-Aysel xanım, kitabınızın imza günü “Çərçivə” şeirinə çəkilən klipin təqdimatını da keçirəcəksiz. Elə söhbətə də bundan başlamaq istəyirəm. Niyə məhz “Çərçivə”?
- Rejissor Fuad Əlişovla illərin dostuyuq. Bir dəfə təklif etdi ki, gəl, bərabər bir iş görək. Dedim, istəyirəm şeirimə qısa film çəkilsin. Təklifimi bəyəndi. Ona bir neçə şeir göndərdim, içərisindən “Çərçivə”ni seçdi. Elə oxucuların daha çox diqqətini çəkən, paylaşımlarda öncə keçən şeir də “Çərçivə” olub.
-Şeirinizi özünüz səsləndirmisiniz?
-Bəli, şeiri mən səsləndirmişəm. Klipdə fon musiqisi Sezen Aksunun orkestrdə ifa olunan gözəl mahnılarından biridir. Fuad Əlişov bu balaca klipdə bütün Aysel Əlizadəni ifadə edib.
Əslində klipin təqdimatını keçirmək fikrim yox idi. Sadəcə dostlarım, zövqünə güvəndiyim insanlar çox təkid etdilər.
-Çəkilişləri harda aparılıb?
-Çəkilişlər bir neçə məkanda aparılıb: evdə, dəniz kənarında. Fuad ancaq məni çəkib. Hərçənd Fuada başqa əlavə də təklif etmişdim, amma razılaşmadı. Dedi, klipdə bütünlüklə səni ifadə etmək istəyirəm.
- Səhv etmirəmsə, üçüncü, ya da dördündü klipinizdir... Öncəkilər mahnı ifanızla yadda qalmışdı. Daha oxumaq istəmirsiniz?
-Elə bu klipdə də Sezen Aksunun mahnısının bir- iki misrasını ifa etmişəm. “Çərçivə” şeirlə ilk klipimdir. Musiqi elə bir sehrdir ki, bütün insanların içində səltənətini qurub. Hamı zümzümə edir, hamı özündə olan duyğuları mahnı ilə ifadə etmək ehtiyacı duyur. Çünki hər kəsin içində bir sənətçi yaşayır. Əlbəttə, mən də hərdən oxumaq istəyirəm. Studiyada mahnı yazdıranda səs rejissoru dedi ki, siz bu cür səsi niyə gizlədirsiniz?
Çox yerə parçalanmaq olmur. Yazı məni daha çox cəlb edir. Müəyyən nüanslar var ki, onu yazı ilə ifadə etmək daha rahatdır.
-Gələk, “Qadın peyğəmbər”ə... Bu romanla nəyi ifadə etməyə çalışmısınız?
-Bu, kitabın nəşrinin ikinci seriyasıdır. Kitabın ilk səhifələrində birinci seriyadan sonra mənə yazılan məktubların bir hissəsi yer alır. Çünki mənə o məktublar çox təsir etmişdi. Hələm-hələm tənqidçi bir kitabı və onun içindəkiləri bu qədər ürəklə hiss etmir.
Bununla oxucunun yazıçının həyatında nə qədər önəmli rolu olduğunu ifadə etmək istədim.
Kitabda məişətdən bəşəriyyətə qədər çox maraqlı nüasnlara toxunmuşam. O vaxt kitabın piarı ilə çox məşğul olmadım. Çünki ehtiyat etdim, kitabın bir az dini, bir az da siyasi motivi var.
- Daha çox nədən ehtiyat etdiniz?
- O dönəmlərdə ətrafımda çox böyük hay-küy qopdu. Bəzi yazılarım çox müzakirə olundu, mənə qarşı təzyiqlər artdı. Dalaşmağa həvəsim yox idi. Bir oxucu məni tapıb yazmışdı ki, niyə kitabda Məhəmməd peyğəmbərin adını yazmamısınız. Ona görə fikirləşirdim ki, kitab qalıb, öz həyatını yaşasa daha yaxşı olar.
Amma Azərbaycanda elə bir mühit var ki, kitabı hər gün, hər saniyə təbliğ etməlisən. Həm də satışa çox az sayda kitab vermişdik. Bunun da səbəbi kitabın satışında mövcud olan sistemsizlikdir. Bizdə bununla məşğul olan şirkətlər demək olar ki, yoxdur. Mənim də buna nə vaxtım, nə də hövsələm var.
- Amma hər bir yazıçı yazısının oxucuya çatmasını istəyir.
- Ona görə biz məcbur olub həm yazırıq, həm çap edirik, həm mağazalara veririk, həm də gəliri ilə maraqlanmalı oluruq... Bu, çox uzun, çətin prosesdir. Tək bir səbəb deyil, səbəblər çox idi. Tənbəllik də etdim... Oxuyanlar deyirlər ki, mütləq imza günü keçirin, bu kitabı kölgədə qoymaq olmaz. Ən azı adı elə inqilabdır.
- Özünüz belə adlandırdınız, yoxsa məsləhətləşib bu qərara gəlmisiniz?
- Yox, özüm seçmişəm. Amma onu deyim ki, mən dost seçdiyim adamların zövqünə güvənib, onlarla məsləhətləşməyi sevirəm. Komanda işinə çox etibar edən adamam. Adi yazı da yazanda redaktorsuz onu çapa vermirəm.
- O siyahıda kimlər var?
- Kitablarımı Rəbiqə Nazimqızı ilə redaktə etmişik. Onun şeir, yazı duyumuna çox inanıram. Azər Ayxan yazılarımın redaktorudur. Qabil Abbasoğlu ilə məsləhətləşirəm, siyasi yazılarımda İqbal Ağazadənin, Ramin Hacılının rəyi ilə hesablaşıram.
- Adətən imza günlərinin, təqdimatların yeksənək və təkrarçılıqla keçdiyini deyirlər. Sizin təqdimat nə ilə fərqlənəcək?
- Adətən, bizim tədbirlərə yazarın çevrəsi qatılır. Mən istəyirəm ki, burda daha çox oxucular olsun. Yaradıcılığım barədə onların fikrini öyrənmək istəyirəm. Fərqlilik o olacaq ki, mən oxuculara çıxış üçün söz verəcəm.
İndi bizdə insanların rəyi nəyə xərclənir? Qeybətə, dedi-qoduya, qınağa... Fikrimcə, insanların rəyini dedi-qodudan, söz bazlıqdan daha peşəkar müstəviyə qaldırmaq, daha ciddi mövzularda insanların fikirlərini eşitmək janrına keçid etməliyik. Bu cəmiyyətin aydınları insanlarla sənət, daha ciddi məsələlər ətrafında söhbətləşəndə həmin insanlar özlərini bu işin iştirakçısı kimi hiss edəcək və iştirak edəcəklər də...
Və bu, əslində “gəlin, birlikdə cəmiyyətimizi inkişaf etdirək” iş birliyinə dəvətdir.