasibətindən danışırdı».
Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə sübut olunur.
Gəncə vilayət şöbəsinin rəisi Şıxlinskinin ağır cinayətlərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olunmadı. Bundan əlavə, Şıxlinski 1930-cu il mayın 12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətində şübhələndiklərindən şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur:
«Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin».
Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıxlinskiyə o vaxtlar Azərbaycan BSİ Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 №-li arayış verildi. Həmin arayışda Şıxlinskinin 7 nəfər silahlı yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu.
Bu cür elementlərin və yaxın adamların qorunmasına bir nümunə kimi Əlipənah bəy Şəfibəyovu da göstərmək olar. Bəy nəslindən olan Şəfibəyov sovet hökumətinin düşməni idi. Müsavat zamanı Qubada müsavat partiyası qəza komitəsi sədrinin müavini idi. Şəfibəyov ilk dəfə 1927-ci ilin aprelində həbs olunmuşdu, lakin Beriyanın təsdiq etdiyi qərara əsasən, istintaq aparılmadan həbsdən azad edilmişdi. Şəfibəyovun hansı sənədlərə əsasən həbs olunması barədə materiallara rast gəlmədik.
İkinci dəfə Şəfibəyov 1930-cu ildə həbs olunub. Bu dəfə Şəfibəyov antisovet fəaliyyətdə ittiham olunurdu. Həbsə alınarkən, ondan türk nümunəli tüfəng və ona müvafiq 30 patron alınmışdı.
Lakin cinayət dəlilləri olmasına baxmayaraq, Bağırovun sədrliyi ilə 1930-cu ilin 16 martında keçirilmiş Azərbaycan BSİ-nin kollegiyası Şəfibəyovun işinə xitam verdi.
Müsavat partiyası şöbəsinin təşkilatçısı Rüstəmov Əbil Qasım da repressiya olunmadı. Sovet ordusu Qubaya daxil olanda o qaçıb gizləndi, 1923-cü ildə isə Bağırov tərəfindən üzə çıxarıldı. Bundan sonra o, Qubada yaşayır, 11 №-li sovxozda yanğından mühafizə idarəsinin rəisi işləyirdi.
Bağırovun Azərbaycan BSİ-də xidməti müddətində dəfələrlə Rüs-təmovun həbsi və məsuliyyətə cəlb olunması məsələsi ortaya çıxarıldı, ancaq Bağırov buna icazə vermirdi. Bu məsələ ilə bağlı şahid A.M.Qasaımov belə ifadə vermişdir:
«Mən özüm bilirəm ki, Qubada müsavat partiyasının təşkilatçısı Əbil Qasım Rüstəmovu üzə çıxaran Bağırovdur. Müsavatçıların Quba üzrə başçısı 1920-ci ilin 27 aprelində (sovet ordusu daxil olan gün) Qubadan qaçıb haradasa gizləndi.
Onun harada gizlənməsi Bağırova bəlli olmalıdır. 1923-cü ildə o, yenidən peyda oldu və Bağırovun köməyi ilə üzə çıxdı.
1925-ci ildə mən Azərbaycan BSİ aparatında işlədiyim vaxt Bağırov qarşısında onun məsuliyyətə cəlb olunması barədə məsələ qaldırdım, Bağırov buna qol qoymadı və dedi ki, qoy o yaşasın».
Qasımovun verdiyi bu ifadəni müttəhim Atakişiyev də təsdiq etdi. O göstərdi ki, Əbil Qasım Rüstəmov barədə materiallarda Bağırov məlumatlandırılırdısa da, Rüstəmovun həbs edilməsi haqda göstəriş vermirdi.
Bu barədə Bağırovun özünə sual veriləndə göstərdi ki, o, Əbil Qasım Rüstəmovu müsavatçı kimi tanıyır və ona elə gəlir ki, o artıq güllələnmişdir.
İstintaqdan həmçinin məlum olub ki, Bağırov iri mülkədar, bəy ailəsindən çıxmış Məmməd Aslan oğlu Sarıcalinskiyə (Mirzəyevlərin qohumu) də himayədarlıq etmişdir. 1917-ci ildən 1920-ci ilədək Sarıcalinski müsavat ordusunda zabit kimi xidmət edib, orada da hərbi məktəbi bitirib. Sarıcalinskinin qardaşı Qiyasbəy də müsavat ordusunda zabit olub və həmin üsyanda iştirak edib: 1929-cu ilədək onun qolçomaq təsərrüfatı olub.
O biri qardaşı – Zülfüqarbəy sovetləşmə dövründə əhaliyə divan tutur, mal-qaranı qaçırdırmış, buna görə də həbs olunub və Ağdam həbsxanasında vəfat edib.
Sarıcalinskilərin yaxın qohumlarından biri – Sürxanbəy Sarıcalinski sürgün olunub, digəri – Məmişbəy Kələ Bedinski İrana mühacirət edib.
Bütün bu məlumatlar Azərbaycan XDİK işçilərinin 1938-ci ilin 25 iyununda tərtib etdikləri arayışda göstərilib.
Bu cür tərcümeyi-hal göstəricilərinə baxmayaraq, Sarıcalinski 1921-ci ildə «ÇK»-ya işə götürüldü – əvvəlcə süvari diviziyasına, sonra isə sərhəd qoşunlarına. O, bir müddət Bağırovun özü ilə birgə xidmət sıralarına da soxulmuşdur.
1938-ci ildə Sarıcalinski nəhayət ki, XDİK orqanlarından qovulanda Bağırova ərizə yazıb, onunla düzgün rəftar etmədiklərindən şikayətləndi. Yuxarıda göstərilən 25 iyun 1938-ci il tarixli arayış da elə bu ərizə ilə bağlı tərtib olunmuş, orada Sarıcalinskinin XDİK orqanlarından qovulma səbəbləri göstərilmişdi.
İyunun 26-da Sarıcalinski, Bağırovun adına teleqram vurdu və bildirdi ki, Sarıcalinskinin işə göndərilməsi barədə Bağırovun Xalq Daxili İşlər Komissarlığına göstərişi yerinə yetirilmir, odur ki, o, Bağırovun müvafiq sərəncamını gözləyir.
Bu teleqramın üzərində Bağırov 1938-ci ilin 26 iyununda aşağıdakı dərkənarı qoyub:
«Yol. Rayevə və Borşevə. Üzr istəyirəm ki, sizin ikinizə də birdən müraciət edirəm. Xatırlaya bilmirəm ki, onu işə düzəltmək barədə hansınızdan xahiş etmişdim. Təkrar xatırladıram, xahiş edirəm – insanı tamamilə məhv etməyə lüzum yoxdur».
Bağırov Sarıcalinski barədə suala belə cavab vermişdi ki, o, Məmməd Sarcalinskini 1921-ci ildən tanıyır. Sarıcalinski müsavat zabiti olub, 1938-ci il iyunun 25-də tərtib olunmuş arayışdan onun xəbəri yoxdur, dərkənarı da Sarıcalinskinin ərizəsinə və teleqramına əsasən yazıb.
Keçmiş Bakı neft milyonçusu Əsədullayevin oğlu, keçmiş milyoner Tağıyevin kürəkəni, çar ordusunun poruçiki, fevral inqilabından sonra Ba-kıda «Vəhşi diviziya» təşkil edən, 1918-ci ildə sovet ordusuna qarşı mübarizə aparan Əli Əsədullayev 1921-ci ilin dekabrında Gürcüstanda həbs olundu.
Beriyanın imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba əsasən Əsədullayevi Azərbaycan FK tələb etdi. Ə.Əsədullayev Beriyanın imzaladığı 30 dekabr 1921-ci il tarixli orderlə həbsdən azad edilib, Bağırovun sərəncamına göndərildi. İş üzrə heç bir təhqiqat aparılmadı.
Sonralar Əli Əsədullayev Bakı cıdır meydanında işləyirmiş, daha sonra isə arvadı ilə birlikdə İrana qaçıb.
Müttəhim Bağırov bu barədə istintaq zamanı bildirdi ki, Əsədullayevin nə üçün istintaqa cəlb olunması və həbs edilməsindən xəbəri yoxdur.
Şahidlər Qasımov Əyyub Mikayıl oğlu, Mehdiyev Əliqulu Gür oğlu göstərdilər ki, Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş».
XX əsrin sonunda Azərbaycan xalqı öz müstəqilliyini yenidən qazandıqdan sonra sovet rejimi tərəfindən bizə qadağa qoyulan məsələlərə yenidən baxmağa məcbur olduq.
Əgər bu ittihamlar o dövr üçün M.C.Bağırova qarşı nə qədər kəskin səslənirdisə Müstəqil Azərbaycanımızın müasir dövründə isə yuxarıdakı ittihamlar əsərimizin qəhrəmanının bir o qədər də milli təəssübkeşliyindən xəbər verir. Ona görə də hər hansı bir şərhə ehtiyac duymuram.
Yaxud digər ittiham («M.C.Bağırovun məhkəməsi» kitabı, Səh. 81-87).
Şahid Əli Əşrəf Əlizadə;
“Geologiya-mineralogiya elmləri doktoru, professor, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycan KP MK-nın keçmiş 2-ci katibi, hazırda Türkmənistan Dövlət Universitetinin geologiya kafedrasının müdiri:
Mir Cəfər Bağırov öz işi və fəaliyyəti barədə kiçicik bir tənqidə də döz-mürdü, onun haqqında öz şəxsi fikrini bildirməyə cəsarət edənləri hər cür təqib edirdi. Onu tənqid edənlərə qarşı kinli və amansız olan Bağırov «günah işlədənləri» «yerində oturtmağa» çalışırdı.
Bu hadisə 1947-ci ildə baş verdi. Arvadım Qəmər onun ögey qardaşı Mustafayev (o vaxtlar dövlət təhlükəsizlik nazirinin müavini işləyirdi) və Mustafayevin arvadı Zina mənim mənzilimdə oturub söhbət edirdik. Otaqda kənar adam yox idi. Hətta qulluqçu da evdə deyildi. Söhbət Bağırovun Zuğulbadakı bağından düşdü. Mən dedim ki, Bağırov evdə yaşamaq barədə özgələrinə ağıl öyrədir, özü isə ölkənin müharibədən çıxdığı indiki şəraitdə nəhəng, çoxlu vəsait tələb edən hovuzlar tikdirir. Neft sənayesi işçilərininsə istirahət evi yoxdur. Bu hovuzların tikintisinə neft sənayesinin materialları sərf olunur. Həmin tikintidə yüzlərlə əsgər tər tökür. Yaxşı olardı ki, onlar Bağırovun bağında hovuz əvəzinə neftçi fəhlələr üçün istirahət evi tikəydilər.
Mustafayev də mənimlə razı olduğunu bildirdi.
Ertəsi gün Mustafayev dövlət təhlükəsizlik naziri Yemelyanovun yanına çağırıldı. Yemelyanov ona bildirib ki, mənimlə olan söhbət ona məlumdur. Mustafayevin dediyinə görə, o, hətta sözbəsöz həmin söhbəti təkrar edib. Biz başa düşdük ki, söhbətimizə hansı vasitəyləsə gizlicə qulaq asıblar.
Yemelyanov söhbətimizin tam mətni yazılmış hansısa sənədi Mustafayevə təqdim edir. Mustafayevsə bunun ciddi repressiyalarla nəticələnəcəyini duyaraq, Bağırov barədə söhbəti qətiyyətlə boynundan atır.
Yemelynovla söhbətdən dərhal sonra Mustafayev dövlət təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olunur, sonra isə partiyadan xaric edilir.
Bundan sonra Bağırov mənə Moskvadan zəng vurub «vicdanı ləkəli olan» Mustafayevlə hər cür əlaqəni kəsməyi və onu evimə buraxmamağı tapşırdı.
Elə həmin 1947-ci ildə həkim Cavadov Moskvaya imzasız məktub yazaraq, Bağırov və Teymur Quliyev barədə bəzi məlumatlar verirdi. Əsasən onu göstərirdi ki, onlar dəbdəbəli həyat sürür, bağ meyvələrinin alverilə məşğul olur və s.
Cavadovun imzasız məktubları Moskvadan Bakıya Bağırovun üstünə göndərildi. Bağırov da həmin məktub müəlliflərini müəyyənləşdirməyi Yemelyanova tapşırdı. Müəyyən olunurdu ki, həmin imzasız məktubları arvadı Firuzənin (Firuzə mənim arvadım Qəmərin ögey bacısıdır) və qayınanası Xavər Rəşidzadənin iştirakı ilə həkim Cavadov yazıb.
Bağırovun göstərişi ilə hər üçü: Cavadov, arvadı və qayınanası Xavər həbs edildi. Həm də Xavər qabaqcadan düzülüb-qoşulmuş plan əsasında mənim mənzilimdə, qızı Qəməri yoluxmağa gələrkən həbs edildi.
Qayınanam Xavərin bu şəkildə həbs edilməsi bir daha göstərirdi ki, onun mənzilimdə həbs olunması ilə mənə ləkə atmaq istəyirmişlər.
Bundan sonra mən Azərbaycan KP MK-nın büro yığıncağına çağırıldım. Burada məlumat verən Atakişiyev mənə böhtan ataraq bildirdi ki, bütün imzasız məktublar mənim rəhbərliyim altında yazılırmış və mən buna görə cəzalanmalıyam. Mən imzasız məktublardan xəbərsiz olduğumu qətiyyətlə bildirdim».
Belə ki, həqiqətən də belə bir məktub Moskvaya göndərilmiş və M.C.Bağırova qarşı olan, Kremldə əyləşmiş müəyyən qüvvələrin siyasi sifarişinə uyğun şəkildə tərtib olunmuşdu. N.K.Baybakov «ОтСталинадоЕльцина» kitabının 123-cü səhifəsində qeyd edir: «Stalin M.C.Bağırova qarşı məktubda qaldırılan iddiaları təftiş etmək üçün və buradakı faktları yoxlayaraq, sonra şəxsən özünə bu barədə məruzə etməyi SSRİ Dövlət Nəzarət Komitəsinin sədri Mexlisə tapşırır. Partiya Nəzarət Komitəsinin sədr-müavini Yevdokimovun rəhbərliyi altında böyük briqada Stalinin tapşırığından bir gün sonra gözlənilmədən Bakıya gəldi.
M.C.Bağırov başa düşürdü ki, Stalin belə hallarda adətən çox ciddi cəzalandırır. Ona görə də M.C.Bağırovu hər hansı bir fövqəladə hal xilas edə bilərdi ».
SSRİ dövlət nəzarət komitəsinin sədri Lev Mexlislə M.C.Bağırov arasında ziddiyyət hələ 1942-ci ildən başlayırdı. Belə ki, 1942-ci ildə ali baş komandanlığın Krım cəbhəsi üzrə nümayəndəsi Mexlis hərbi əməliyyatlara rəhbərlik edirdi. M.C.Bağırov Kerç yarımadasındakı hərbi əməliyyatların uğursuzluğa uğramasında və minlərlə azərbaycanlının yarıtmaz hərbi taktika ucbatından məhv olmasında Lev Mexlisi günahlandırırdı. M.C.Bağırov Stalin qarşısında bu barədə məruzə ilə çıxış edir və nəticədə Lev Mexlis Krım cəbhəsindən geri çağırılaraq səlahiyyətləri əlindən alınır.
Mənə (A.M.) elə gəlir ki, M.C.Bağırovun köməyinə burada yenə də L.P.Beriya gəlir.
Ona görə ki, N.K.Baybakov öz kitabında qeyd edir ki, M.C.Bağırov hardansa Yevdokimovun «gözəl qadınların» peşəkar alüdəçisi olduğunu öyrənir. Görünür, bu mərhəm məsələləri yalnız daxili xüsusi xidmət orqanlarına uzun illər rəhbərlik edən L.P.Beriya bilə bilərdi.
Belə ki, N.K.Baybakov öz kitabında qeyd edir:
«M.C.Bağırov süni surətdə Yevdokimovun Mahaçqalaya gedişini təşkil edir və bu səfər zamanı Bakının «gözəl qadınlar»ından bir nəfər onu müşayiət edir. Bu səfərin səhəri günü artıq Stalinin Kremldəki iş stolunun üstündə Yevdokimovun bu «gözəl qadın»la intim fotoşəkilləri peyda olur».
Ölkə.az