Onların əksəriyyəti xaricdə təhsilə önəm verir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu ilin məzunu olan abituriyentlərin I və IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. I qrupdan 5, IV qrupdan 2 nəfər 700 bal toplayıb. Telqraf.com həmin abituriyentlər haqqında oxucularına məlumat verir.
Könül Qurbanlı: “Ya Diplomatik Akademiya, ya da Bakı Ali Neft Məktəbini seçəcəm”
I ixtisas qrupu üzrə imtahan verən Könül Qurbanlı Azərbaycan bölməsi üzrə “Zəngi” liseyinin məzunudur. O, texniki elmlərə meylini gendən gəlməsi ilə izah etdi. Bildirdi ki, atası da, anası da riyaziyyatçıdır: “Babam, atam, bibim riyaziyyat müəllimləridir, ana tərəfdə texniki fənlərlə bağlı ixtisaslara üstünlük verənlər çoxdur”.
Ona görə də valideynləri üçün 700 bal gözlənilən nəticə olub. TQDK-nın sınaqlarında isə 690 bal toplayıb.
Hansı ixtisası seçəcəyini tam müəyyənləşdirməyib: “İki universitet arasında qalmışam. Diplomatik Akademiya, yaxud Bakı Ali Neft Məktəbini seçmək niyyətindəyəm. Çünki bu ali məktəblər ingilis dilində təhsil, xaricdə təhsili davam etdirmək və qurtarandan sonra işlə təminat vəd edir”.
Könül Qurbanlı əlavə olaraq “Araz” kurslarına da gedib.
Ağdam köçkünü Eltun İbrahimov: “Kompüter mühəndisi olacam”
Eltun İbrahimov Kimya-biologiya təmayüllü liseyin məzunudur. Üç uşaqlı ailənin üçüncüsüdür. Qardaşı Sumqayıt Dövlət Universitetində, bacısı Pedaqoji Universitetdə tələbədirlər. Atası “Bakıelektrik” ASC-də qaynaqçı işləyir. Anası ixtisasca neft mühəndisi olsa da evdar qadındır.
Eltunun ailəsi Ağdamın Ağdamkənd kəndindən məcburi köçkündür. Hazırda ailə “Koroğlu” metrosu yaxınlığında, Daxili İşlər Nazirliyinin yataqxanasında məskunlaşıblar. Eltun hansı ixtisası seçəcəyini dəqiqləşdirib. Bakı Ali Neft məktəbində təhsil alacaq, kompüter mühəndisi olacaq.
Məmməd Hacılı: “Seçimim Qafqaz Universitetidir, çünki...”
Məmməd Hacılı Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialının Azərbaycan bölməsinin məzunudur.
O, əlavə hazırlığa getmədiyini, Cağ Öyrətim İşlətmələri sistemində keyfiyyətli təhsil aldığını deyir: “Son iki ildə ciddi hazırlaşmışam, amma əlavə hazırlığa getməmişəm. Çünki liseydəki dərs proqramımız mükəmməl idi. Artıq seçimimi etmişəm – Qafqaz Universitetində kompüter mühəndisliyi fakültəsində oxumaq istəyirəm. Çünki Qafqaz Universiteti keyfiyyətli təhsil verir. Birinci kursu bitirdikdən sonra təhsilimi İngiltərədə davam etdirmək barədə də düşünürəm”.
Fatimeyizəhra Nəbizadə: “Yüksək nəticə üçün çox çalışdım”
Fatimeyizəhra Nəbizadə Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) məzunudur. O da 700 bal toplayan digər həmkarları kimi xaricdə təhsilə üstünlük verir, amma hələ bu barədə ata-anasının nə qərar verəcəyini gözləyir: “Yüksək nəticə əldə etmək üçün özümə plan qurmuşdum, istirahətə də vaxt ayırmaqla yanaşı, ciddi hazırlaşırdım.
İxtisas seçimimi dəqiqləşdirməmişəm. Mexanika mühəndisliyində oxumaq istəyirəm. Xaricdə təhsil barədə düşünsəm də, buna ailəmlə birlikdə qərar verəcəyik. Çünki artıq bir qardaşım xaricdə təhsil alıb, bacım da xaricdə oxuyur. Ona görə ailəmizin imkanlarını nəzərə almalıyıq”.
Fatimeyizəhra ailədə üç uşağın üçüncüsüdür. Adı da bizdə maraq doğurdu. Dedi ki, o, doğulmazdan əvvəl anası yuxusunda görüb.
Texniki fənlərə olan marağı da ailənin bu sahəyə meylindən gəlir. Atası da, qardaşı mühəndisdir. O, "Araz" kurslarına da gedib.
Nurlan Quluzadə: “Olimpiadalarda fəal olmuşam”
Nurlan Quluzadə “Zəkalar” liseyinin məzunudur. Respublika və Bakı şəhəri üzrə olimpiadalarda fəal olub. Sınaqlarda adətən, 650-dən çox nəticə göstərən Nurlan yüksək bal toplayacağına əminmiş. Mühəndis olmaq istəyir.
Ali məktəb seçimi isə Bakı Ali Neft Məktəbi, yaxud Azərbaycan Diplomatik Akademiyası olacaq: “Mühəndis olmaq öz istəyimdir. Amma hansı sahə üzrə mühəndis olacağımı dəqiqləşdirməmişəm”.
Ailənin ikinci uşağı olan Nurlanın özündən böyük bacısı ingilis dili üzrə ali təhsil alır.
İlkin Məmmədzadə: “İnternetə yalnız dərs hazırlıqlarına görə daxil olurdum”
IV ixtisas qrupu üzrə 700 bal toplayan İlkin Məmmədzadə Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunudur. 700 bal topladığı üçün müəllimlərinə minnətdar olmaqla yanaşı, əlavə hazırlıq keçdiyini də bildirdi: “Məzun olduqdan sonra qəbul imtahanlarına qədər də, Bakıya gələndən sonra davamlı olaraq hazırlaşdım. İnternetə yalnız Tibb Universitetinə hazırlıqla əlaqədar daxil olurdum”.
İlkin Tibb Universitetinin müalicə işi ixtisasını seçəcək, amma xaricdə təhsilə də önəm verir. Atası hərbçi həkim, anası isə evdar qadındır. Valideynləri Bakıda yaşayır. İlkin isə Ağdamda nənə-babasının yanında qalıb.
Nicat Qasımov: “Biz ailəlikcə həkimik”
Nicat Qasımov Ağsu rayonu 1 saylı şəhər orta məktəbin məzunudur. IV qrup üzrə 700 bal toplayan Nicat Tibb Universitetinin müalicə işi ixtisasını seçmək arzusundadır.
Nicat xaricdə təhsil təklifi alsa, dəyərləndirməyi düşünür. Həmyaşıdlarına tövsiyə edir ki, internetlə yalnız dərs hazırlıqlarına görə girsinlər. Ona görə də Nicat sosial şəbəkələrə maraq göstərmir.
Nicat TQDK-nın və "Araz" kurslarının sınaq imtahanlarında adətən, 680 ətrafında bal toplayıb. Son iki ildə fərdi müəllimlə hazırlaşıb.
Nicatgil ailəlikcə həkimdir. Atası, da anası həkim işləyir, böyük bacısı isə Tibb Universitetində təhsil alır.
Sevil HİLALQIZI